- Eldəniz, gedək Xızıya.
- Xızıya, niyə? Bəlkə Şamaxıya, ya da Qubaya?
- Yox, gedək Xızıya. Şənbə günüdür. Gecəni də qalarıq. Həm havamızı dəyişərik, həm də suyumuzu.
- Yox, yaxşısı elə Abşeronun qumlu sahilidir. Nə var e, Xızıda. Özü də mayın 31-dir. Soyuqdur oralar, indi ləzzət eləməz.
- Yox, gedək.
- Niyə axı, məhz Xızıya?
- ..........
HAVA DƏYİŞMƏK, SU DƏYİŞMƏK
Bu nə demək idi bilmirdim. Amma hər həftənin şənbə, bazar günü atam məni maşına otuzdurub Şamaxıya, Lənkərana, Yardımlıya, Bakı kəndlərindəki dost-tanışlarıgilə, maşın sürməyə həvəsi olmayanda isə Xəzərin sahilinə aparardı. Özü də məcburi. Getmək istəmirdim. Çünki mənim istəyim Bulvar, Malakan bağı, burdakı “kaçeli”lər, “Araz”, “Vətən”, “Azərbaycan” kinoteatrlarındakı “indiyski”, “amerikanski” filmlər, “Sahil” kafesində verilən dondurma və kofeli kokteyl idi. Atam isə “nə var bu basabasda, tüstüdə. Gedək həm havamızı dəyişək, həm də suyumuzu” deyirdi. Sonralar bunun insan sağlamlığına müsbət təsirini başa düşdüm. Sonralar deyəndə ki, indi. Düz 48 yaşında.
Ömrünün son illəri atam tez-tez nəvələrini də bu cür gəzməyə aparırdı. Onlara kabab qonaqlığı verirdi. Sürücüləri isə mən idim. AzTV-də o qədər işim var idi ki, bir ürəyim orda qalırdı. Bakıdakı restoranların birində oturduqdan sonra deyirdi ki, indi də gedək rayona. Qızlarım “gedək-gedək!” deyib sevinsələr də, çəpəki arxaya baxıb gözümü bərəldəndən sonra kiriyirdilər. Amma gözlərindəki sevinci öldürə bilmirdim. Bunun qabağında məğlub olub “yaxşı gedək, amma yaxına. Maşın sürməli halım yoxdur. Bir az da içmişəm” deyirdim.
Bunu deməyimi görürdüm. Atam ofisiantı çağırıb “deməli iki dənə lüləkabab, iki dənə tikə, iki kartof lüləsi qoy çörəkarası. Bir dənə araq və “borjom”. Rumka maşında var. Bir də “zakuska” – pomidordan-xiyardan. Bir “kulyok”a qoy. Arağı ayrı qoy. Kababın istisi keçməsin arağa” tapşırığını verirdi. Sonra kafedən çıxıb İmamverdiyevlər ailəsi “polnı propiska” (hamımız bir yerdə olanda atam belə deyərdi) minirdik maşına.
- İndi yeyib-içmədik? Bunları niyə götürdün ki?
- İndi getdiyimiz yerdə nə kafe var, nə də ki araq. Ona görə. Amma havası, suyu təmizdir. Acarıq.
- Hara gedirik?
- Xızıya.
- Xızı haradır? Ora niyə?
- Özün demədin ki, yaxın olsun? Ona görə.
- Axı orda qohum, dost-tanış yoxdur?
- Var. Sür, sən bilmirsən.
Çıxdıq Sumqayıt yoluna. O vaxt hələ 50 il ömrü olan indiki bərbad beton yolu çəkməmişdilər. Yol dar olsa da, düpbədüz idi. Trasdan sola yol ayrıldı.
- Hə, Mahir indi başqa bir mənzərədir. Xınalı dağlar başlanır.
Bakıdan 60 kilometr kənarda belə bir mənzərənin olduğunu düzü bilmirdim. Amma sevinirdim ki, yaxındır. Bir az da getdik. Ətrafda heç nə yox idi. Vəhşi təbiət idi. Hava da ki soyuq, dekabr ayı. Qabaqda bir ev göründü. Atam dedi ki, onun həndəvərində saxla. Saxladım.
- Bura haradır?
- Bura Müşfiqin evidir.
Müşfiqin əslən xızılı olduğunu bilsəm də, Bakı şəhərində doğulub, boya-başa çatdığını da bilirdim.
- Müşfiqin Xızıda evi olub ki?
- Hə, düz demədim. Bura Müşfiqin ocağıdır. Xızının ziyalıları qurub bu ocağı. Büstünü qoyublar, ev tikiblər, yol, körpü salıblar çayın içindən. Müşfiqin nə evi var, nə də qəbri. Xızılılar bura gəlməklə təskinlik tapırlar. Hər il doğum-ölüm günündə biz – Cabir Novruz, fəxri dağlı Gülhüseyn Hüseynoğlu, Əlabbas Qədirov, Cabirin oğlu Müşfiq, polkovnik Əbülhəsən və başqaları bura gəlirik.
Tez “besedka”dakı stolun üstünə qəzet saldım. Süfrə açdım. Araqdan badələrə süzdüm. Atam birinci badəni qaldırdı:
- Müşfiq, sənin sağlığına.
Uşaqlar ora-bura qaçır, anamla, həyat yoldaşım soyuq olduğu üçün maşından düşmür, biz isə Heykəlin həndəvərində gəzirdik. Birdən atam həmişəki kimi məni də özündən uzaqlaşdırdı . “Tək qalmaq istəyirəm”. Bir az gəzdikdən sonra yenidən stola yaxınlaşdı.
- Süz! Bunu da Cəfər Cabbarlının sağlığına vurmaq istəyirəm! Xızının böyük oğlu. O da cavan getdi. Yaxşı ki, öz əcəliylə öldü. Yoxsa onu da güllələyəcəkdilər.
Badəni başına çəkdi. Yenidən öz xəyallarına qərq oldu. Gəzişdi. Bir azdan stolun yanına qayıtdı.
- Heyf səndən Cabir Novruz! Sonuncu dağlı şairimiz. Yadındadır da, Cabir Novruz.
- Papa, 40 yaşım var e, Cabir əmi də üç ildir ki, rəhmətə gedib.
- Doğurdan e. Yadında qalmalıydı.
Cabir Novruzun sağlığına (ruhunun sağlığına yox a...) içib yenidən xəyala getdi. Gəzməyə başladı. Müşfiqin heykəliylə sanki nəsə danışırdı. Bilmirdim nə.
Arağımız isə hələ vardı. Düzü təmiz, soyuq hava arağa qalib gəlirdi. Bəzən anamın maşından siqnalı basaraq, “Qabil, bəsdir içdin. Təzyiqin yenə də qalxacaq. Mahir, qoyma onu içsin” sədaları sükutu pozurdu. Ani də olsa. Amma atamı xəyallarından ayıra bilmirdi. Xəyallarından ayırsaydı “bəsdir də, Bəyim. Haram eləmə” deməliydi. Amma demirdi.
Dördüncü badəni isə fəxri dağlı, mənim müəllimim, Müşfiqşünas Gülhüseyn Hüseynoğlunun sağlığı oldu.
- Mahir, sən elə bilirsən Xalq yazıçısı fəxri adını Gülhüseynə qırx il əvvəl yazdığı üç-dörd dənə mənsur şeirinə görə verdilər? Yox. O öz tədqiqatlarıyla, həyatıyla nakam, kimsəsiz Mikayıl Müşfiqə oğulluq etdi. Ona görə aldı bu adı. Halaldır ona. Müşfiqin mənəvi oğlunun sağlığına.
Artıq qaranlıq düşürdü. Xınalı dağlar rəngini dəyişirdi. Süfrəni yığışdırmaq istədim.
- Yığışdırma. Bəs Seyfəddin Dağlı? Yadındadır da? Yaxşı. Cırnama. Səhv etdim. Bilirəm ki, yadındadır. Seyfəddinin sağlığına. Bu Xızı dağlarının sağlığına.
Kiçik ziyafətimiz bununla qurtardı. Maşına oturduq. Geri qayıtdıq. Bu, mənim Xızıya ilk səfərim idi. Belə səfərlər atamın sağlığında iki-üç dəfə də təkrarlandı. Amma heç vaxt “Müşfiq ocağı”ndan oyana keçmədik. Amma bir dəfə israr elədim ki, Xızı bəs burdan ibarətdir? Sualıma cavab olaraq atam “rayon deməklərinə baxma, balaca bir kənddir. İstəyirsən gedək bax” dedi. Bir az da irəli sürdük. Doğurdan da elə atam deyən idi.
ŞAİR QƏŞƏM ASLAN
Atamın bir dostu vardı. Qəşəm Aslan. O vaxt raykomun birinci katibi vəzifələrində işləmişdi. Amma hər dəfə İsmayıllıya gedəndə, onu yada salanda əvvəlinə bir “heyf!” sözünü də artırırdı. Onun vəzifəli biri olmağını heç dilinə də gətirmirdi. Şairliyi, yeyib-içənliyi, məclis adamı, gözəl insan olmağı həmişə önə çəkilirdi. “Heyf” kəlməsini də yol qəzasına düşüb vaxtsız öldüyünə görə deyirdi. Onu da deyim ki, o vaxt bu cür şair, yaxud da şair ürəkli raykom katibləri, indiki dildə desək, icra başçıları Azərbaycanda tək-tük idi. Bəlkə də tək idi.
XƏZƏR ASLAN
Birindən soruşurlar ki, “haralısan?”. Deyir ki, evlənməmişəm. Mən isə evliyəm. Yardımlıdan olduğumu dəqiq bilirəm. Çünki ordan evlənmişəm. Xəzər Aslanov da bu rayona bir müddət başçılıq edib. Düzü, ordakı fəaliyyətini heç izləməmişəm də. Amma Xızı Yardımlı deyil. Daha doğrusu Xızı mənim üçün Yardımlı deyil. Xızı bəlkə də Azərbaycanın Gəncə, Şamaxı kimi şəhərləriylə bir üfüqdə dayanan bir diyardır. Gəncənin Nizamisi var, Şamaxının Nəsimisi, Sabiri var. Xızının da Cəfər Cabbarlısı, Müşfiqi, Seyfəddin Dağlısı, Cabir Novruzu var. Siyahını özüm tam vermirəm. Bütün məşhurları saysam varaq tutmaz.
Xəzər Aslan. Bəlkə də bu təqdimatıma bəziləriniz irad tutacaqsınız. Xızının icra başçısının adı Xəzər, familiyası isə Aslan yox, Aslanovdur. Rəsmi dövlət adamıdır. Prezidentin sərəncamıyla təyin olunub. Ona görə də belə yazılmalıdır. Düzgün iraddır.
Əgər Yardımlıda icra başçısı işlədiyi dövrlər olsaydı bu iradınızı qəbul edərdim. Amma Xızı başqa bir aləmdir. Şairlərin vətənidir. Məzarları burda olmasa da, bəzisinin heç yerli-dibli qəbri belə olmasa da, ocaqları yanır. Ruhları bu diyarda gəzir. Xəzər də şair oğludur. Bu diyardan olmasa da...
2014-cü ildir. Mayın 31-i. Səkkiz ildir ki, Xızıya getməmişdim. Müşfiqin ocağının yanından keçirik. Maşını saxlamıram. O vaxt atamla gəldiyim dövrləri xatırlayıram. Maşından düşüb, yalqız gəzib, ürəyimdəki xatirələri odu sönmüş közə çevirmək istəmirəm. Qoy elə həmişə belə yansın.
Bir az da irəli gedirik. Rayon mərkəzinə çatırıq. Tanımıram. Xızıdırmı bura? Səkkiz il əvvəl gördüyüm Xızımı? Yeni, müasir tikililər göz oxşayır. Abadlıq yüksək səviyyədə. Və hər tərəfdə yeni işlər, tikinti meydançası. Yeni yolların çəkilişi. Yazımı “bir vaxtlar “Xəbərlər”də hazırladığım süjetin mətninə çevirmək istəməzdim. “Səkilər, plitələr, üzlüklər, alman istehsalı pəncərələr, müasir işıqlandırma sistemləri, yeni villalar və sairə”. Bunları yalnız görmək lazımdır. Eldənizin qohumu Namiq Cəfərov bizi qarşılayır. Oturub bir qismət çörək yeyirik. Sonra Namiqin qardaşı Natiq də bizə qoşulur. Arada bir-iki yerə zəng edirlər. Hamısında da deyirlər ki, yerimiz yoxdur. Namiq başlayır saymağa: filan yerdə iki dənə beş ulduz otel tikilir, filan yerdə böyük istirahət mərkəzləri tikilir. İndi də neçəsi fəaliyyət göstərir və sairə, ilaxır. Deyirəm ki, çifayda. Bizimçünsə gecə qalmağa ki, yer yoxdur. Eldəniz də “ay Mahir, başa düş də, mayın 31-dir. Artıq Xızıda bir dənə də boş yer yoxdur. Bu inkişafdır. Sən isə sevinməkdənsə, dodağını sallayırsan”. Bir təhər “Cənnət” bağında bir balaca otaq tapılır. O da böyük minnət-xahişlə.
Çörəyimizi yeyirik. Sərin, günəşli havada bir yüz-yüz də vururuq. Birdən o vaxt – Müşfiq ocağında atamın sağlıq deməyi yadıma düşür. Atam Qabil Müşfiqdən başladı, sonra Cəfərin sağlığına dedi, sonra keçdi Cabir Novruza, Gülhüseyn Hüseynoğluna, Seyfəddin Dağlıya. İndi də Xızıdayıq. Görəsən mən də bu sağlıqları təkrar edimmi? Yox deyilən söz yadigardır. Elə yadigarlığında da qalsın. Mən də necə olmasa atamın davamçısıyam axı. Təxəllüsüm də Qabiloğlu. Gəl bu sözləri davam etdirim.
- Eldəniz, Namiq, Natiq, bu badələri qaldıraq Müşfiq, Cəfər, Cabir, Seyfəddin, Gülhüseyn kimi şairlərin ocağının bu günkü başçısı Xəzər Aslanın sağlığına - Şair Qəşəm Aslanın oğlu – şair oğlu Xəzərin sağlığına. Ona uğurlar.
SON
Ertəsi gün geri qayıdırıq. Eldəniz deyir ki, “ləzzət elədi. Yaxşı ki, Xızıya gəldik”. Daha sual vermədi ki, niyə məhz Xızıya gəldik. Çünki yol boyu bütün bu xatirələri ona da danışırdım.
Eldəniz indi bildinmi ki, niyə Xızını seçdim? Çünki Xızının başçısı şair Qəşəm Aslanın oğlu Xəzər Aslandır. Müşfiqin, Cəfər Cabbarlının, Seyfəddin Dağlının, Cabir Novruzun ocağının başında dayanan, prezidentimizin xeyir-duasıyla bu şairlər diyarında böyük abadlıq-quruculuq işləri görən şair oğlu Xəzər ASLAN.
PS. Bakıya çatanda yadımıza düşdü ki, Xızıya gəlmişik , amma Eldəniz Elgün eloğlu qohumuyla, mən isə əmioğlu Xəzərlə görüşməyib geri qayıtmışıq. Xəzər Aslan, sağlıq olsun.