“Gürcüstanın Qardabani rayonunda baş verən hadisələrdən sonra keçmiş məmurlar və sabiq prezidenti Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının nümayəndələri ara qarışdırmaqla məşğuldur. Onlar məişət zəminində baş vermiş adi bir davanı milli məsələyə çevirmək istəyirlər”.
Bunu Modern.az-a açıqlamasında Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının parlamentdə təmsil olunan deputatı Əli Məmmədov deyib. O bildirib ki, Gürcüstanda hər şey normaldır. Deputat azərbaycanlılar “tatar” sözünün deyilərək təhqir edilməsi ilə bağlı deyilənləri isə yalan adlandırıb. Onun sözlərinə görə, Vahid Milli Hərəkat Partiyası hazırda müxalifət olduğundan adi bir problemdən təxribat yaratmaq istəyir. “And içə bilərəm ki, Qardabanidə baş verənlər də, Vahid Milli Hərəkat Partiyasının təxribatı idi. Vahid Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanov açıqlamasında Gürcüstan hakimiyyətini azərbaycanlılara qarşı düşünülmüş plan həyata keçirməkdə ittiham edib. Bu, düzgün çıxış deyil. Vahid Milli Hərəkat Partiyası milli məsələni yalnız öz maraqlarına görə qabardırlar”, – deyə Ə. Məmmədov bildirib.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl Qardabani rayonunda azərbaycanlılarla gürcülər arasında kütləvi dava düşmüşdü. Hadisənin etnik zəmində olmadığı da bildirilib.
Aqşin Kərimov