Mayın 28-31 tarixlərində 2013-cü il Avropa Gənclər Paytaxtı olmuş Sloveniyanın Maribor şəhərində Avropa Gənclər Paytaxtları Şəbəkəsinin rəsmi qeydiyyata alınmasına dair rəsmi görüş keçirilib. Bu görüşdə indiyədək Avropa Gənclər Paytaxtı seçilmiş şəhərlərin rəsmi nümayəndələri qatılıb. Modern.az xəbər verir ki, 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərini bu görüşdə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının oğlu Elmir Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Görüş zamanı şəbəkənin məqsəd və vəzifələri ilə bağlı məsələlər müzakirə aparılıb və həmçinin fəaliyyət planı hazırlanıb.
Elmir Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti müxtəlif dövürlərdə Avropa Gənclər Paytaxtı olmuş İtaliyanın Turin, Portuqaliyanın Braqa, Yunanıstanın Soloniki, Rumınyanın Kluj-Napoka şəhərlərinin nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçirib və 2016–cı il Gəncə Avropa Gənclər Paytaxtı çərçivəsində mümkün əməkdaşlıqlar müzakirə olunmub.
Qeyd edək ki, səfər zamanı nümayəndə heyəti eyni zamanda tədbirə ev sahibliyi edən Maribor şəhər adminstrasiyasının direktoru Larko Jula ilə də görüşüb və Maribor Avropa Gənclər Paytaxtı 2013 və Gəncə Avropa Gənclər Paytaxtı 2016 mövzusunda təcrübə və fikir mübadiləsi aparıb.
Onu da bildirək ki 2015-ci ildə Avropa Gənclər Paytaxtları şəbəkəsinin sədirliyi Gəncə şəhərinə keçəcək.
Modern.az