Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Riçard Risbi, Kembric Universitetinin professoru, Asiya və Orta Şərq dilləri fakültəsinin rəhbəri Cefri Xan və “Global Strategy” şirkətinin direktoru Entoni Fişer Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüşüblər. Bakı Ali Neft Məktəbindən Modern.az-a verilən məlumata görə, qonaqları Azərbaycanda və Bakı Ali Neft Məktəbində Ümumi işlər üzrə prorektor Rəşad Həsənov qarşılayıb. O eyni zamanda xaricdə rəsmi səfərdə olan rektor Elmar Qasımovun salamlarını da qonaqlara çatdırıb.
Daha sonra Bakı Ali Neft Məktəbinin yaranma tarixi haqqında R. Həsənov qonaqlara ətraflı məlumat verib:”Ali məktəbin yaradılmasında əsas məqsəd günü-gündən inkişaf edən ölkəmiz, eyni zamanda istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanmasıdır. Bakı Ali Neft Məktəbində tədris Avropa Kredit Transfer sisteminin tələbələrinə uyğun şəkildə təşkil olunur və bu ali təhsil müəssisəsində Böyük Britaniyanın Heriot Vatt Universiteti ilə əməkdaşlıq çərçivəsində həmin universitetin tədris proqramları da tətbiq olunur”deyə prorektor vurğulayıb.
Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Riçard Risbi Odlar Yurdu Azərbaycanda olduğundan məmnunluq hissi keçirdiyini də qeyd edib:”Azərbaycan sürətli inkişaf yolunda inamla addımlayır . Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ölkədə apardığı uğurlu iqtisadi-siyasi siyasət nəticəsində dünyaya açılmış və regionun önəmli dövlətinə çevrilən Azərbaycan Böyük Britaniya və Aİ dövlətləri üçün böyük əhəmiyyət daşıyan bir ölkəyə çevrilmişdir”.
Böyük Britaniyalı Lord tələbələrə müraciət də edib:”Artıq güclü dövlətə çevrilmiş ölkənizi qorumaq və daha da inkişaf etdirmək Siz gənclərin əlindədir. Siz gənclər nə qədər savadlı olsanız ölkəniz də bir o qədər inkişaf edəcəkdir”.
Çıxışının sonunda Lord Riçard Risbi Bakı Ali Neft Məktəbinin gənc kollektivinə uğurlar diləyib.
Qısa vaxt ərzində Avropa standartlarına cavab verən, inglis dilli, müasir tədris texnologiyaları ilə təhciz olunmuş belə bir universitetin yaranmasını yüksək qiymətləndirən Kembric Universitetinin professoru Cefri Xan Bakı Ali Neft Məktəbi ilə gələcəkdə bir çox sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.
Tədbir çərçivəsində qonaqlar BANM tələbələrinin çox saylı suallarını cavablandırıblar.