Modern.az

Oqtay Əsədov:”Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatlar öz səylərini artırmalıdır” - FOTO

Oqtay Əsədov:”Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatlar öz səylərini artırmalıdır” - FOTO

5 İyun 2014, 16:44


Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan parlamentinin nümayəndə heyəti iyunun 4-də Moskvaya rəsmi səfər edib. Səfər çərçivəsində O. Əsədov Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, Azərbaycan ilə Rusiya arasında keçirilən görüşdə  ikitərəfli münasibətlər və parlamentlərarası əməkdaşlığın dinamik inkişafı ilə bağlı müzakirələr aparılıb.

A. Təvəkküloğlu sözlərinə görə, aparılan müzakirələr zamanı çıxış edən Valentina Matviyenko Rusiya üçün Azərbaycan ilə bütün sahələrdə münasibətlər strateji xarakter daşıdığını və  Rusiyanın ölkələrimiz, o cümlədən parlamentlərimiz arasında yüksək səviyyədə dialoqun dəstəklənməsinə daim böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Rusiyanın həm də beynəlxalq məkanda əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu da bildirib.
“Biz regionlar palatası olmaqla regionlararası əməkdaşlığa xüsusi diqqət yetiririk. Şadıq ki, Azərbaycanın regionları ilə Rusiya Federasiyasının 70-dən çox regionu arasında sazişlər bağlanıb. Azərbaycan Prezidenti Administrasiyasının himayəsi altında keçirilən regionlararası forumları da yaxşı format hesab edirik. Volqoqradda bu cür forum uğurlu oldu. İndi 5-ci regionlararası foruma hazırlıq işləri görülür. Bu forum Qəbələdə keçiriləcəkdir”, - deyən V.Matviyenko Rusiya ilə Azərbaycan arasında humanitar sahədə münasibətlərin də səmərəli olduğunu da vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda Beynəlxalq Humanitar Forum keçirilməsini yüksək qiymətləndirib və qeyd edib ki, bu Forum aktual məsələlərin müzakirəsi üçün ciddi bir məkana çevrilib.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu vurğulayıb. O, əminliklə bildirib ki, qarşılıqlı səfərlər və bu cür görüşlər ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bu gün Azərbaycan ilə Rusiyanın strateji tərəfdaşlar olduğunu söyləyən O.Əsədov əlaqələrimizin yüksək səviyyəyə çatmasında dövlət başçılarının xüsusi rolunu qeyd edib.
“Siyasi, mədəni və humanitar sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələrimiz genişlənir. Son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 800 milyon ABŞ dollarına çatıb. Azərbaycanda tədrisin rus dilində olduğu 300-ə yaxın ümumtəhsil məktəbi, Moskva Dövlət Universitetinin Bakı filialı və Slavyan Universiteti fəaliyyət göstərir. “Ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlər böyük rol oynayır. Biz həm ikitərəfli formatda, həm də MDB Parlamentlərarası Assambleyası və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik”deyə O.Əsədob qeyd edib.
Milli Məclisin sədri Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunub:”Bu problem ölkəmizin inkişafı və regionda sülhün bərpa edilməsi yolunda ciddi maneədir. Azərbaycanın bu problemin həllində ikili standartlarla üzləşir. Əminəm ki, beynəlxalq təşkilatlar bu münaqişənin həlli üçün səylərini artıracaqlar”.
Nümayəndə heyətlərinin üzvləri ikitərəfli əməkdaşlığın müqavilə-hüquqi bazası barədə də fikir mübadiləsi aparıblar. Görüşdə miqrasiya qanunvericiliyi sahəsində mövcud problemlərə də toxunulub. Tərəflər bu problemlərin yaxın vaxtda nizamlanacağını və bu kimi məsələlərin əsasən  texniki xarakter daşıdığını əmin olduqlarını bildiriblər.


Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu