Modern.az

Avrasiya İttifaqının hərbi bloku YARADILIR: Bakıya qarşı olan KTMT “yeni SSRİ”-yə BİRLƏŞDİRİLİR

Avrasiya İttifaqının hərbi bloku YARADILIR: Bakıya qarşı olan KTMT “yeni SSRİ”-yə BİRLƏŞDİRİLİR

6 İyun 2014, 01:53

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaxın gələcəkdə Avrasiya ittifaqının hərbi qurumu olacaq”. Modern.az bildirir ki, bu sensasiyalı bəyanatla Belorus prezidenti Aleksandr Lukaşenko çıxş edib.

Onun sözlərinə görə, qarşıda Avrasiya ittifaqını ciddi interqasiya gözləyir. “Qarşıda bizi bu ittifaq çərçivəsində siyasi və hərbi inteqrasiya gözləyir. Əgər bu ittifaqın əsasında iqtisadiyyat durursa o zaman biz hökmən onun müdafiəsini də təşkil etməliyik. Fikirmcə, biz tezliklə KTMT-nin Avrasiya İttifaqının tərkib hissəsi olması barədə qərar verəcəyik. Bu bizim hərbi təşkilatımız olacaq”-deyə Belorus prezidenti vurğulayıb.

Qurumun Avrasiya İttifaqı ilə əlaqələrinin yaradılması barədə Modern.az hələ ötən il yazıb. 2013-cü ilin noyabrında prezident Vladimir Putin Kremldə yüksək çinli zabitlərə hərbi rütbələrin verilməsi mərasimi zamanı etdiyi çıxışında bildirmişdi ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində regional ordu qrupu yaratmaq barədə qərar qəbul edib. V.Putin regional ordu qrupunu təşkil edəcək ölkələrin adlarını da açıqlamışdı. “Biz Ermənistan, Belorus, Qazaxıstan və Tacikistanla birlikdə regional ordu qrupunun yaradılmasına hazırlaşırıq. Eyni zamanda Ermənistan və Qazaxıstanla vahid Hava Hücumundan Müdafiə sistemi qurmağı planlaşdırırıq”-deyə Kremlin sahibi bildirmişdi. Putinin sözlərinə görə, Moskva daim hərbi dairələrin, strateji qüvvələrin döyüş hazırlığını yoxlamasını davam etdirir. “Ənənəvi tərəfdaşlarımızla və müttəfiqlərimizlə əməkdaşlığımızı genişləndircəyik”-deyə o, bildirib.

Rusiya prezidenti vurğulamışdı ki, belə əməkdaşlıq Rusiyanın və onun tərəfdaşlarının müdafiə potensialını yüksəldəcək. “Bu addımlar Avrasiya məkanında sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək”-deyə Putin vurğulayıb.

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi 1992-ci il mayın 15-də Daşkənddə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistan tərəfindən imzalanıb. 1993-cü il sentyabrın 24-də Azərbaycan, sentyabrın 9-da Gürcüstan, dekabrın 31-də isə Belarus bu sazişi imzalayıb. Müqavilə 1994-cü il aprelin 20-də qüvvəyə minib. Beş il üçün nəzərdə tutulan sazişin sonradan uzadılması nəzərdə tutulurdu. 1999-cu ildə Azərbaycan, Gürcüstan və Özbəkistan KTMT-də daha beş il qalmaqdan imtina edib və sazişi imzalamayıb. 2002-ci ildə Moskvada qurumun adı dəyişdirilərək, ona beynəlxalq status verilib. Qurum Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlandırılıb.

 

X. SƏFƏROĞLU


Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu