Mayın 30-da İstanbul şəhərində “Şahdəniz-2” və Trans-Anadolu qaz kəməri (TANAP) layihələrində Türkiyənin payının artırılması ilə bağlı sənədlərin imzalanması mərasimi keçirilib.
Mərasimdə Azərbaycan tərəfindən energetika naziri Natiq Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, Türkiyə tərəfdən qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız iştirak ediblər.
Mərasimdə dörd razılaşma sənədi imzalanıb.
Birincisi sənəd “TPAO” (“Türkiyə Petrolleri Anonim Ortaklığı”) şirkəti ilə “Total” şirkəti arasında alğı-satqı müqaviləsidir. Müqaviləni “TPAO”nun baş direktoru Besim Şişman və “Total-Azərbaycan”ın baş direktoru Kristian Qudiçelli imzalayıb.
Türkiyənin “Botaş” şirkəti və ARDNŞ arasında TANAP-ın hissələrinin alğı-satqı müqaviləsini isə “Botaş”ın baş direktoru Mehmet Konuk və ARDNŞ-in prezidenti, TANAP idarə heyətinin sədri Rövnəq Abdullayev imzalayıb.
Digər sənəd isə “Botaş” və TANAP arasında qaz daşınması müqaviləsidir. Bu sənədi “Botaş”ın baş direktoru Mehmet Konuk və ARDNŞ-in prezidenti, TANAP idarə heyətinin sədri Rövnəq Abdullayev imzalayıb.
Sonuncu dördüncü sənəd isə Türkiyə ilə Azərbaycan arasında TANAP ilə bağlı razılaşma protokolu olub
Sənədi Azərbaycanın energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız imzalayıb.
Modern.az