Kənd Təsərrüfatı Nazirliyinin Bakıda hər həftə keçirdiyi yarmarkalarda ət və ət məhsulları, süd və süd məhsulları və digər məhsullar soyuducu olmadan birbaşa günəş şüaları altında saxlanılaraq satılır. Bu isə insan orqanizmi üçün əsas təhlükə mənbəyinə çevrilir.
“Bu yaxınlarda Azad İstehlakçılar Birliyi Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalarda monitorinqlər aparıb. Monitorinq nəticəsində məlum oldu ki, nazirliyin əməkdaşlarının əlindəki cihazlar olduqca primitivdir. Həmin aparat məhsulların tərkibində olan nitritləri (zərərli maddələr) yoxlamaq üçündür. Əslində yarmarkalarda nazirliyin əməkdaşları yoxlama aparmır, əllərində aparat yalandan gəzirlər”.
Bunu Modern.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi. Onun sözlərinə görə, yarmarkalarda məhsullar nisbətən ucuz olsa da, bir sıra mallar, o cümlədən açıq havada satılan ət və ət məhsulları, süd və süd məhsulları, qatıq, yumurta təhlükə mənbəyinə çevrilir: “Çünki onların saxlanması üçün soyuducu və digər şərait yoxdur. Ən yaxşı məhsul belə, saxlanma şəraiti düzgün olmadıqda, bir neçə saatdan sonra insan orqanizmi üçün təhlükəyə çevrilir. Mənim naziri ilə görüşüm baş tutarsa, müasir aparatların alınması üçün təkliflərimi irəli sürəcəyəm. Çox təəssüf ki, onlarda olan aparatlar olduqca primitivdir və işlək vəziyyətdə deyil”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev də Modern.az-a bu sahədəki neqativ hallardan narazılığını bildirib: “Kənd Təsərrüfatı Nazirliyinin yarmarkalar təşkil etməsi yaxşı haldır. Lakin bu məhsulların açıq havada, birbaşa günəş şüaları altında satılması düzgün deyil. Yay aylarında belə məhsullar daha təhlükəli olur. Bunun üçün soyuducu avadanlıqlar alınmalıdır. Yaxud soyuducuda saxlanması lazım olan məhsulların satışı üçün soyuducusu olan maşınlar alınmalıdır. Məhsulun miqdarından asılı olaraq böyük və kiçik ölçülü soyuducuların alınması vacibdir”.
Gülşən RAUFQIZI