“İsmayıllı işi” prosesi üzrə həbs olunmuş müsavatçı Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədovun bu günə qərarlaşdırılmış apellyasiya məhkəməsi təxirə salınıb. Bu haqda məlumatı Modern.az-a REAL Hərəkatının üzvü Erkin Qədirli verib: “İyunun 5-də İnşallah Quliyevin sədrliyi ilə Tofiq Yaqublu və İlqar Məmmədovun birinci instansiya məhkəməsinin qərarına etiraz olaraq, növbəti apelylasiya məhkəməsi olmalıydı. Bu gün Şəki Apellyasiya Məhkəməsindən heç bir izahat vermədən bildirdilər ki, məhkəmə təxirə salınıb. Ancaq məhkəmənin nə vaxta təyin olunduğunu isə demədilər. Bizdə məhkəmənin təxirə salınma səbəblərini öyrənməyə çalışırıq”.
Hərəkat üzvü onu da bildirdi ki, İlqar Məmmədovun səhhəti ilə bağlı məlumat almaq üçün gözləyirlər.
“Sovqat gətirmişim. Hazırda İlqar Məmmədovun saxlanma şəraiti və səhhəti ilə bağlı məlumat almaq üçün içəri adam da keçib”.
Xatırladaq ki, Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı T. Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədova Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23-də və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.
Gültəkin ƏLƏSGƏR