ABŞ Dövlət katibinin sözçüsü Cen Psaki Azərbaycan prezidenti İlham Əliyevin Respublika günü münasibətilə çıxışı zamanı Ermənistan və Dağlıq Qarabağa dair verdiyi bəyanatlara münasibət bildirib.
Modern.az “Amerikanın səsi” radiosuna istinadən xəbər verir ki, ABŞ rəsmisi “qızışdırıcı ritorika və bəyanatların” Ağ Evin prinsiplərinə ziddi olduğunu bildirib. Onun sözlərinə görə bu cür bəyanatlar sülh prosesinə mane olur.
“ATƏT-in Minsk qrupunun həmsədri kimi biz tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsipinə sadiq qalırıq. Minsk qrupuna daxil olan ölkələrin prezidentləri və həmsədlərinin 2009-cu ildən 2013-cü ilə qədər verdiyi bəyanatlarda aydın göstərilir ki, davamlı sülh BMT-nin xartiyası və Helsinki yekun aktının xüsusilə də zor işlətməmək, ərazi bütövlüyü, bərabərlik və öz müqəddəratını müəyyən etmək hüququ haqda başlıca prinsiplərinə əsaslanmalıdır. Tərəfləri danışıqlar masasına qayıtmaq üçün səyləri ikiqat artırmağa və sülhün regiona gətirəcəyi üstünlüklərə diqqəti artırmağa çağırırıq”,-deyə C. Psaki söyləyib.
Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirən prezident İlham Əliyev söylədiyi nitqdə Azərbaycan torpaqlarını zəbt etmiş Ermənistanı tənqid edib. O, müharibənin hələ də davam etdiyini və Ermənistanı müstəqil dövlət adlandırmağın qeyri-mümkün olduğunu bildirib. Dövlət başçısı Ermənistanı müharibədən düzgün nəticə çıxarmağa çağırıb.
“Nə qədər ki, torpaqlarımız işğal altındadır, müharibə bitmiş hesab oluna bilməz. Mən dəfələrlə demişəm ki, müharibə davam edir. Müharibənin birinci mərhələsi başa çatıbdır. Əgər Ermənistan istəmirsə ki, ikinci mərhələ başlasın, onda düzgün nəticə çıxarsın, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın. Bəlkə o vaxt gələcəkdə müstəqil erməni dövləti xəritədə qala bilər. Halbuki bu gün də erməni dövlətini müstəqil adlandırmaq olmaz”,- deyə İ. Əliyev bildirib.
Modern.az