“İlk buraxılış imtahanının nəticələri bu həftə ərzində açıqlanacaq”. Bunu Modern.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.
Qeyd edək ki, dünən TQDK Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirib. Həmin gün eyni zamanda qeyd olunan şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verib.
Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri üçün də buraxılış imtahanı keçirilib.
Bu imtahanlarda ümumilikdə 70 mindən çox şagird iştirak edib.
Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetiriblər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
Hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdlərin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları başa çatdıqdan sonra 10 günədək müddətdə elan edilir.
Misranə Həsənzadə