Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan son zamanlar bir qədər intensivləşib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərləri və münaqişənin həlli ilə bağlı tərəflərə təklif olunan variantlar da bunu təsdiqləyir. Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmilər birmənalı olaraq münaqişənin Azərbaycanın ərazi bütövlüyü təmin olunması şərtilə həllinin mümkünlüyünü vurğulayırlar. Hətta sülh yolu ilə mümkün olmadığı halda müharibənin yenidən başlayacağı da istisna olunmur.
Təbii ki, hakimiyyətlə yanaşı, bütün Azərbaycan cəmiyyəti Qarabağ münaqişəsinin yalnız ərazi bütövlüyü prinsipinə uyğun həllini arzulayır. Bəs, indiki şəraitdə müxalifət bu münaqişənin həlli ilə bağlı hansı fikirdədir? Bu suala cavab almaq üçün Modern.az Azərbaycanın bir sıra siyasi partiyanın fikirlərini öyrənib.
“Rusiya əgər Dağlıq Qarabağın qaytarılması ilə Azərbaycanı yenidən “dostuna” çevirmək istəyirsə, yanılır”. Bunu ADP sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, Azərbaycan xalqı bununla razılıq verməməlidir: “Bizim Dərbənd xanlığı bu gün də Rusiya tərəfindən hərtərəfli ilhaq olunub. Çox böyük bir ərazimiz- Dağıstan Rusiyanın əsarəti altındadır. Bu ərazi də Azərbaycana qaytarılmalıdır. Bizim tarixi ərazilərimizdə Ermənistan dövləti yaradılıb. Ermənistan həmin əraziləri geri qaytarmalıdır. Yalnız bundan sonra biz Rusiyanın Azərbaycan xalqına qarşı qərəzsiz olduğunu deyə bilərik. Azərbaycanın tarixi torpaqları özünə qayıtmayanadək biz heç vaxt iki bərabər dövlət kimi Rusiya ilə əlaqəyə girə bilməyəcəyik və bunu etməməliyik”.
AXCP sədrinin müavini Razi Nurullayevin fikrincə, Ukrayna hadisələrindən sonra Dağlıq Qarabağla bağlı məsələ daha da intensivləşib: “Rusiya Dağlıq Qarabağla bağlı müəyyən müsbət məqamlara toxunaraq Azərbaycanı tərəfinə çəkmək istəyir. Əminəm ki, Azərbaycanla Rusiya arasında belə danışıqlar gedə bilər. Dağlıq Qarabağ haqqında siyasi ixtiyarın birbaşa Rusiyaya verilməsi istənmir. Bu səbəbdən Qərb də münaqişənin tezliklə həll olunması üçün səylərini artırır. Artıq həm Qərb, həm də Rusiya çox yaxşı başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ya Qərblə, ya da Rusiya ilə münasibətlərinin yaxşılaşmasına rəvac verə bilər. Bununla bərabər, münaqişə Azərbaycanı həmin ölkələrdən tamamilə uzaqlaşdıra da bilər”.
ASDP sədri Araz Əlizadə isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin indiki vəziyyətinin Rusiyaya sərf etdiyini düşünür. Onun sözlərinə görə, Rusiya Qarabağın qaytarılması istiqamətində heç bir addım atmayacaq: “Sülh yolu ilə münaqişənin həllini nə qədər istəsəm də, buna inanmıram. Çünki tarix boyu hələ belə bir hal olmayıb ki, qan tökülərək işğal olunmuş torpaqlar sülh yolu ilə geri qaytarılsın. Əgər bu, tarixdə ilk dəfə Azərbaycan üçün baş versə, buna, sadəcə sevinərəm”.
AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev hesab edir ki, bu münaqişənin həllində birbaşa aktiv iştirak etmək istəyən dövlət Azərbaycanı əslində özünə tərəf çəkməyə maraqlıdır: “Məsələ ondadır ki, münaqişənin həlli ilə bağlı ortaq məxrəcə gəlinəcəyi təqdirdə keçmiş muxtar vilayətdə müəyyən müddətdən sonra referendum keçiriləcək. Təbii ki, azərbaycanlılar öz yurd-yuvalarına qayıtmadan keçiriləcək referendumun nəticələri də əvvəlcədən bəlli olacaq. İkincisi, Azərbaycan yeddi rayonunu geri qaytarılandan sonra sülhməramlı qüvvələr araya girəcək. Böyük ehtimal ki, onlar da Rusiya ordusundan ibarət olacaq, Dağlıq Qarabağ həmin sülhməramlı qüvvələr tərəfindən qorunacaq. Belə olan təqdirdə Azərbaycan gələcəkdə münaqişəni silahlı yolla həll etmək imkanları da sıfıra enir. Çünki bunu rus ordusunun başı üzərindən etmək lazım gələcək. Ona görə indiki reallıq nə qədər cəlbedici görünsə də, Dağlıq Qarabağın gələcəkdə Azərbaycan ərazisi olaraq qalıb-qalmayacağı məsələsində böyük suallar yaranır. Bunları nəzərə alsaq demək olar ki, indi regionda baş verən bu proseslər Azərbaycanın bir növ mövqeyini yumşaltmaq, Azərbaycanı öz tərəflərinə çəkmək üçün atılan addımlardır”.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret müzakirəyə çıxarılan və bunun nəticəsində qəbul olunan hər hansısa bir sənədlə tanış deyil: “Ola bilər ki, hansısa konkret sənəd var və bunun əsasında danışıqlar aparılır. Amma Qarabağ danışıqlarında aktivliyin olması sevindirici haldır. Bununla belə, 20 il ərzində danışıqların heç bir səmərəsi olmayıb. Bu səbəbdən indiki danışıqların da səmərəli olacağına inana bilmirəm”.
Ayşən Mönsümlü