“Zorən şorgöz”lə bağlı TƏƏSSÜRAT
Teatra ayaq döyməm artıq vərdiş halı alır. Özümə söz vermişəm – aya ən azı bir tamaşa. Bu dəfə də Dram Teatrı seçdim. Bəyəndiyim aktyor və rejissor Nicat Kazımovun quruluşunda “Zorən şorgöz” tamaşası.
İngilis dramaturqu Rey Kuni şəxsən mənə tanış deyil. Amma onun Dram Teatrda tamaşaya qoyulmuş situasiya komediyasına baxmaq çox xoş idi. Əvvəldən sonadək dinamizm, eksentrika, yumor...
Nicat Kazımov zövqlü adamdır, əcnəbi müəlliflər arasından seçdiyi və hətta tərcüməsini özünün etdiyi əsərlər əsasında hazırladığı bir neçə tamaşaya baxmışam. Düzü, bu dəfə də “itirdiyim vaxta” görə qəti təəssüflənmədim.
...Əhvalat London mehmanxanalarının birində cərəyan edir. Dəyişməz otel otağında (lap “sitkom” seriallarındakı kimi). İqtidar partiyasını təmsil edən deputatla (Riçard Uilli – əməkdar artist Nicat Kazımov) müxalifət liderinin gənc katibəsi (Ceyn Uorzinqton – əməkdar artist Mehriban Xanlarova) arasında yasaq eşq macərası yaşanmalıdır. Amma pəncərədə aşkarlanan “meyit” – Ceynin əri Ronninin (Mətləb Abdullayev) öz arvadını güdmək üçün tutduğu detektivin (Vüsal Mustafayev) “cansız bədəni“ bütün niyyətləri alt-üst edir. Nüfuzuna xələl gələcəyini düşünən və bir müddət qəzet manşetlərindən düşməyəcəyini xəyalından keçirən iqtidar nümayəndəsi “meyiti” şkafda gizlətmək qərarına gəlir. Amma bunun üçün ona kömək lazımdır və o, sadəlövh, “apar-gətir” ustası olan köməkçisi Corc Piqdeni (əməkdar artist Aslan Şirin) təcili mehmanxanaya çağırır...
Aslan Şirinin “zorən şorğözlüyü” məni bir tamaşaçı kimi valeh etdi. Onu bir aktyor kimi özüm üçün kəşf etdiyimə sevinirəm. Əvvəldən axıra qədər rolunu yaxşı oynadı. Mimika, jestlər, tələffüz... bütünlüklə komik və eksentrik mizanlara uyumlu idi.
Baş roldakı Nicat Kazımova da söz ola bilməz. Əhsən! Kazım Abdullayev (mehmanxana müdiri), Rəşad Bəxtiyarov (ofisiant), hətta yeganə replikası pəltək tələffüzdə “çarpayı” sözü olan Dilarə Nəzərova (Mariya) da alqışlara layiqdir. Qadın obrazları içində ehtiraslı “Cooooorc!” bağırtısı ilə Pamela (Riçard Uillinin arvadı – əməkdar artist Şəlalə Şahvələdqızı) və eyni şəhvani oyunu ustalıqla ifa edən Foster bajı-Qledis (Şəhla Əliqızı) tamaşaçını ovsunlaya və rəğbətini qazana bildilər.
100 dəqiqəlik tamaşada heç bəyənmədiyim məqamlar əməkdar artist Mehriban Xanlarova ilə bağlı idi. Sönük ifa! Əsla yerində deyildi. Sünilik çoxdu. Səsdə, jestdə “ərinə xəyanət edən məşuqəyə” bənzərlik duyulmurdu. Elə “ər” də ləhcə kəlmələrlə Ronni obrazına yamaq vururdu. Amma ən azı öz heybətli vücudu və oynadığı rolun “kiçik problemi” (bunu bilmək istəyənlər tamaşaya mütləq baxsın) ilə yadda qaldı.
Qısası, Mehriban Xanlarovanın xəyanətini öz gözümlə gördüm. Amma “ər”inə yox, tamaşaçıya.
P.S. Zalın 4 sırasını keçməyən (o da natamam) kütlə üçün oynanılan tamaşa üçün Nicat Kazımov başda olmaqla hər kəsə – minnətdarlıq!