Modern.az

Oqtay Əsədov Sergey Narışkinlə görüşdü

Oqtay Əsədov Sergey Narışkinlə görüşdü

5 İyun 2014, 17:59


Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti iyunun 5-də Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşüb.

Görüş barədə Modern.az-a məlumat verən Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun sözlərinə görə, Dövlət Dumasının sədri S.Narışkin qeyd edib ki, parlament əlaqələri iki dövlət arasında böyük siyasi dialoqun tərkib hissəsidir. O, ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulamış, parlamentlərarası əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu qeyd edib.

Sergey Narışkin deyib: “Parlamentlərin qarşılıqlı fəaliyyəti bütün sahələrdə - siyasi, ticari-iqtisadi və humanitar sferalarda əməkdaşlıq üçün əlverişli şərait yaradır”. Dövlət Dumasının sədri Rusiya tərəfinin Azərbaycanla strateji tərəfdaşlığı möhkəmlətməkdə və genişləndirməkdə maraqlı olmasını təsdiqləyib.

S.Narışkin Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşünün əhəmiyyətini vurğulayaraq əmin olduğunu bildirib ki, bu nümayəndə heyətinin səfər çərçivəsində hökumətlərarası komissiyanın Rusiya tərəfindən həmsədri, baş nazirin müavini Dmitri Roqozinlə görüşü də Rusiya-Azərbaycan dialoqu üçün faydalı olacaq.

Milli Məclisin sədri Oqtay Əsədov, öz növbəsində, Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin yüksək səviyyədə olmasını qeyd edib.

O.Əsədov vurğulayıb: “Azərbaycanda Rusiya ilə dostluq, mehriban qonşuluq münasibətlərinə çox böyük əhəmiyyət verilir, bu əlaqələr Azərbaycanın xarici-siyasi fəaliyyətində prioritet hesab edilir. İyun ayında rusiyalı yüksək vəzifəli şəxslərin Azərbaycana çoxsaylı səfərləri nəzərdə tutulur. Bu ayda Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov Bakıya səfər edəcəkdir. Biz Dmitri Roqozini də Azərbaycanda gözləyəcəyik. Bu ayın axırlarında ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək iclasında sizi görməyə şad olarıq”.

Azərbaycan parlamentinin spikeri əmin olduğunu bildirib ki, ATƏT Parlament Assambleyasının iyunun 28-də Bakıda açılacaq sessiyasında mühüm məsələlər müzakirə ediləcək..

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin komitə sədrləri Arif Rəhimzadə, Əli Hüseynli, Azərbaycan parlament aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar, habelə rusiyalı senatorlar – Rusiya-Azərbaycan Parlamentlərarası əməkdaşlığı üzrə Duma komissiyasının üzvləri iştirak ediblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu