Modern.az

Ukraynada üç azərbaycanlı dövlət orqanlarında yüksək vəzifəyə gətirilib

Ukraynada üç azərbaycanlı dövlət orqanlarında yüksək vəzifəyə gətirilib

9 İyun 2014, 18:17

Ukraynadakı prezident seçkilərindən sonra üç azərbaycanlıya yüksək vəzifə verilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycanın Dubaydakı keçmiş vitse-konsulu, hazırda isə Qafqaz xalqları Ukrayna konqresinin rəhbəri Paşa İlisuyskiy (Məmmədov), tanınmış hüquqşünas Aqiyə Axundova və məşhur jurnalist Rəna Nəzərova Ukraynada milli-demokratik qüvvələrin hakimiyyətə gəlməsindən sonra dövlət orqanlarında vacib postlara seçiliblər.

Paşa İlisuyskiy (Məmmədov) Ukrayna Xarici İşlər Nazirliyi Radasında yer alıb. Ukraynanın xarici siyasətinin müəyyənləşdirən məşvərətçi orqan olan Xarici İşlər Nazirliyi Radası eyni zamanda səfirlərin təyinatı zamanı təqdimat funksiyasını yerinə yetirir. P. Məmmədov Ukrayna XİN Radasında təmsil olunan  yeganə azərbaycanlıdır. O, Qax rayonunun keçmiş icra başçısı, hazırda isə Azərbaycanda Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi olan Xəyyam Məmmədovun oğludur.

Ukraynanın tanınmış jurnalisti Rəna Nəzərova isə 25 may seçkilərində Kiyev şəhər Radasına üzv seçilib. O, Vitali Kliçkonun “Udar” Partiyasını təmsil edir və yerli hakimiyyət orqanında təmsil olunan yeganə azərbaycanlı qadındır.

Bundan başqa, tanınmış hüquqşünas, “Maydan” hərəkatı iştirakçılarının hüquqlarını fəal müdafiə edən Aqiyə Axundova Ukrayna Nazirlər Kabinetinin qərarı ilə Dövlət İcraçıları Xidmətinin rəisinin birinci müavini təyin edilib. 

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi