Dünən sosial şəbəkədə makulaturaları ilə ədəbiyyatda peyda olan yazarlardan biriylə aramızda konflikt yaşandı. Silsilə şəklini almış masturbasyon statuslarından birinə əks şərh yazdım. Sən demə bu, ifrat ambisiyalı imiş. Etməyib tənbəllik şərhimə "nəzirə" yazıb. "durumunu yenilədi". Araq butulkası əlindən düşməyən bu tərkidünya şükürlər olsun ki, bir elə nüfuza malik deyil. Odur ki, qarşımda ad yazmaq zərurəti də yoxdur. Həmçinin yazının reytinqini də düşünmək lazımdır. Əks təqdirdə oxucular məni bekarlıqda qınaya bilər.
Ancaq burası da var ki, küll halında istənilən məxluq, irəli sürülən ideya təsir gücünə malik ola bilir. Ayrılıqda zərərsiz olan istənilən məfhum, məxluq toplu halda qorxu saçır. Alatorançılar, AYO-çular şərti adı altında keçən əsrin sonunda ədəbiyyata "Postmodernist"lər ayaq açdı. Bunların cızma-qaraları, fəlsəfi don geyindirdiyi sərsəm fikirləri oxucularında Dorian Qreyin üzərindəki Lord Henri effekti yaradıb ( Söhbət ingilis yazıçısı Oskar Uayldın "Dorian Qreyin Portreti" romanından gedir). Dünənki statusa yazılan çoxsaylı tərəfkeş şərhləri də bunu bir daha sübut etdi. Məni kəmsavad dardüşüncəli adlandırıb, məsxərəyə qoydular. Təəssüf ki, əksəriyyəti qadınlar idi. Aralarında bir peşəkar tərcüməçi də vardı ki, tərcümələrini oxuduğuma sözün həqiqi mənasında peşman etdi məni. Durduğum yerdə vulqar ifadələrə qonaq oldum.
Yaradılması ədəbiyyatı mədhiyyə üslubundan kənara çıxarmaq, ona yeni forma və məzmun vermək məqsədi daşıyan, hazırda isə üzqarası olan bu ədəbi birliyin həmtəsisçisi Həmid Herisçi yaxınlarda saytların birinə verdiyi açıqlamada bu keçmiş ittifaqdaşları haqqında "bunlar sadəcə nihilistlərdi" deyərək, çox düzgün bir fikir ifadə etdi. Bəli, heç bir bəşəri dəyərə xidmət etməyən sərsəm ideyaları ilə bunların yaradıcılığı yalnız bir amala, "heçliy"ə xidmət edir.
Bu yazarlar həftəsonu keçirilən kitab yarmarkalarında bir-iki manata belə? alıcısı tapılmayan bir qalaq makulaturalarına baxdıqda, həmkarları Seymur Baycanın təbirincə desək, ərə getmək istəyən qızın cehizinə baxan kimi acı təəssüf hissi keçirirlər. Buna görədir ki, motivasiyalarını tamamilə itiriblər. Belə olan halda isə, gündəmdə qalmağın ən asan yolu sosial şəbəkələrdə maraqları qurşaqdan aşağı yönəltmək, mentallığa qarşı çıxmaq, inancları tənqid etməkdir. İstənilən dəyərin bu və ya digər dərəcədə yanlış başa düşüldüyü, şəxsi fikrin hökm-fərma olmadığı bir cəmiyyətdə bundan optimal variant da yoxdur.