Modern.az

Ali məktəblərimizdə hansı kafedra yoxdur?..

Ali məktəblərimizdə hansı kafedra yoxdur?..

4 İyun 2014, 14:40


Azərbaycan Respublikasında son illər ərzində təhsil sahəsində aparılan islahatlar təhsilimizin məzmununun və formasının müasir tələblər səviyyəsində qurulmasına və daha da inkişaf etməsinə, şəxsiyyət yönümlü təhsilin formalaşmasına geniş imkanlar açıb. Məhz bunun nəticəsidir ki, respublikamızda formalaşmış şəxsiyyət yönümlü təhsil prosesi artıq dünyanın inkişaf etmiş təhsil müəssisələrinin tələbləri ilə ayaqlaşır. 

Son zamanlar ali məktəblərə qəbul, eləcə də dövlət qulluğuna qəbulda məzunların göstərdiyi nəticələr və təhsildəki inkişaf dinamikası dediklərimizin əyani sübutudur. Bu prosesin artan dinamika ilə inkişafı təhsilimizi qabaqda daha da böyük uğurların gözlədiyindən xəbər verir. Dünya fənn olimpiadalarında məzunlarımızın əldə etdiyi uğurlar da dediklərimizin əyani sübutudur.

Amma bütün sadaladığımız məsələlərlə yanaşı, təhsil prosesində qarşılaşdığımız və həllini gözləyən bəzi məsələlər də vardır ki, onların həlli hələ də bizi gözləyir. Belə ki, istər magistraturaya qəbul prosesində, istərsə də dövlət qulluğuna qəbul imtahanlarında məntiq fənni əsas fənn blokuna salınıb. Sadaladığımız bu hallara baxmayaraq respublikada təhsil prosesi ilə məşğul olan ali məktəblərimizin heç birisində “Məntiq” kafedrası fəaliyyət göstərmir. Məntiq fənni yalnız “Fəlsəfə” kafedralarında bir fənn kimi tədris edilir. Misal üçün deyə bilərik ki, Avropa ölkələrinin əksər universitetlərində məntiq kafedraları fəaliyyət göstərir.

Bu fənnin yalnız formal məntiq fənni kimi (Aristotel məntiqi) tədrisi gələcək məzunların həm magistr, həm də dövlət qulluğuna imtahanlarda müəyyən çətinliklərlə qarşılaşmasına səbəb olur. Çünki magistr və dövlət qulluğu imtahanlarında analoji olaraq formal məntiq məsələləri deyil, əsasən riyazi məntiq və fəza məntiqi məsələlərinə üstünlük verilir. Məzunlar isə bu boşluğu doldurmaq üçün əsasən repititorlara müraciət etmək məcburiyyətində qalırlar. Bu isə məzunlar üçün  əlavə (maddi) problemlərin yaranmasına səbəb olur.   

Fikrimizcə, respublikanın ali məktəblərində ya “Məntiq” kafedraları yaradılmalıdır, ya da dövlət qulluğu və magistraturaya qəbul prosesində məntiq fənn blokuna daxil olan suallar dünyagörüşü əhatə edən suallarla əvəz edilməlidir. Birincinin yaradılması intelektual kapitalın daha da müasir səviyyədə inkişafına və formalaşmasına təsir etdiyindən daha məqbul hesab edilə bilər. Bu isə sovet dövründən formalaşmış təhsil sistemimizdə yeniliyə doğru atılmış ən mütərəqqi addımlardan biri olardı.

Rəşad Əsgərov
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu