Abu-Dabi Dövlət Universitetinin əməkdaşı
Əmirliyə tarixi səyahət - Hər bir xalq dünyada özünəməxsus tarixi və mədəniyyəti ilə tanınır.
Tarixin səhifələrinə bələdçilik edən, zəngin və dəyərli eksponatları ilə qədim tarixi, zəngin mədəni irsi, ötən dövrlərin hadisələrini və şəxsiyyətlərini özündə əks etdirən, maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylər həm də elm, maarif ocaqlarıdır. Təsadüfi deyil ki, bu və ya digər ölkəyə səfər edən turistlər getdikləri ölkə haqqında ətraflı məlumat əldə etmək üçün muzeylərə üz tuturlar. Bеlə ki, istənilən ölkənin tаriхi, mədəniyyəti, həyat tərzi, аdət-ənənəsi ilə maraqlananlar üçün məhz muzeylər əvəzolunmaz məkandır.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hal-hazırda mahiyyətinə görə müxtəlif təmayüllü dövlət, tarix, dini,memorial, ədəbiyyat, incəsənət, qoruq, məktəb muzeylər fəaliyyət göstərir.
"əl-Fheydi Qalası"
Möcüzələr məkanı olan Dubayın mərkəzində yerləşən "əl-Fheydi Qalası" müair şəhər içində qədim şəhər harmoniyasının təcəssümudür.
"əl-Fheydi Qalası" Bar-Dubayda, körfəzin cənub sahilində şəhərin müdafiəsi məqsədi ilə islam memarlığı üslubunda 1787-ci ildə inşa edilib və əmirlikdə qədim tarixi qalalardan biridir. Qalanın ərazisində müşahidə və müdafiə təyinatlı üç bürc inşa olunub. Cənub-qərbdə və şimal-şərqdə dairəvi, şimal-qərbdə isə düzbucaqlı formalı olan bürclər şəhəri dənizdən və qurudan olan təhlükələrdən, hərbi hücumlardan qoruyurdu. İkimərtəbəli olan dairəvi bürcün altında silah-sursat yerləşdirmək üçün anbar tikilmişdir. Qala hasarının hörgüsündə mərcan qayalığından kəsilən dəniz daşları, əhəng məhlulu və yerli xurma ağaclarının gövdələrindən istifadə olunub. Qalanın biri böyük, digəri isə kiçik olmaqla iki giriş qapısı vardır. Dəmirlə işlənmiş qalın və ağır iri darvazanın üzəri islam memarlığına xas olan naxışlarla bəzədilmişdir və qapının yuxarı hissəsində ərəb əlifbası ilə "ya Allah ya Muhammed" sözləri həkk edilmişdir. Adətən iri darvaza bağlı olduqda kiçik qala qapısından istifadə olunurdu.
"əl-Fheydi Qalası" mühüm hərbi istehkam olaraq XVIII əsrdə Dubay əmirliyinin əsasını qoyan əl-Məktumlar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə, iqamətgahına çevrilmişdi. Ölkənin hakim ailəsi əl-Nəhiyanlarla yaxın qohumluq əlaqəsində olan əl-Məktumlar əslən Abu-Dabi əmirliyindən olan Bəni-Yas qəbiləsinin əl-bu-Fələsi sülaləsinə mənsubdurlar. 1833-cü ildə Şeyx Məktum bin-Batı əl-Məktum Bəni-Yas qəbiləsinin 800 nəfərlik üzvü ilə birlikdə sahilyanı qəsəbə olan Dubayda məskunlaşaraq müstəqil Dubay əmirliyinin əsasını qoymuşdur.
1894-cü ildə əmirliyi idarə edən Şeyx Maktum bin Haşr əl-Maktum qalanı tərk edərək Dubayın "Şandağa" adlanan ərazisindəki yeni sarayına köçür. 1896-cı ildən qaladan dövlət qəsri, şəhər məhkəməsi, hərbi qornizon və həbsxana kimi istifadə edilmişdir.
1970-ci ildə Dubay hakimi Şeyx Raşid bin Said əl-Maktumun əmri ilə qalada təmir-bərpa işlərinə başlanılır və 12 may 1971-ci ildən "əl-Fheydi Qalası" Dubay Milli Muzeyi olaraq fəaliyyət göstərir. 1995-ci ildə isə qalanın 5.3 metr dərinliyində olan yeraltı muzeyi istifadəyə verilir.
Muzeyə daxil olduqda tamaşaçı sərgilənən tarixi eksponatlarla heykəl-fiqurlarin vəhdətində əsrarəngiz ərəb aləminə səyahət etmiş olur. Fəaliyyət dairəsi olduqca əhatəli olan muzeyin unikallığı ondadır ki, sərgilənən heykəl-fiqurlar o qədər yüksək ustalıqla hazırlanıb ki, insan sanki tarixin yaddaşından qopub bu günümüzə gəlmiş gerçək simalarla qarşılaşaraq hansısa tarixi hadisənin, prosesin iştirakçısına çevrilir.
Muzeyin dənizçilik bölümündə tarixən ölkə iqtidasiyyatının simasını əks etdirən balıqçılıq və mirvari hasilatından bəhs olunur.
Əsrarəngiz gözəlliklərlə dolu olan körfəzdə təkcə bir mirvarinin olması onun qiymətli sərvətidir.Ötən əsrlərdən BƏƏ təbii mirvari istehsal edən ölkə kimi dünyada tanınmışdır. 2012-ci ildə Um-əl-Quveyn əmirliyinin körfəz sahilində fransız arxeoloqları tərəfindən aparılan arxeoloji qazıntılar zamanı daş dövrünə aid 7500 il yaşı olan, dünyanın ən qədim mirvarisinin aşkar edilməsi ölkə ərazisinin ən qədim insan məskənlərindən biri olmasını sübut edir. Təbii qiymətli daş hesab olunan mirvarinin canlı varlıqlar tərəfindən möcüzəli yaranışı, növləri, mirvari çıxarılmasında böyük əməyi olan dalğıcların istifadə etdikləri qayıqlar, avadanlıqlar, eləcə də mirvari ilə işlənmiş müxtəlif növ zinət və bəzək əşyaları muzeyə gələnlərdə xüsusi maraq doğurur.
Mirvari ticarətinin genişlənməsi dənizçilik və gəmiçiliyin inkişafına da böyük təkan verdi. Artıq XIX əsrin sonunda əmirlikdə Dubay gəmiçiliyinə xidmət edən tərsanə fəaliyyət göstərirdi. "Qala Qapısı" önündə sərgilənən və qədimliyi ilə insanı heyrətləndirən tarixi gəmi məhz yerli gəmi tərsanəsində hazırlanmışdır. Qalanın həyətində isə yerli ərəblərin keçmişdə balıq ovunda istifadə etdikləri və bu günə qədər qorunub saxlanılan balıqçı qayıqları,xurma ağacından, palma liflərindən hazırlanmış qədim bədəvi evləri, dəyirman daşları, təndirlər, daşdan düzəldilən su quyuları, qalanın müdafiəsində istifadə olunan toplar sərgilənir.
Sahil boyu ərazilərdə yaşayan əhalinin əsas fəaliyyət növlərindən və gəlirli sahələrindən biri olan balıqçılığın tarixi qədimlərə gedib çıxır. Dubay Muzeyi balıqçılığa aid zəngin kolleksiyaya malikdir. Burada nümayiş olunan eksponatlar içərisində balıq ovunda istifadə olunan alətlər, müxtəlif növ balıq torları, balıqçılıq ləvazimatları diqqəti cəlb edir. Körfəz eyni zamanda nadir və qiymətli balıq növləri ilə zəngindir. "Şaeri", "Hamur", "Kanaad", "Anfuz", "Safi" adlanan nadir balıq növləri yalnız körfəzin sualtı aləminə aiddir.
Körfəz sahilində yerləşən Dubay əlverişli liman şəhəri olmaqla yanaşı, ticarət mərkəzi kimi də hələ qədimlərdən məşhurdur. Mirvari və balıqçılıq sənayelərinin sürətli inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə şərait yaratdı. "Suq Bar-Dubay əl-Kebir" (böyük- Bar-Dubay bazarı) adlanan Qədim Bazar meydanı körfəz sahilində geniş ərazini əhatə edirdi. Əsası 1850-ci ildə salınan "Suq Bar-Dubay əl-Kebir" yaxın-uzaq ölkələrdən gələn ticarət karvanlarının və müxtəlif çeşidli mallar daşıyan gəmilərin alış-veriş məkanı idi. Qədim Bazarda ticarət dükanları ilə yanaşı yerli sənətkarların emalatxanaları da fəaliyyət göstərirdi. "Suq Bar-Dubay əl-Kebir" öz qədim və tarixi görkəmini saxlamaqla günümüzədək fəaliyyətini davam etdirir və Şərq aləminin ən mühüm ticarət mərkəzlərindən biridir.
Ticarətin güclənməsi şəhərin sürətlə böyüməsinə və əhalisininin sayının artmasına səbəb oldu. Qonşu ölkələrdən gələn tacirlər vergi ödəmədən sərbəst ticarət imkanı əldə etdikləri üçün şəhərdə məskunlaşmağa başladılar. Buna misal olaraq Bar-Dubayın qədim "əl-Bəstəkiyə" məhəlləsini göstərmək olar. Yerli əhalinin "Fric əl-Bəstəkiyə" adlandırdığı "əl-Bəstəkiyə" məhəlləsi XIX əsrin sonunda İranın Hörmüzgan əyalətinin Bəstək, Ləngə şəhərlərindən gəlmə ərəb əsilli zəngin tacirlər zümrəsi tərəfindən salınıb. Bu səbəbdən də məhəllənin adı Bəstək şəhərinin adı ilə bağlıdır və "əl-Bəstəkiyə" məhəlləsi Milli Mədəniyyət Qoruğu olaraq fəaliyyət göstərir.
Dubay muzeyinin "Təbiət" bölümündə ölkənin təbii sərvətləri, fauna və florası barədə ətraflı məlumat verilir. Bu bölümdə "səhra gəmiləri" adlandırılan uzun boyunlu və birhörgüçlü ərəb dəvələri insanda xüsusi maraq doğurur. Ətindən və südündən qida kimi, yunundan və dərisindən geyim kimi, özündən minik və yük vasitəsi kimi istifadə olunan dəvələr ərəblərin səhra həyatının ayrılmaz hissəsidir. Ən dözümlü heyvan olan dəvə qədim zamanlardan ucsuz-bucaqsız qızmar səhralarda insanların sanki yol yoldaşı olub. Sahibinə sədaqətli, düşməninə qarşı kinli olan dəvənin eyni zamanda ağıllı heyvan adlandırılması təsadüfi deyil. Çünki sahibi yanında olmasa belə səhrada yem axtaran dəvə saxlanıldığı yerə çətinlik çəkmədən qayıdır. "Zibyan", "Souğan", "Amsihan", "əl-Vara" adlı yerli dəvə cinsləri özünəməxsus xüsusiyyətləri, xarici görünüşü, rəngi, rütubət və istiliyə qarşı dözümü, qaçış sürəti, düşməninə uzaq məsafədən qəflətən hücum etməsi ilə fərqlənir.
BƏƏ faunasında əsas yeri tutan heyvanlardan biri də ceyranlardır. Ölkə ərazisində ceyranın bir neçə növü məskunlaşmışdır. "əl-Zabi", "əl-Məhə", "əl-Rim", "əl-Aefri", "əl-Dmani" adlı ceyran növləri BƏƏ dövlətİ tərəfindən xüsusi mühafizə olunur. Gözəllik və zəriflik rəmzi olan ceyranlar ölkə paytaxtının simvoludur və Abu-Dabi şəhərinin adı məhz ceyranın "əl-Zabi" növünün adından götürülmüşdür. Rəvayətə görə şikara gedən Bəni-Yas qəbiləsindən olan ovçu yaralı ceyran balasını təqib edir. Qızmar günəş altında səhrada uzun yol qət edən, susuzluqdan və yorğunluqdan taqətsiz hala düşən bədəvi ovçu su quyusu tapır, amma quyuda su olmur. Bir müddət sonra su quyusunun yanında susuzluqdan ölən ovçunun və ceyranın cəsədlərini tapan qəbilə üzvləri orada məskunlaşaraq həmin ərazini "ceyranın atası" Abu-Dabi adlandırırlar.
al-Ayen Milli Muzeyi
al-Ayen şəhəri Abu-Dabi əmirliyinin tabeliyində ərazisinə görə ən böyük şəhərdir. Yaşıllıqları ilə göz oxsayan, "parklar və bağlar şəhəri" adlandırılan al-Ayen şəhəri füsunkar gözəlliyə malik Bremi vadisində yerləşir və Oman sultanlığının tabeliyində olan Bremi vilayəti ilə həmsərhəddir. Şəhərin ərazisindəki "Cəbəl Hafit" dağı dəniz səviyyəsindən 1240 metr hündürlükdədir və təbii mineral bulaqlarla zəngindir. "Cəbəl Hafit" dağı müalicə əhəmiyyətinə malik isti suyu ilə də şöhrət qazanmışdır. Gözəl təbii mənzərəli İstisu ilin bütün fəsillərində yerli və xarici turistləri özünə cəlb edir.
Şəhər əhalisinin qədimdə əsas məşğuliyyəti əkinçilik, bağçılıq, maldarlıq olub. Şəhər ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələri ərazinin qədim yaşayış məskəni olduğunu sübut edir.
Al-ayen şəhərində zəngin ekspozisiyalı bir neçə muzey fəaliyyət göstərir. Onlardan biri də şəhərin mərkəzində yerləşın al-Ayen Muzeyidir. Muzey 2 noyabr 1971-ci ildə yaradılmışdır. Muzeyin incəsənət şöbəsində müxtəlif növ əmək alətləri, sənətkarlıq nümunələri, əl dəyirmanı, təsərrüfat və məişət əşyaları, musiqi alətləri, tunc və dəmirdən hazırlanan qədim əşyalar, silah kolleksiyasında isə müxtəlif növ qılınclar, xəncərlər və odlu silahlar nümayiş olunur.
Yerli tacirlərin Asiya və Afrika ölkələrindən satın alaraq gətirdikləri orta əsrlər və antik dövrə aid əşyalar muzeyin ən qiymətli eksponatları sırasındadır.
Muzeydəki eksponatlar içərisində milli adət-ənənələrinə sadiq qalan BƏƏ qadınlarının keçmişdə istifadə etdikləri mətbəx ləvazimatları, bəzək əşyaları, ətirlər, təbii bədən yağları, dodaq boyaları, təbii sürmələr, milli geyimləri nümayiş olunur.
Tarixi özündə əks etdirən al-Ayen muzeyində multimedia bələdçisi vasitəsilə müxtəlif dillərdə ölkənin tarixi, mədəniyyəti, adət ənənələri
haqqında ətraflı məlumat əldə etmək mümkündür. Ölkə ərazisindəki şəhərlərin, tarixi qalaların, sarayların müxtəlif dövrlərini özundə əks etdirən, yüksək peşəkarlıqla qurulan maketlər, BƏƏ-də ilk neft quyusunun kəşf olunduğu yer və hasilatı ilə bağlı dəyərli eksponatlar ziyarətçilərin böyük marağina səbəb olur.
Muzeyin hədiyyələr kolleksiyasında müstəqil BƏƏ dövlətinin banisi və ilk prezidenti mərhum Şeyx Zayed bin Sultan əl-Nahiyanın şəxsi arxivindən götürülən, tanınmış siyasi xadimlər və məhşur şəxsiyyətlər tərəfindən ona verilən qiymətli hədiyyələr, gümüşdən hazırlanan qılınclar, xəncərlər, qızıldan hazırlanan xurma ağacları nümayiş olunur.
əl-Ayen Qəsr Muzeyi
"Millət Atası"ndan millətə yadigar qalan qəsr-muzey şəhərin cənub-şərqində yerləşir.
1910-cu ildə hakim əl-Nahiyan ailəsi üçün inşa edilib.Qəsrin ətrafı səhraya sərilmiş yaşıl xalçaya bənzəyən xurma bağları və yaşıllıqlarla əhatə olunub.
XVIII əsrdən Bəni-Yas qəbıləsinə başçılıq etmiş əl-bu-Fəlah sülaləsinə mənsub olan əl-Nahiyanlar 1761-ci ildən ölkənin şərq əyalətlərini idarə edirlər.Oman sultanları ilə yaxın dostluq əlaqələrində olan əl-Nahiyanlar yerli qəbilələrin də inamını və rəğbətini qazanmışdılar.
Şeyx Zayed bin Sultan əl-Nahiyan 1922-1926-cı illərdə Abu-Dabi əmirliyinin hakimi olmuş Şeyx Sultanın kiçik oğludur. Səkkiz yaşında ikən atasını itirən Şeyx Zayed özünün qeyri-adi istedadı və bacarığı ilə digər qardaşlarından fərqlənirdi. Torpağının hər qarışına yaxından bələd olan olan Şeyx Zayed ötən əsrin otuzuncu illərində xaricdən dəvət olunmuş qərb geoloqları ilə birlikdə neft ehtiyatlarının axtarış və kəşfində fəal iştirak etmişdir. Şeyx Zayed 1946-cı ildə doğma məkanı olan Al-ayen şəhərinin hakimi təyin olunur və onun rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Al-ayen şəhəri yeni inkişaf mərhələsinə qədəm qoyur.
1966-cı ilin avqust ayında qardaşı Şeyx Şaxbutdan hakimiyyəti təhvil alan Şeyx Zayed Abu-Dabi əmirliyinin, 1971-ci ildən isə müstəqil BƏƏ dövlətinin yaradıcısı və ilk prezidenti olmuşdur. Şeyx Zayedin hakimiyyətə gəlişi ilə BƏƏ özünün yeni inkişaf, tərəqqi və yüksəliş dövrünə qədəm qoydu. Neft ixracından gələn gəlir səhiyyəyə, təhsilə, milli infrastrukturun inkişafına və xalqın rifah halının yaxşılaşmasına yönəldildi. 35 illik hakimiyyəti dövründə xalqının dərin məhəbbətini və etimadını qazanan Şeyx Zayed 2 noyabr 2006-cı ildə vəfat etmiş və dünyanın ən möhtəşəm məscidlərindən biri olan Şeyx Zayed məscidində dəfn olunmuşdur. "Millət Atası" adlandırılan mərhum Şeyx Zayed bu günümüzədək ölkənin hər bir vətandaşı tərəfindən sevilir və hörmətlə anılır.
"Tarixi olmayanların keçmişi, xalqı ilə bir olmayanın gələcəyi yoxdur, bizdən əvvəlki nəslin bizə miras qoyduğu maddi, mənəvi irsi qoruyaraq gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur" -deyən Şeyx Zayedin arzusu ilə onun yaşadığı qəsr milli muzey elan olundu. 1998-ci ildə tanınmış mühəndislər tərəfindən qəsrdə bərpa işlərinə başlanıldı. 2001-ci ilin aprel ayından Al-Ayen Muzeyi öz qapılarını ziyarətçilərin üzünə açdı.
Qəsrin tikintisində dəniz daşları, gil-saman qarışığından hazırlanmış kərpiclərdən, xurma və digər ağac növlərindən istifadə olunmuşdur.
Hündür qala divarları ilə əhatə olunmuş sarayın qapısı öz möhtəşəmliyi ilə heyrətamiz təsir bağışlayır. Qəsrin ətrafındakı və həyətindəki xurma ağaclarının yaşıllığı göz oxşayır. Bundan əlavə öz qədimliyi ilə seçilən, sarayı içməli su ilə təchiz edən, daşdan düzəldilmiş təndir formalı su quyusu xüsusi maraq doğurur.
Ərəb qonaqpərvərliyi ilə qarşılanan ziyarətçilər içəri daxil olduqda qədim bədəvi adətinə uygun olaraq ərəb qəhvəsi və xurma süfrəsinə qonaq olurlar.
Sarayda ailə üzvlərinə aid otaqlardan əlavə müəllim üçün dərs otağı, gözətçi və qapıçı hücrələri, ərzaq anbarı vardır. Xüsusi növ taxtadan düzəldilən otaqların qapı və pəncərələri şərq ornamentli naxışlarla bəzədilib.Sarayın böyük zalında əl-Nahiyanlar ailəsindən olan şeyxlərin portretləri, sadə şəkildə bəzədilən digər otaqlarda isə ailə üzvlərinin şəxsi əşyaları və silahları sərgilənir.
Şeyxin qonaq qəbulu zallarındakı mebel dəstləri müxtəlifdir.Yerli ziyarətçilər bədəvi üslubunda olan yerə düzülmüş xalça, mütəkkə və döşəkçələrlə bəzədilmiş "məclis əl-riccəl" adlanan salonda, xaricdən gələn qonaqlar isə müasir divan dəstləri ilə bəzədilən zalda qəbul olunurdular.
Şeyx Zayed daxilən zəngin mənəvi aləmə malik bir şəxs idi. Qəsrin həyətində qurulan açıq çadırda bədəvilərin qədim adətlərindən olan sayrışan ulduzlar altında şer məclisləri təşkil olunurdu. Məşhur qəsidələr müəllifi olan Şeyx Zayed ədəbi məclislərin ən fəal üzvü kimi dövrünün məhşur şairləri ilə qəzəl yarışmalarında, şer deyişmələrində tərəf müqabili olmuşdur.
Qəsrin həyətində Şeyx Zayedin səhrada istifadə etdiyi Land-Rover markalı klassik avtomobili də nümayiş olunur.
Acman Muzeyi
Acman əmirliyi BƏƏ tərkibinə daxil olan 7 əmirlikdən biridir.
Əsası 1820-ci ildə Şeyx Raşed bin Humeyd əl-Naimi tərəfindən qoyulan Acman əmirliyi sahəsinə görə ən kiçik əmirlikdir.
Əmirliyin ərazisi müxtəlif rəngli mərmər yataqları ilə zəngindir.
Şəhərin ən qədim tarixi binası olan Acman Qəsri XVIII əsrdə inşa olunub.
Yadellilərin dəniz hücumlarının qarşısını almaq məqsədi daşıyan qəsrin tikintisində yerli dəniz daşlarından istifadə olunmuşdur.
1820-ci ildə İngiltərənin ölkəyə hücumu zamanı hərbi gəmilərdən atılan topların zərbəsindən ciddi dağıntılara məruz qalan qala, sonralar Acman hakimi Şeyx Raşed bin Humeyd əl-Avvəl tərəfindən qismən bərpa olunur.
Acman qalası 1907-ci ilədək hakim ailənin iqamətgahı, sonrakı dönəmdə icə yerli polisin mənzil-qərargahı olmuşdur.Ötən əsrin 80-ci illərində yenidən təmir edilən qala muzey olaraq fəaliyyət göstərir.
Muzey BƏƏ-nin qədim, orta əsrlər və neft yataqlarının kəşfinə qədərki dönəmlərini özündə əks etdirən çoxsaylı eksponatlarla zəngindir.
Muzeydə qədim və zəngin süfrə mədəniyyətinə malik olan ərəb mətbəxi haqqinda xüsusi bölmə vardır. " Aeyş" adlandırılan plov Ərəbistan mətbəxinin şahı sayılır.Yerli ərəblərin gündəlik qida rasionunun əsasını təşkil edən plovun saysız-hesabsız növləri vardır. Bu bölümdə ölkənin mətbəxinə aid olan milli xörəklər, onların hazırlanma üsulları, eləcə də qədimdə yerli əhalinin gündəlik məişətdə istifadə etdikləri müxtəlif təyinatlı mətbəx ləvazimatları nümayiş olunur.
Muzeyin "İslam Təbabəti" bölümündə müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan təbii bitkilər, Qurani-Kərimin ayələri ilə müalicə üsulları, "İslam Dini" bölümündə isə Müqəddəs Qurani-Kərimin nadir nüsxələri və təfsirlərinin əlyazmaları, eləcə də dini məzmunlu qədim kitablar muzeyin eksponatları sırasında qorunub saxlanılır.
Zəngin neft yataqlarının kəşf edilməsindən əvvəl yerli əhalinin əsas məşğuliyyəti və dolanacaq mənbəyi olan balıqçılıq, dəvəçilik, bağçılığı əks etdirən eksponatlar, qədim qayıqlar, balıqçı torları, balıq ovunda istifadə olunan avadanlıqlar, dulusçuluq,misgərlik sənətini əks etdirən əmək alətləri, əl dəyirmanları, təndirvari formalı su quyuları, dəmirdən, tuncdan, poladdan hazırlanan müxtəlif növ silahlar, ərəb qadınlarının istifadə etdikləri qızıl, sədəf və mirvaridən hazırlanan zərgərlik məmulatları, müxtəlif qiymətli daşlardan düzəldilmiş bəzək əşyaları muzeyə gələnlərdə xüsusi maraq doğurur.
Muzeydə müqəddəs Qurani-Kərimdə zikr edilən bərəkətli və şəfaverici nemət olan xurma haqqında xüsusi bölmə vardır. BƏƏ yüksək keyfiyyətli xurması ilə nəinki Ərəbistanda, eləcə də dünyada məhşurdur. Ölkə ərazisində geniş sahələri tutan xurma plantasiyalarında xurmanın 45-dən çox növü yetişdirilir. "Acva", "Xalas", "Barhi al-Madina", "Xoşkər", "Sukkari", "Maktumi", "Miskani", "Hiləli" adlı növləri həcminə, rənginə, dadına görə fərqlənirlər. Qədim zamanlardan günümüzədək ərəblərin gündəlik qida rasionlarında ən çox istifadə etdikləri və xüsusi önəm verdikləri xurmadan hazırlanan müxtəlif çeşidli kulinar məmulatların və xurma şirələrinin hazırlanma qaydaları haqqında məlumatlar ayrıca guşədə yer alır.
Muzeyin "Memarlıq" bölümündə ölkə ərazisindəki İslam memarlığı və incəsənətinin əzəmətli nümunələri olan məscidlər, qədim tikililər, yaşayış evləri, XIX -XX əsrlərə aid memarlıq nümunələri haqqında müfəssəl məlumatlar yer alır. Yerli memarlıq məktəbinə xas olan qədim evlər sahilboyu ərazilərdə tikilirdi. "Beyt-əl-Turas" adlandırılan bu evlər dəniz daşlarından, çiy kərpicdən inşa olunurdu. Qədim zamanlardan səhrada yaşayan ərəblər evlərini xurma ağacından tikirdilər. "Beyt əl-Ariş" adlanan, öz sadəliyi ilə seçilən bu evlərə indinin özündə də şəhərətrafı bağlarda, həyətlərdə rast gəlinir.
Beləliklə, hər il milyonlarla turistin ziyarət etdiyi BƏƏ muzeyləri ölkənin tarixinin, mədəniyyətinin dünyada təbliğində mühüm rol oynayır. Qloballaşan dünyada öz milli soykökünə bağlı xalqlar hörmətə, rəğbətə layiqdirlər. "Səhrada cənnət" yaradan, sürətli inkişaf edən, dünyanın aparıcı turizm və ticarət mərkəzlərindən biri olan BƏƏ eyni zamanda öz soykökünə, dininə, tarixinə, milli dəyərlərinə bağlılığı ilə seçilir.