Modern.az

Tibb Universitetinin sonuncu kurs tələbələri dövlət imtahanı verir

Tibb Universitetinin sonuncu kurs tələbələri dövlət imtahanı verir

Təhsil

3 İyun 2014, 17:19

Bu gün Azərbaycan Tibb Universitetində dövlət imtahanlarına start verilib. Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görtə, digər ali məktəblərdən fərqli olaraq,  ATU-nun tələbələri məzun adını qazanmaq üçün həm test ilə imtahandan keçir, həm də praktikada öz biliklərini nümayiş etdirirlər. Belə ki, imtahan verən tələbələr ATU klinikalarında xəstələri  müayinə edib diaqnoz qoymaqla sınaqdan keçirlər.

ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov bu gün Virtual Test Mərkəzində imtahan verən tələbələrlə görüşüb, imtahanın gedişi ilə maraqlanıb. Rektor testdən keçən tələbələrin təklif və istəklərini dinləyib. Tələbələr imtahanın gedişindən razı qaldıqlarını bildiriblər. ATU-dakı dövlət attestasiya imtahanları bu gün Stomatoloji Klinikada  da  start götürüb. Bu klinika yüksək səviyyəli təhsil və tədris üçün, həm də gənclərin lazımi praktika əldə etməsi üçün zəruri ləvazimat və avadanlıqla təchiz olunub.  Odur ki, imtahan zamanı stomatologiya fakültəsinin tələbələri test üsulu ilə kompüter vasitəsilə imtahan verdikdən sonra mütəxəssis həkimin nəzarəti altında xəstələrin dişlərini müalicə edir, tədric boyunca əldə etdikləri vərdişləri nümayiş etdirirlər. Onların işinə dövlət imtahan komissiyasının sədri və üzvləri tərəfindən nəzarət olunur.

İmtahanlar həmçinin  müalicə-profilaktika , pediatriya, əczaçılıq, tibbi profilaktika və hərbi tibb  fakültələrində də aparılır. Bir neçə gün ərzində hər gün ATU-da təxminən 150 tələbə dövlət attestasiya imtahanından keçəcək.

  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu