İyunun 30-da saytlarda “Məzunlar qəzaya düşdü” başlıqlı yazıları oxuyan hər kəs məyus oldu. Qəzada 3 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilirdi.
Lakin Modern.az-a daxil olan məlumata görə, qəzada ölənlər heç də məzunlar olmayıb. Belə ki, Qazax rayonu Qırlı kənd sakinləri Bakıda kirayələdikləri evə gəlirmişlər. Ailə həmin gün evə lazım olan əşyaları Bakıya gətirirmiş. Mikroavtobusdakıların 5 nəfəri bir ailənin üzvü, digər 2 nəfəri isə yoldan götürülən sərnişinlər olublar. Ağdaş-Qaravəlli yolunda yüksək sürətlə hərəkət edən mikroavtobus onunla eyni istiqamətdə hərəkət edən yük maşını ilə toqquşub.
Hadisə nəticəsində Səxavət Məsiyevin 2 övladı, eləcə də digər sərnişinlərdən 2 nəfəri ölüb. Ailə başçısının həyat yoldaşı və 7 aylıq övladları Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Lakin dünən gecə S.Məsiyev həmin xəstəxanada çıxarılaraq Qazax rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Novruzovun Modern.az-a verdiyi məlumata görə, S. Məsiyev ağır vəziyyətdə Yevlaxdan Qazax Rayon Müalicə Diaqnostika mərkəzinə gətirilib. Həkim xəstənin ağır vəziyyətdə başqa xəstəxanaya gətirilməsini anlamadığını bildirib: “Diaqnostik Mərkəzin baş həkiminə tapşırıq verdim, xəstəni qəbul etdilər. Lazımi yardım göstərilib, hətta dünən təyyarə ilə Bakıdan həkim, neyrocərrah gəlmişdi. 37 yaşlı kişinin vəziyyəti ağır-stabil olaraq qalır, reanimasiyadadır”.
Qeyd edək ki, hadisə Ağdaş-Qaravəll yolundamikroavtobusla “SACHMAN” markalı yük maşını toqquşub. 4 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Gülşən RAUFQIZI