Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün iyunun 1-də cari ildə sonuncu sınaq imtahanı keçirib. Modern.az-ın məlumatına görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Daşkəsən, Ağstafa, Tovuz, Sumqayıt, Qobustan, Mingəçevir, Yevlax, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Şirvan, Salyan, Lənkəran, Yardımlı, Cəlilabad, Quba, Xaçmaz və Siyəzən şəhərlərində ümumilikdə 65 binada təşkil olunub.
TQDK bildirib ki, bütün imtahan mərkəzlərində imtahan təlimata uyğun keçirilib və abituriyentlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İyunun 2-dən başlayaraq Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq, nəticələrin yaxın günlərdə elan olunması nəzərdə tutulur. Abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.
Qeyd edək ki, sınaq imtahanının nəticələrinin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın Facebook səhifəsində veriləcək.
Modern.az