Azərbaycanda yaşayan eynicinsli ingilislərin bağladıqları nikahlar qeydə alınacaq. Bu barədə Modern.az-a Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Günel Əhmədova açıqlama verib. O bildirib ki, bu günə kimi Azərbaycanda yaşayan və eyni cinsə malik olan şəxslərin evliliklərinin statistikası aparılmayıb.
“Hələ ki, belə bir statistika aparılmayıb. Böyük Britaniya hökumətinin eynicinsli nikahlar bağlamağa icazə verən qərarı yeni olduğundan belə bir statistika yoxdur. Lakin qərar qəbul olunduqdan sonra ola bilər ki, aparılsın. Yəni bundan sonra prosedurun necə olacağını demək çətindir”.
Böyük Britaniyanın Rusiya, Çin, Serbiya, Macarıstan və Azərbaycan səfirliklərinə eynicinslilərin nikahını qeydiyyata almaq icazəsi verilib. Bu barədə İngiltərənin “The Telegraf” qəzeti yazıb.
Qəzetin yazdığına görə, Böyük Britaniyanın diplomatik nümayəndəliklərində Birləşmiş Krallığın adları çəkilən ölkələrdə, həmçinin Boliviya, Kamboca, Çili, Yaponiya, Kolumbiya, Estoniya, Latviya, Monqolustan, Çernoqoriya, Nikaraqua, Peru, San-Marino, Vyetnam, Kosovo, Filippin, Kosta-Rika, Dominikan Respublikasında yaşayan vətəndaşları nikaha girə bilərlər.
Gültəkin ƏLƏSGƏR