İyunun 3-də Astara şəhər sakini, 2011-ci il təvəllüdlü Babazadə Ədalət Hikayət oğlu rayon mərkəzi xəstəxanasının həyətində mazut çalasına düşərək vəfat edib. Bu barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçiriblər.
Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində hadisə baş verən sahənin əvvəllər xəstəxananın isitmə qurğuları üçün torpağın altında tikilmiş mazutun saxlandığı yer olduğu müəyyən edilib. 2012-ci ilin mart ayında “Real” mənzil-tikinti kooperativi tərəfindən xəstəxanada əsaslı təmir işləri aparılarkən həmin ərazinin üst hissəsinə torpaq tökülərək yaşıllıq zolağı salınmışdır. Qeyd edilən tarixdə Ə.Babazadə anası ilə xəstəxanaya gəlmiş və orada oynayarkən yaşıl ot örtüyü çökdüyündən o, içərisində mazut olan yerə düşüb boğularaq ölüb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Modern.az