Modern.az

İnstitut direktoru: “Heç bir alimi İTV-yə cəlb edə bilmədim” - MÜSAHİBƏ

İnstitut direktoru: “Heç bir alimi İTV-yə cəlb edə bilmədim” - MÜSAHİBƏ

31 May 2014, 10:18

Vaqif Abbasov: “Bəziləri elə bilir ki, akademiya dövlət üçün bir yükdür”


Modern.az
-ın müsahibi Elmlər Akademiyası Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasovdur.

- Bu il Neft-kimya Prosesləri İnstitutunun 85 yaşı tamam  olur. Akademiyanın ən qocaman institutlarından biridir, 1929-cu ildə yaradılıb. İnstituta akademiklər Murtuza Nağıyev, Vahab Əliyev, Musa Rüstəmov kimi böyük alimlər rəhbərlik edib. Mən doqquzuncu direktoram. Qırx ildən çoxdur ki, bu institutda çalışıram. Yusif Məmmədəliyev 1959-cu ildə iki institutun bazasında bu institutu birləşdirməklə çox böyük addım atdı. Bu addım fundamental elmlə tətbiqi elmin birliyini yaratdı ki, bu da çox vacib bir amildir.

- İnstitutunuzda yaş əmsalı necədir, kimya bu gün gəncləri cəlb edə bilirmi, yoxsa yaşlıların ümidinə qalıb?

- İnstitutda hazırda 559 nəfər çalışır. Onlardan 384 nəfəri qadındır. Qadınların da 16-sı elmlər doktorudur. 89 nəfər kimya üzrə fəlsəfə doktoru, 46 elmlər doktoru, 5 müxbir üzv, 3 akademik  çalışır. İnstitut akademiyada yaş kontingentinə görə ən cavan institutlardan biridir. Bizdə orta yaş əmsalı 45,3-dür. İnstitutumuz bütün tarixi boyu istedadlı gənclər üçün hər cür şərait yaradıb.  

- Texniki təchizat laboratoriya cihazları qaneedici səviyyədədirmi?

- İnstitutda çoxlu sayda ən müasir avadanlıqlar,  cihazlar var.  Bizim tarixən Dövlət Neft Şirkəti ilə çox yaxşı münasibətlərimiz olub və bu gün də davam edir. Onlarla elmi proseslərimiz, təcrübələrimiz onların müəssisələrində tətbiq olunub və bu gün də olunur. 2011-12-ci illərdə ARDNŞ-nin maddi köməkliyi ilə institutumuz əsaslı təmir olundu,  26 yeni laboratoriya alındı. Dünyanın bir çox ölkələri üçün elmi kadrlar hazırlayırıq. Təkcə ötən il Misir Ərəb Respublikası üçün kimya üzrə 4 fəlsəfə doktoru hazırladıq. İnstitutumuzda elə cihazlar var ki, ölkədə yalnız bizim institutdadır. Biz digər institutların alimlərinin də bu cihazlardan istifadəsinə şərait yaradırıq.

- Dünyanın məşhur elmi jurnallarında məqalələr hansı məhsuldarlıqla çıxır? Onların kəmiyyət artımına mane olan səbəblər hansılardır?

- İnstitutda təkcə keçən il 523 elmi əsər çap olunub.  Bunlardan 384-ü elmi məqalədir ki, onların da 101-i dünyanın mötəbər elmi jurnallarında çap olunub. Bu çox böyük rəqəmdir. Bu rəqəm daha da böyük ola bilərdi. Amma dil baryeri var. Bu gün çox təəssüflər olsun ki,  bir sıra elmi kadrlar hətta rus dilini bilmir. İngilis dilini bilənlər isə ümumiyyətlə azdır. Ona görə də biz qazanılmış ən yaxşı elmi nəticələri belə dünyanın nüfuzlu jurnallarına çıxarmağa gecikirik.

- Bu gün Akademiyada görülən işlər gəncləri elmə cəlb edə biləcəkmi?

- Bu gün akademiyada xeyli kordinal dəyişikliklər edilib. Elmə gəlmək istəyən gənclər üçün böyük imkanlar yaradılıb. AMEA-nın prezidenti akademik Akif Əlizadənin xüsusi vurğu ilə dediyi gənclərə yaxşı şərait yaradılmalıdır məsələsi bu gün öz həllini tapmaqdadır. Elə bizim institutumuzun 3 ali məktəblə əməkdaşlıq müqavilələri var. Xüsusi baza kafedraları yaradılıb, 37 tələbə institutumuzda yarım ştatda çalışırlar. Onlar elmi mühitin nə olduğunu artıq dərk edirlər. Bizim alimlərlə birgə çalışır və məqalələr çap etdirirlər.

- Amma bir məsələ də var. Elmlə məşğul olan oğlanların mütləq hərbi xidmətə cəlb olunması vurğulanır. Bu gənc alimə nə kimi zərər vura bilər?

- Bu məsələ mətbuatda da çox işıqlanır və Milli Məclisdə də müzakirə olunur. Şükürlər olsun ki,  bu gün Azərbaycanda əhali artımı normaldır və bu artım ordunu da təmin edə bilər. Amma elmlə məşğul olan alimin elə bir dəyərli kəşfi ola bilər ki,  o, on ildə xidmət etsə belə onun qədər fayda verə bilməz. Həm də elm adamı üçün bir il geri qalmaq sonrakı etaplarda 10 il geri qalmaq deməkdir. Odur ki, magistratura və doktorantura təhsili alan oğlanlara hərbi xidmətdən möhnət verilməsini vacib sayıram.

- İnstitutunuzun son uğurları barədə bir neçə söz deyərdiniz...

- Dünyada analoqu olmayan ağ Naftalan yağının alınma texnologiyası bizim institutda yaradılıb. Naftalan yağı xam neftdən bir sıra xüsusiyyətlərinə görə seçilir. O ekoloji gərginlik yaratmır və izafi istifadə olunduqda müalicəvi xüsusiyyətlərini itirmir. Oynaq ağrıları, dölsüzlük, revmatizm, burun-boğaz  və sadalamadığım bir çox xəstəliklərin müalicəsində əvəzsizdir. Ondan çox əhəmiyyətli kosmetik vasitələr hazırlamaq olur ki,  onlar insan sağlamlığı üçün də zərərsizdir. Tibb Universiteti  ilə birgə bir sıra tədqiqatlar aparırıq.

İnstitutumuzda alınan ən mühüm nəticələrdən biri də yeni yaradılmış katalitik sistemin iştirakı ilə maye kauçukun alınma texnologiyasının işlənib hazırlanmasıdır. Yaxın gələcəkdə ARDNŞ ilə birgə layihə əsasında onun tətbiqini planlaşdırırıq.

Yerli xammallar əsasında yaratdığımız “Naftapen” köpükəmələgətirici keyfiyyətinə görə mövcud analoqlarından üstündür, həm şirin suda, həm də dəniz suyunda yüksək artımlı və yüksək davamlılığa malik köpük əmələ gətirir. Bu reagent yanğınsöndürmə üçün ən əlverişli reagentlərdən biridir.

- Bu gün Azərbaycan elminin daha çox nəyə ehtiyacı var?

- Elmin təbliğinə böyük ehtiyac var. Bu gün elm haqqında təsəvvürlərin zəif olmasının səbəbi  elmin kütləvi təbliğinin azlığındadır. Digər tərəfdən AMEA-nın prezidenti akademik Akif Əlizadənin xüsusi tapşırığı var ki, elmlərin qovşağında xüsusi proqramlar üzrə tədqiqatlar aparılsın. İnkişaf üçün elmimizin buna böyük ehtiyacı var. İnstitutumuz artıq belə proqram üzrə AMEA-nın 3 bölməsinin – Kimya, Biologiya və Aqrar Bölmənin 8 institutu ilə kompleks tədqiqatlar proqramının icrasına başlayıb.

Mən uzun müddət İctimai Televiziyanın Yayım Şurasında oldum. Çox çalışdım ki, elm adamlarını televiziyaya cəlb edim. Çox təəssüflər olsun ki, alimlərimizin bir çoxu bundan imtina etdilər. Digər tərəfdən insanlarla akademik dildə elmi maarifləndirmə aparmaq olmaz. Hamının elmi dərki bir ola bilməz. Elm barədə mətbuatın ancaq bir yerdə səhvi ola bilər. O da bundan ibarətdir ki, media hər hansı bir informasiyanı mütəxəssislə məsləhət etməmiş yanlış formada verə bilər.



- Bu təbliğ olunmamaq Azərbaycan elminə nə kimi ziyanlar vurub?

- Azərbaycan elmi bu gün özünün intibah dövründədir. Lakin çox təəssüflər olsun ki, biz elmi təbliğ edə bilməmişik.  İdarəçilikdə olan bəzi insanlar elmin Azərbaycan üçün nə qədər dəyərli olduğunu müəyyən edə bilməyiblər. Bu da çox təhlükəlidir. Əgər bu sahədə müfəssəl məlumatın yoxdursa,  subyekt haqqında qəbul etdiyin qərar ona heç cür  adekvat olmayacaq. Bəziləri elə bilir ki, Akademiya dövlət üçün bir yükdür. Akademiyanın büdcəsini kəsməklə iş düzələcək. İllik büdcəmiz 100 milyon manatdan aşağıdır. Müqayisə olunmayan bir rəqəmdir. Akademiya insanlara nə verdiyini biz bu gün insanlara çatdırmalıyıq. Ölkə prezidenti elmə bu qədər dəyər verirsə, deməli, o,  elmin qiymətini bilir. Əgər vəsait qoyulursa, deməli, iş gedir. Siz təsəvvür edin ki, Tarix İnstitutunun təkcə İrəvan tarixi haqqında yazdığı kitab erməni təbliğatının qarşısını alacaq gücdədir. Bu işin pul vahidinə çevrilməsi düzgün deyil. Fəlsəfə İnstitutunda görülən işləri də bu siyahıya əlavə etmək olar.

- Müəllif hüququnun qorunması istiqamətində də problem yaşanır. Siz yəqin ki, bununla daha çox rastlaşırsınız?

- Bu gün Azərbaycanda müəllif hüququnun qorunması istiqamətində problemlər yaşanır. Hüquqi baza çox zəifdir. Nəticə tətbiq edilir, amma düşünmürlər ki, bu akademiyanın hansısa institutunun gördüyü işdir. Bizim institut isə bu halla daha çox rastlaşır. Çünki bizim iş prosesimiz daha çox istehsalatla bağlıdır. 559 əməkdaşımız var. İnsanların əksəriyyəti  yüksək intellekti olan insanlardı. Maddi maraqlar bir çox hallarda elmi nəticələri başqalarına vermək marağını yaradır. Bu reallıqdır. Bu çox arzuolunmaz bir işdir. Alim etikası deyilən bir anlayış var, amma bugünkü maddi vəziyyət bəzi alimlərə belə addımları atmağa vadar edir. Elmi tutumlu işlərin nəticələrinin mühafizəsini  artırmalıyıq.

- Vaqif müəllim ümumiyyətlə biz cəmiyyətə elmi necə sevdirə bilərik?

- Görkəmli alimlərimizi tanıtmalıyıq, elmi nəticələrin bu günki iqtisadi inkişafda rolundan danışmalıyıq, dünyanın aparıcı alimlərinin bizim elm haqqında yüksək fikirlərini çatdırmalıyıq, bir də ən vacibi insanların arasında olmalıyıq. Mən insanlarla çox təmasda olmuşam. Bu da mənə çox şeylər öyrədib. Kütlənin arasında tez - tez olmaq alimi sevdirə və özünü təsdiq etdirə bilir. Bu gün alimlərimizin çoxu heç öz oxuduğu məktəbə getmirlər. Həmin ucqar  kənd məktəbində oxuyan bir şagird görsə ki,  onun məktəbindən belə böyük alim çıxıb o, təbii ki həvəslənəcək, elmə gəlmək istəyəcək.

- Özünüz  oxuduğunuz məktəbdə olmusuz?

- Mən nəinki öz məktəbimdə, demək olar ki, Azərbaycanın bütün yerlərində məktəblərdə olmuşam, görüşlər keçirmişəm. Lerikin Piyəküçə kəndindən 74 yaşlı Əziz müəllim məni ağrıdan bir məktub yazdı. Təsəvvür edin ki,  o, 1962-ci ildə universiteti bitirib aspiranturaya qəbul olunduğu vaxt atası da, qardaşı da qəfildən  vəfat edir. O da bu səbəbdən təhsilini davam etdirməyib o vaxtdan kənddə kimya müəllimi kimi çalışıb. Yazmışdı ki, Vaqif müəllim, sizin çıxışınıza qulaq asdım, qarşınızda baş əyirəm. Günlərin bir günü səhər saat beşdə Əziz müəllimə xəbər etməmiş Lerikin o kəndinə yola düşdüm. Əziz müəllim təəccübündən soruşdu ki, ay Vaqif müəllim,  siz hara, bu dağlar hara? Dedim ki, siz qocaman müəllim mənim qarşımda baş əydiniz, mən də ayağınıza gəldim. Mən iclas keçirdiyim anda bir müəllim, yaxud, şagird kabinetimin qarşısına gəlirsə, mən həmən onu içəri dəvət edirəm. Ola bilməz ki, o qapı ağzında gözləsin. Zorla heç kimi özünə sevdirə bilməzsən. Zorla insanlar bir birini bir neçə dəqiqə sanki sevə bilər. Biz müəllim-məktəb müqəddəsliyini bərpa etməliyik. Bu bizim birinci işimiz olmalıdır.

- Bəlkə cəmiyyət özü alimi qəbul etmir?

- O cəmiyyəti biz özümüz istiqamətləndirməliyik. Biz ziyalılar cəmiyyəti  maarifləndirməliyik və dövləti də biz onlara sevdirməliyik. Mən Türkiyədə olan bayraq sevgisini hələ ki, öz xalqımızda görmürəm. Onun da günahı bizdədir. Biz bayrağa, dövlətə sevgini gənclərə mütləq aşılamalıyıq. Bu alimin, ziyalının işidir. Amma o özünü bir kənara çəkirsə daha nə olacaq ki...

- Bildiyimizə görə, həm də bədii və elmi publisistika ilə məşğul olursunuz. - İndiyə qədər  9 publisistik kitabım çap olunub. Əslində alim təkcə öz elm sahəsini bilməməlidir. O, geniş dünya görüşünə malik olmalıdır. Dilini, ədəbiyyatını sevməlidir, xalqın tarixini öyrənməlidir. Yüksək nitq və yazı mədəniyyətinə malik olmalıdır. Alimin özünü və malik olduğu elmi təbliğ etməsi üçün qeyd etdiklərim çox vacibdir.  

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi