Son illər mütaliə prossesində xeyli canlanma hiss olunur. İctimai-siyasi prosseslər səbəbindən əsrin əvvələrində mədəni yoxsulluğa gətirib çıxaran, loru dildə "yoxsanıncı illər" adlandırılan doxsanıncı illərin təsiri getdikcə azalmaqdadır. Bu prossesdə ölkə prezidenti cənab İlham Əliyevin "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında" 2007-ci il tarixli fərmanının, eləcə də Şahbaz Xuduoğlunun rəhbərlik etdiyi nəşriyyatın mütəmadi nəşrlərinin böyük rolu var. Dünya ədəbiyyatının nadir inciləri dilimizə tərcümə olunur, bu günədək bizə yad olan yazıçılarla tanışlıq imkanı yaradılır.
Bir neçə ay öncə universitetin (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) kitabxanasında oxumadığım müəlliflərin kitabları ilə maraqlanırdım ki, gözümə bir kitab sataşdı. Kitabın üz qabığının arxa hissəsindəki məlumat bölməsinə nəzər yetirdikdə, müəllifin 2003-cü ilin Nobel mükafatı laureatı olduğunu öyrəndim. Ədəbi prosseslərlərlə yaxından maraqlananlar yəqin etdi söhbət kimdən gedir. Bilməyənlər üçün deyim ki, bu əslən Cənubi Afrika Respublikasından olan Con Maksvell Kutzeedir.
Tərcümə ədəbiyyatını oxumağa qərar verdikdə, əsasən orijinaldan olan çevirimlərə önəm verirəm. Odur ki, kitabın müəllifin öz dilindən tərcümə edilməsi diqqətimi çəkdi. Bundan başqa digər önəm verdiyim cəhət də tərcüməçinin ictimai mövqeyi və intellektual səviyyəsi ilə əsərin məramının və müəllifin analoji keyfiyyətinin üst-üstə düşməsidir. Tərcüməçi haqqında verdiyim axtarışın nəticəsi isə kitabın oxunması üçün heç bir tərəddüd yeri qoymadı.
Həyatımın xeyli təbəddülatlı dövrünə təsadüf edən bu kitabın mütaliə prossesi nə az, nə çox iki həftəyə yaxın davam etdi.( Kitabda müəllifin dörd romanı; "Maykı K və onun zəmanəsi", "Rüsvayçılıq", "Barbarları gözləyərkən" və "Gənclik" romanları yer alır) İlk öncə "Maykl K və onun zəmanəsi" adlı kitabla bir utopistin maddi aləmlə mübarizəsinə şahidlik etdim. Doğuluşdan qüsurlu doğulan Maykl qapalılığı, insanlardan qaçması, kütlüyə varacaq qədər səbatsızlığı ilə ətrafdakılardan fərqlənir. Buna baxmayaraq, onu insanlardan fərqləndirən bir cəhət var ki, bu da onun təbiətə, insan inkişafının mənbəyinə bağlılığındadır. Xarakter etibarilə insan saflığının bütün keyfiyyətlərini özündə cəmləşdirən Maykl qismən xarakteri, qismən də mənsub olduğu irqə görə cəmiyyət tərəfindən ironiya hədəfinə çevrilir. Onun yaşamı insan həyatının sosial həyat girdabında zəhərlənməmiş nümunəsidir. Onu heç bir dəbdəbə maraqlandırmır. Maykl özü də dərk etmədən meşşanlıqdan uzaq ali insan obrazını özündə canlandırır.
Bir günlük fasilədən sonra müəllifin digər romanı olan "Rüsvayçılıq"la məni ziyalı və cəmiyyət mövzusu gözləyirdi. Hər zaman aktual olan bu mövzu Kutzeenin "Buker" mükafatına layiq görülmüş ikinci romanında bütün təfərrüatı ilə öz əksini tapmışdır. Universitet professoru Devid Lourinin tələbəsinə qarşı olan intim marağı onu 18 yaşlı qızı yoldan çıxarması ilə nəticələnir. Qızın yaşına xas məsumiyyətindən həyasızcasına istifadə edən professor onunla yaxın münasibətdə olur. Sonradan çalışdığı təhsil müəssisəsində yayılan dedi-qodu onu seçim qarşısında qoyur. Universitetdən qovulma təhlükəsi ilə üzləşən professor Louri təyin olunmuş komissiyanın qərarını gözləmədən işdən könüllü çıxmaq qərarına gəlir. Qızının yaşadığı ucqar kəndə yola düşən 52 yaşlı Devid burada əməlinin "Bumeranq effekti" ilə rastlaşır. Hətta bir qədər alçaldıcı tərzdə. Təhlükəli, ucqar bölgədə təsərrüfatla məşğul olan qızı burada quldurlar tərəfindən onun gözü qarşısında cinsi təcavüzə məruz qalır. (Bütün dəyərlərə şübhə ilə yanaşan yazıçı bu hissədə dini motivlərə əl atır) Şərəfi alçaldılan qızı onun qarşısında bir növ göz dağına çevrilir.
Kutzee digər əsəri olan "Gənclik"-də öz həyatının analoji dövrünü qələmə almışdır. Bir çox xüsusiyyətlərinə görə Tolstoyun eyniadlı triologiyası ilə həmahəng təşkil edən bu romanda yazıçı gəncliyini Con Maubrey obrazında canlandırır. Poeziya vurğunu olan, yazıb-yaratmaq eşqi ilə alovlanan Maubrey bakalavr təhsilini Keyptaun universitetində İngilis dili və ədəbiyyatı, magistr təhsilini isə həmin universitetdə riyaziyyat üzrə alır. Poeziya üçün uyğun mühit axtaran Con bunun üçün "Dumanlı albion"a- İngiltərəyə yollanır. Taleyin qisməti burada onu rahat buraxmır. Yaşam üçün maddi tələbatın yaradıcılıq qarşısında bir növ sədd olduğu onun məcburiyyət qarşısında texnologiya şirkətində çalışması ilə əksini tapır. İllərlə davam edən bu "müvəqqəti" fəaliyyət Conun bütün arzularının üstündən xətt çəkir. Bu əsər həmçinin məmur- yazıçı paradoksuna bir eyhamdır.
Kutzee xarakter etibarilə tənhalığa meyllidir. Fərdiyyətçidir. Yazıçını hətta uzun illər tanıyan həmkarları da onun heç vaхt zarafat etmədiyini, çoх nadir hallarda gülümsədiyini хatırlayırlar. Danışmağa gəldikdə isə, Kutzee heç vaхt şifahi müsahibə vermir, sözü ondan, necə deyərlər, kəlbətinlə çəkmək lazım gəlir. Kitablarını nadir hallarda avtoqrafla bağışlayır. Ona görə də imzaladığı nüsхələr auksionlarda baha qiymətə satılır. Son dərəcə maraqlı olan təzadlı məqamları ilə seçilən yaradıcılığı ilə bu yazıçı dünya ədəbiyyatı xəzinəsini xeyli zənginləşdirmişdir. Ona yeni ifadə vasitələri qazandırmışdır. Əsərlərinin eksperiment хarakterli mürəkkəb fabulası müəllifə yaradıcılıq problemlərinə daha dərindən nüfuz etmək imkanı vermişdir .Bütün dəyərlərə şübhə ilə yanaşan yazıçı adlandırılan Kutzeenin əsərləri öz forma və məzmunu ilə bəşəri dəyərlərin mühafizəsinə yönəlmişdir. Bu da Kutzee dühasının ən böyük paradoksudur.
P.S Burnunun ucundan qabağı görməyən, xudbin, maddiliyə ifrat bağlı insanlar üçün Kutzee yaradıcılığının mütaliəsi əsl "soyuq duş" effekti verə bilər.