Abid Tahirli,
filologiya elmləri doktoru
YUNESKO tərəfindən 2014-cü ilin İsmayıl Qaspiralının xatirə ili elan edilməsi münasibəti ilə
Böyük xalq xadimi İ.Qaspiralının fəaliyyəti çoxşaxəli olduğu qədər də faydalı və zəngin olmuşdur. Məktəbi millətin nicat yolu kimi qəbul edən Qaspiralı 1884-cü ilin yanvarında ənənəvi məktəblərdən fərqlənən təhsil ocağı açdı. Yeni üsulla fəaliyyət göstərən bu məktəbdə tətbiq olunan təcrübə özünü doğrultdu – şagirdlər qısa müddət ərzində oxuma və yazmağa müvəffəq oldular. İ.Qaspiralının təhsildəki islahatı tədricən sistem kimi formalaşdı və «üsuli-cədid» - yəni «yeni üsul» adını aldı. Bu sistem Rusiya müsəlmanları arasında savadsızlığın hakim kəsildiyi bir cəmiyyət üçün ən səmərəli üsul sayılırdı. 2 illik məktəblərdə 9 aylıq tədris ili, 6 günlük tədris həftəsi olurdu. Bir dərs günündə 5 dərs, hər bir dərs də 45 dəqiqə keçirilirdi.
İlk baxışda sadə və aydın görünən bu sistem və onun gətirdiyi yeniliklər əslində cəmiyyətdə mədəni bir inqilaba bərabər idi. Ən əvvəl, bu köhnənin alt-üst edilməsi, inkarı idi. Dövrünün böyük təhsil islahatçısı bu qənaətdə idi ki, ilin 6 ayının, hər günün 3 saatının nəzarətsiz, imtahansız, nizam-intizamsız olan köhnə təhsil sistemi 15-20 il ömür istəyir və nəticədə nə ərəb dili xeyir verir, nə də türk dili bir kamillik. Biliklərin imtahanlarda yoxlanılmaması, təhsilə yiyələnmənin dərəcəsinin müəyyənləşdirilməməsi təhsilin ərəb dilinin, islam qanunlarının öyrənilməsi ilə məhdudlaşdırılması, tədris ilinin 6 aydan ibarət olması, şagirdlərin məişət problemləri ilə ziyadə məşğulluğu, onların zəkat və sədəqəyə alışdırılması, müəllimlərin maaşının azlığı «mədrəsə təhsilinin lazımi səviyyədə olmaması»na dəlalət edir ki, bu da nəticə etibarı ilə «islam əhlinin geriləməsinə» səbəb olurdu.
Maarif fədaisi İ.Qaspiralı «Bəs çarə nədir?» - deyə sual edir və bu çətin, həlli müşkül məsələyə də özü əlac tapırdı: islahatların keçirilməsi. Yuxarıda da gördüyümüz kimi, o, nəzərdə tutduğu islahatları dilə gətirməklə kifayətlənmir, ideyalarını praktik olaraq həyata keçirirdi. Tarixə «cədizm» adı ilə düşən təhsil islahatı, ictimai-siyasi hərəkat XIX əsrin sonlarında çox populyarlıq qazanmış və Krımdan Volqaboyuna, Urala, Qafqaza sürətlə yayılmış, Orta Asiyada, hətta Hindistanda özünə tərəfdarlar tapmışdı. 1913-cü il 12 sentyabra qədər belə məktəblərin sayı təkcə Rusiyada 700-ə yaxın idi.