Gülmirə düşməni ilə qovğaya girişmişdi. Onu təpikləyir, daşlayırdı. Üstünə çığırıb-bağırırdı. Hədə-qorxunun faydasını görməyincə yalvarırdı. Önündə diz çökürdü. Göz yaşlarını düşməninə ərməğan edirdi.
Qızın odlu göz yaşları dənizin vücuduna toxunduqca varlığına qaynayıb-qarışırdı. Nəhayət, ürəyi yumşalmağa başladı. Hirsini-hikkəsini cilovlayıb özünü ələ aldı. Yavaş-yavaş sakitləşdi. Amma olan olmuşdu. Dəniz aldığını geri vermirdi. Hansı düşmən verib ki aldığını?
Çığırtısı dənizə səpələnmişdi. Hər dalğa gəldikcə, su hər ləpələndikcə o səs eşidilirdi: “Vü-saaaaal, Vü-saa-alll!”. Cavab yoxuydu.
Sahil boyu o baş-bu başa qaçan Gülmirə qaranlıq düşənəcən hər yeri ələk-vələk eləmişdi. Dibinə baxmadığı qaya qalmamışdı. Taqətdən düşmürdü. Yorulmurdu. Elə hey axtarırdı. Ayaqlarıyla, gözləriylə. Hər gələn dalğaya qucaq açırdı, “bəlkə sevgilimi verəcək” – deyə. Yaxınlaşan hər ləpədən imdad umurdu.
Axşam öz ömrünü gecəyə bağışlamışdı. Ayın əksi dənizdə üzürdü. Zülmətə bürünmüş sular yatmağa hazırlaşırdı. Sahil mışıl-mışıl mürgü döyürdü. Hələ də Vüsaldan xəbər-ətər yox idi. Gülmirə ümidini kəsmir, nişanlısını gözləyirdi. Dəniz qoynuna aldığı gənci haradasa, dərin qatlarda gizlətmişdi. Tapılmırdı Vüsal.
Qaranlıq Yer üzünü əsir alanda Gülmirə dizlərini qucaqlayıb oturdu düşməninin hüzurunda. Başını köksündə gizlədib hönkürürdü. Birdən istəklisi onu çağırdı: “Gülmirə.” Tez səs gələn səmtə boylandı. Ürəyini döyündürən sevinc atəşfəşanlığı vahiməli qaranlıqla toqquşub yox oldu. Heç nə görünmürdü. Göydəki ulduzlar da qeybə çəkilmişdilər. Ay da dincəlməyə getmişdi. Suyun sirli xışıltısı canını lap sıxdı. Onsuz da canı sıxılıb qupquru çubuğa dönmüşdü. Sanki ruhunu bədənindən çəkib almışdılar.
Axşam quduran dənizin şahə qalxmış dalğaları gecənin gəlişilə quzu kimi sakitləşib Gülmirənin ayaqları altına döşənmişdi. Boynubükük dalğalar ondan üzr diləyirdi, Vüsalını aldıqlarına görə. Dalğalar nə qədər dil töksələr də, dənizi bağışlaya bilmirdi Gülmirə. Sevgilisini dənizə bağışlamağı isə... ağlına sığışdırmırdı.
...Nişanlıların ürəyi dənizdə döyünürdü. Onların vüsalını gözü götürməyən düşmən dənizdə.
aprel 2013