“Xarici ölkə prezidentlərinin Azərbaycan müxalifəti ilə görüşünün siyasətə heç bir dəxli yoxdur. Azərbaycanda keçirilən seçkilərdə müəyyən qədər səs toplayan siyasi qüvvənin təmsilçiləri ilə görüşmək o demək deyil ki, həmin dövlət Azərbaycanla münasibətində öz xarici siyasətinə köklü şəkildə yenidən baxır”.
Bunu Modern.az-a politoloq Zərdüşt Əlizadə xarici ölkə prezidentlərin Azərbaycan müxalifəti ilə görüşməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, burada hər hansı bir məna axtarmaq lazım deyil: “Türkiyə rəsmiləri heç vaxt deməyiblər ki, bizim məqsədimiz Avropa dəyərlərini müdafiə etməkdir. Onlar həmişə öz mənafelərini müdafiə ediblər. Bəzi hallarda deyirlər ki, islami dəyərləri müdafiə edirik. Türkiyənin prezidenti, baş naziri Azərbaycanda Qərbi müdafiə edənlərlə niyə görüşməlidir ki? Hər hansı bir ölkənin rəhbəri xarici siyasətinə uyğun olaraq kiminlə istəyirsə görüşür”.
Politoloqun fikrincə, İsveç çox mühüm dövlətdir: “İsveçin dövlət başçısı ATƏT-in fəaliyyətdə olan sədridir. Ona görə də demokratiya mövzusunda hər hansı bir görüş keçirməlidir. Fransa prezidenti Azərbaycana gələndə müxalifətin bəzi nümayəndələri ilə görüşüb. Bu, Fransa xarici siyasətinin prioritetlərindən biridir. Çünki Fransa həmişə bəyan edib ki, Avropa dəyərlərini müdafiə edir. Şərti olaraq Azərbaycan müxalifətinin də Avropa dəyərləri uğrunda mübarizə apardığını qeyd etmək olar”
Rafiq Qənbərov