Modern.az

Yağış

Yağış

4 İyun 2014, 13:41

[email protected] 

Yağış elə həvəslə yağırdı ki, sanki bir daha özünü göstərmək imkanı olmayacaqdı. Pəncərənin çölə açılan nəfəsliyinin şüşəsini yuya-yuya üzüaşağı yuvarlanırdı. Torpağa düşəndə ayaq altda qalmaqdan xoflanırdı. O üzdən tez dərinliklərə çəkilirdi. Daha çox yarpaqların üstündə özünə yataq qurmaqdan ləzzət alırdı Yağış: “Oooh... Nə şahanə mövqedir!”

Ağacların Göylərə uzanmış qollarına sığınan Damcı bacılar bir yerə yığışıb söhbətləşirdilər. Hələ ki, Göylə Yer arasında yolda olan soydaşlarının tələsməyinə baxıb gülüşür, aqibətini gözləyirdilər.

Göydən gələn yorğun Damlalar insanların çiyninə qonub dincini alırdı. Oğlan Damlalara özündənrazı xanımların saçlarını sığallamaq nəsib olanda lap həyəcanlanırdılar. O qızların üz-gözündəki kosmetikanı (bər-bəzəyi) yuyub aparmaq xariqüladə duyğular yaşadırdı onlara.

Yağış tutan küçədən bir gözəl keçdi. “İlahi bunu necə yaradıbsa?!..” – deyə ürəyi titrəyən oğlan Damla tələsdi qızın yanağından öpməyə. Necə tələsdisə, tellərindən sürüşüb dodağına düşdü. “Ah! Ah! Ürəyim, ürəyim köksümdən çıxacaq!” – deyə ün saldı  sevincdən. Haraya yetişən Külək dərhal Yağış Damlalarını sovurub gözəldən ayırdı. Bircə anlıq səadəti əlindən çıxan Damla hirsləndi: “Mərdiməzara bax! Qoymaz ki...”

Yarpaqların üstündə şellənən xanım-xatın Damcılar da şıltaqlıqda qardaşlarından geri qalmadılar. Əl-ələ tutuşub necə atlanıb-düşdülərsə, yarpaq çevrildi və... ağac altda öpüşmək istəyənlər islandı. Damcı bacıların qoçağı oğlanın yaxasından içəri girib sinəsini sərinlətdi, çox irəli gedə bilməyəni çiyinlərinə hoparaq varlığını hiss etdirdi ona, ən mərhəmətlisi isə tellərini hamarladı.  

Bu Yağışdan qurtuluş yox idi. Hər kəs nəsibini almışdı. Üzünü Göylərə tutub heyran-heyran Yağışa tamaşa edən Yaşlı və Tənha Kişi də yetərincə sığallanmışdı. Ciyərlərinə dolan təmizlik qoxusundan, oksigen bolluğundan içi arıtlanmışdı. Həyata qarşı kin-küdurəti yox olmuşdu. Özünü lap on beş yaşında hiss edirdi.

Yağış hamını islatmışdı. Hamı paklaşmışdı. Yüngülləşmişdi. Uşaqlarının əlindən tutub qaçan Ana da, qucağındakı oğlunu bərk-bərk köksünə sıxan Ata da.

Güllərin ləçəyində büllur kimi bərq vururdu Damlalar.

Pəncərələri xal-xal bəzəmişdi Yağış. Çaylara, dənizlərə ürək-dirək verirdi: “Gəlirəm, darıxmayın.”  

Göylə Yer arasında akrobatik hərəkətlər edən Damlalar son dayanacağa çatanadək doyunca əylənmək istəyirdilər. Torpaq onları yaman sevirdi. Əlinə keçən Damcını dərhal özününküləşdirir, canına hopdururdu. Damlalar hansı gülün ləçəyində, otun arasında, yarpağın üstündə gizlənsələr də Torpağın cazibəsindən qaça bilmirdilər. Ona görə də mümkün qədər açıq havada qalmağa, ətrafı seyr etməyə can atırdılar. DAMLALAR BÖYÜK GƏZİNTİYƏ ÇIXMIŞDILAR.

Birdən gördülər ki, ağac altda yağışdan daldalanan yeniyetmə narahat baxışlarla sağa-sola döyükür. On üç-on dörd yaşı ya olardı, ya olmazdı. Bəlli ki, sevgilisini gözləyirdi. Ümidsiz baxışları deyirdi ki, qız gələnə oxşamır.

Yarpağın üstündə yelləncək qurub əylənən Damcının yeniyetməyə ürəyi yandı. Tez yellənib onun yanağına atlandı. Qəfil təmasdan diksindi oğlan. Damla onu öz təbirincə əzizləyib könlünü aldı.  

Yağış Torpağı sevindirməkdən, Havadakı tozu yuyub aparmaqdan, İnsanlara sığal çəkməkdən usanmırdı. YER ÜZÜ XOŞBƏXT İDİ!

mart 2013 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi