Modern.az saytı yazıçı-publisist Mahir Qabiloğlunun tərcüməsində Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirini təqdim edir.
Sevgi, dostunu tanı.
Nifrətə ürək vermə..!
Qarşısında diz çöküb,
Özünü təhqir etmə.
Sevgi, sənin bir dünya,
Ülvi məhəbbətin var.
Hər şeyə qalib gələr
Sevgi olsa kimə yar...
İrəli get, büdrəmə
İnciklik görən təki...
(Gözlərini yum həmən,)
Qısqanclıq kor edərsə,
Bunun yoxdur həkimi...
Gözlərini heç yumma,
Yaxşı, sən deyən olsun,
Qoy bu yolda həmişə,
Sevgi səni qorusun.
Ağlın olsun, ay sevgi,
Qürura inanarlar?
O bir səddir arada,
Bərk vur, tökülsün daşlar..!
De, kimə oynayırsan
Uşaq-muşaq oyunu?
Baxılan sən, baxan sən,
Ay özünün vurğunu...
Bil ki, sevgi hər zaman,
Xoşbəxtdən də xoşbəxtdir;
Sənsə ondan hürkürsən
Ondan qorxan bədbəxtdir.
Bil, nə qədər uçarsan
Ümidlər qanadında,
Nifrət geri çəkilər
Sevginin qabağında.
İstəyirsən bu sevgi
Tükənib, heç bitməsin?
Günəş batsın, yerini,
Heç vaxt Aya verməsin?
Bu heç mümkün də deyil –
Gün doğub-batmalıdır.
Qaranlıq gecədə də
Arzu boy atmalıdır...
Ağlama, yalvarıram,
Sevgi, sən mənə inan;
Ağlamağın gecələr,
Məni kövrəldir yaman.
Ay-ulduz istəmirəm,
Anlayın ki, nəhayət,
Mənə bircə şey lazım:
Sevgi, ülvi məhəbbət..!
Nifrətə dost deyirsən... –
Sevgi, görəsən niyə?!.
Ürəyim sənin deyil,
Kinlisən buna görə?
Mən Səni tanıyalı,
Məni başdan almısan...
Hərdən inanıram ki,
Məni sən yaratmısan...
Ruscadan çevirəni:
Mahir QABİLOĞLU