Modern.az

Deputat AŞPA-da sünnət məsələsini müzakirəyə çıxardı

Deputat  AŞPA-da sünnət məsələsini müzakirəyə çıxardı

5 İyun 2014, 14:38


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Paris qərargahında bu təşkilatın Mədəniyyət, elm, təhsil və media Komitəsinin iyunun 4-də iclası keçirilib.   

Modern.az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov üzərində işlədiyi “Etiqad azadlığı və dini təcrübələr” adlı məruzə ilə bağlı çıxış edib.   

İclasda Rafael Hüseynov deyib: “İnanıram ki, çoxları üçün maraqlı olan bu mövzunun müzakirələri hələ komitədə bir neçə dəfə davam etdiriləcək və bu, sadəcə ilk addımdır. Mənə tapşırılmış inanc azadlığı və dini ənənələrlə bağlı məruzənin təklif etdiyi tədqiqat dairəsi, şübhəsiz ki, genişdir və bir məruzə içərisində belə mürəkkəb, zəngin mövzu dairəsini bütün aspektləri ilə əhatə etmək çətindir, bəlkə də mümkünsüzdür. Çünki bu, dərindən araşdırılmalı onlarla detalları əhatə edən mövzudur ki, əslində həmin bəndlərdən hər biri özlüyündə ayrıca məruzəyə çevrilə bilər. 

Zənnimcə, doğru seçim ondan ibarətdir ki, problemin ümumi fəlsəfəsi və səciyyəsi verildikdən sonra konkret olaraq hansısa istiqamətlərə daha çox diqqət yetirilsin, onların mahiyyəti daha geniş şəkildə şərh edilsin. Dini təcrübələr sırasında oğlan uşaqlarının sünnət edilməsi məsələsi xüsusi yer tutur və bu ənənə çox qədimdir. Əlbəttə, bu ənənəni sırf dini çərçivə ilə də məhdudlaşdırmaq tam düzgün sayıla bilməz. Çünki bu adətə əsrlər boyu yalnız bir dinin təmsilçiləri əməl etməmişlər.    Təməlində əqidə, inanc məsələsindən daha çox tibbi səbəblər dayanan sünnət, belə anlaşılır ki, sadəcə, əvvəldən insanların bu adətə daha sistemli bir şəkildə riayət etsin deyə dini çərçivəyə salınmışdır. Həm də orta əsrlərin müsəlman hüququna, fiqhə görə burada könüllülük əsas götürülmüş, nəinki başqa dinlərin nümayəndələrinə qarşı, hətta eyni dinin daşıyıcılarına da bu adətə əməl edilməsində heç bir məcburiyyət tətbiq edilməmişdir.   

Əgər insanlar əsrlər boyu öz ömürlərinin, ürəklərinin bir parçası olan balalarının zahirən ağrılı görünsə də sünnət edilmələrini lazım bilmişlərsə, demək ilk növbədə, bunun faydasını da düşünmüşlər. Hansı valideyn məntiqsiz yerə öz balasını ağrıya məruz qoymağı rəva bilər?! Tarixi təcrübə də əyani şəkildə göstərir ki, hələ heç bir övlad yaşa dolduqdan, dünyanı dərk etdikdən sonra valideynlərini ittiham etməyib ki, niyə onu uşaq ikən sünnət etmişlər. Amma artıq yavaş-yavaş nümunələrinin şahidi olduğumuz başqa bir hal isə insan haqları baxımından diqqət yetirilməyə layiqdir.   

Təkcinsli ailələr qurulur və onların rəsmən övladlığa uşaq götürüb saxlama halları da mövcuddur. Həmin uşaqlar böyüyəndən sonra hansı valideynlərin övladları olduqlarını anlayandan sonra ciddi psixoloji sarsıntılarla üzləşə bilərlər. Ona görə də qanun ilk növbədə, məhz gələcəyi çətin problemlər vəd edən belə halları diqqətdə saxlamalı və onların qarşısını almaq üçün tədbirlərini görməlidir. Əsrlərin sınağından uğurla çıxmış ənənələrdənsə qorxmaq lazım deyil”.

 

Modern.az


Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu