Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə Ayətullah Xomeyninin vəfatının ildönümü münasibətilə başsağlığı vermək üçün Təbriz şəhərinin cümə imamı Ayətullah Müctəhidi Şəbüstəri ilə görüşüb.
Modern.az İran KİV-nə istinadan xəbər verir ki, Baş konsul görüşdə Xomeynini qlobal şəxsiyyət adlandıraraq deyib: “O, yalnız dünya müsəlmanlarının rəhbəri və Şiə dünyasının təqlid müctəhidi deyil, dünyanın dini dövlət başçıları üçün aydın düçüncəli rəhbər və bacarıqlı siyasi xadim olub. İran İslam Respublikası iqtisadi və ticari strategiya baxımından Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyətə malikdir və dövlət rəsmiləri bu münasibətləri inkişaf etdirməkdə maraqlıdırlar”.
Ayətullah Müctəhidi Şəbüstəri isə görüşdə bildirib ki, İranla Azərbaycan əlaqələrinin inkişafı dini münasibətlərə də müsbət təsir göstərə bilər. Lakin bununla yanaşı o, Azərbaycanın daxili işləri barədə də fikir söyləyib: “Əgər bədxah düşmənlər əngəl törətməsələr, bu münasibətlər get-gedə genişlənə bilər. Bu iki dost ölkənin dini baxımdan ortaq cəhətləri çoxdur. Yaxşı işlərə dəvət etməyin və pis işlərdən çəkindirməyin İslam hökmlərindən olduğunu nəzərə alaraq, Azərbaycanda müsəlman və islamçılarla yaxşı rəftar olunmalı, onlar təzyiq və təqiblərə məruz qalmamalıdırlar”.
Qeyd edək ki, İran Ayətullahları dəfələrlə Azərbaycandakı radikal dindar kəsimin həbsləri barədə öz qərəzli mövqelərini sərgiləyiblər.
Modern.az