Bu il Ermənistan-Azərbaycan arasında atəşkəsin bərpa olunmasına dair Bişkek protokolunun imzalanmasının 20 ili tamam oldu.
Atəşkəsin əldə olunmasına baxmayaraq, 20 il ərzində Azərbaycan ordusu çoxlu sayda şəhid verib. Həmçinin 20 il müddətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti yalnız həmsədrlərin dəyişikliyi ilə müşayiət olunub.
Deməli, atəşkəsin əldə olunmasına sözdə hesablanan uğursuz Bişkek protokolu özünü sözün əsl mənasında doğrulda bilmədi.
Qarabağ danışıqlarında ATƏT-in Minsk qrupunun 20 illik fəaliyyətini qarabağlı deputatlar Modern.az-a belə şərh etdi.
“Həmsədrlik institutu ciddi deyil”
Ağdamın deputatı Bəxtiyar Sadıqov bildirib ki, ATƏT-in Minsk qrupu yaradılarkən qarşısında duran vəzifə sülh danışıqları yolu ilə Qarabağ münaqişəsini nizama salmaq olub:
“Ötən 20 il müddətində Minsk qrupunun həmsədrləri dəfələrlə dəyişib. Çoxsaylı səfərlər, görüşlər, danışıqlar olub. Üstəlik bir sıra variantlar təklif olunub. 2001-ci il fevral ayının 22-25-i ulu öndər Heydər Əliyevin iştirak etdiyi Milli Məclisin iclazında Minsk qrupu tərəfindən meydanda Ermənistan-Azərbaycan münaqişəsini nizamlamaqla bağlı 3 təklif vardı. Heydər Əliyev çıxış edərək, o təkliflər haqqında fikirlərini belə dedi. “Bunların hamısını kənara qoyuruq, çünki Azərbaycana sərf etmir”.
İndi o variantları xırdalamıram. Sonra Heydər Əliyev bütün siyasi partiyalara, Azərbaycanda olan ziyalılara, QHT-rə müraciət edərək soruşdu: “Sizin təklifiniz nədir? Siz nə deyirsiniz?”. Təəssüf ki, orda elə ciddi təklif olmadı. Lakin Milli Məclisin qərarı belə oldu ki, bu münaqişəni nizamlamaq üçün danışıqlar dövlət başçısı tərəfindən aparılsın. Çünki Azərbaycan dövləti və Azərbaycan xalqı ulu öndərə inanırdı. İndi də cənab İlham Əliyev bu danışıqları çox böyük uğurla aparır. Danışıqlarla bağlı prezident birmənalı şəkildə deyib ki, “Azərbaycan bir qarış torpağını güzəştə getməyəcək. Azərbaycanın ərazi bütövlüyü məsələsi heç vaxt danışıqlar mövzusu olmayacaq. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır, ancaq bu baş tutmasa, digər vasitələrlə ərazi bütövlüyünü bərpa edəcək”.
Bu gün Azərbaycan modern ordusunu yaradıb. Amma ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri, turist gəzintisi, çevir tatı-vur tatı danışıqları, Ermənistanda olanda ermənilərin xoşuna gələn mövqe nümayiş elətdirmək, Azərbaycanda olanda Azərbaycanı qıcıqlandıran açıqlamalar vermək... Bir sözlə, bunlar vaxt udurlar. Ona görə də millət vəkili kimi ATƏT-in Minsk qrupunun fəaliyyəti məni qətiyyən qane etmir və bu qurumu ciddi saymıram”.
“ ...Boş və mənasızdır”
Zəngilan və qubadlıların parlamentdəki nümayəndəsi İmamverdi İsmayılov isə bildirib ki, Qarabağ düyünü Azərbaycanın inkişafında maraqlı olmayan dövlətlərin əlindədir: “ATƏT-in Minsk qrupunun həmsədrlərinin səfərləri məndə nostaljı duyğular yaradır. Çünki onların səfəri boş və mənasızdır. Həmin dövlətlərin maneçiliyi olmasaydı, Qarabağ problemi çoxdan həll olunmuşdu. Belə təşkilatlar müstəqil və inkişaf edən dövlətləri bu və ya başqa formada təcrid formalarıdır. Təsir dairəsini əldə saxlamaq üçün belə təşkilatlardan istifadə olunur. Onlardan fayda gözləməyin mənası yoxdur”.
“Şuşasız, Kəlbəcərsiz nə Qarabağ var, nə də Azərbaycan”
Cəbrayılın deputatı Astan Şahverdiyev deyib ki, Qarabağla bağlı ölkənin daxili və xarici siyasətini ölkə prezidenti aparır: “ Xalq da cənab prezidentə inanır və bu məsələni ona etibar edir. Cənab prezident dəfələrlə elan edib ki, “biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik”.
Minsk qrupunun həmsədrləri danışıqları süni şəkildə uzadıb status-kvonu saxlamaq xatirinə ağılsız variantlara əl atırlar. Bu, Azərbaycan cəmiyyəti üçün qəbul olunan deyil. Azərbaycan cəmiyyəti üçün qəbul olunan məsələləri cənab prezident dəfələrlə çıxışlarında bildirib. Ona görə də cənab prezidentin apardığı siyasəti tam dəstəkləyirəm. İmkanım daxilində qarabağlı olaraq cənab prezidentə yardımçı olmağa hazıram. Başqa alternativ yol görmürəm. Şuşasız, Kəlbəcərsiz nə Qarabağ var, nə də Azərbaycan”.
“Həmsdər ölkələrini biri-biri ilə problemi var”
Xocalının deputatı Elman Məmmədov qeyd edib ki, danışıqlar prosesində hələ ki müsbət irəliləyiş yoxdur: “ATƏT-in Minsk qrupunun həmsədrləri ilə bağlı dəfələrlə münasibətimi bildirmişəm. Bu institut yarandığı gündən indiyə qədər özünün fəaliyyəti və yaxud fəaliyyətsizliyi nəticəsində bu problemin həllini tezləşdirmək, həll yolunu tapmaq istiqamətini götürməyib.
Onların bütün məqsədi sanki pərdəarxası bu problemin həllini ləngitməyə yönəlib. Çünki ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin özlərinin Cənubi Qafqaz regionunun bir hissəsi olan Azərbaycanda, Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ məsələsində maraqları toqquşur. Həmişə bu ziddiyyətlər olub. Bu gün Ukrayna məsələsi ilə bağlı bu zidiyyətlər daha da kəskinləşib. Belə həmsədrlikdə təmsil olunan dövlətlərdən danışıqlar prosesində nəsə müsbət nəticə gözləmirəm. Dəfələrlə belə bir təklif vermişəm. Bu vasitəçilik mandatı onlardan çoxdan alınmalı idi. Çünki onlar bütün etimadı itiriblər. Geniş bir format tətbiq olunsa, xüsusilə, BMT-nin Təhlükəsizlik Şurası çərçivəsində bir mandat tətbiq olunsa, bəlkə daha əlverişli olar. Qarabağ məsələsinin taleyi milli maraqları, mənafeləri biri-birilə toqquşan, biri-birilə zidd olan 3 dövlətin fikrindən yox, 15-16 dövlətin fikrindən asılı olsa, səs çoxluğu, fikir ayrılığı olar. Bu məsələnin bir tərəfidir.
Digər tərəfdən isə Azərbaycan öz iqtisadiyyatını, bu iqtisadiyyata söykənən ordusunu gücləndirməklə, həmçinin, bütün istiqamətlərdə inkişaf yolu ilə Ermənistanı regionda bütün beynəlxalq layihələrdə sıxışdıra bilər”.
Namidə BİNGÖL