Modern.az

“Leyla Əliyevanın şeirlərində Yevtuşenkonun ruhu var”

“Leyla Əliyevanın şeirlərində Yevtuşenkonun ruhu var”

9 İyun 2014, 23:12

Modern.az yazıçı-publisist Mahir Qabiloğlu ilə müsahibəni təqdim edir.

- Mahir müəllim, sizin jurnalist, redaktor kimi AzTV-də, “Space” kanalında, “Xalq qəzeti”ndə çalışdığınızı bilirik. Publisist kimi hazırda Modern.az-da, o cümlədən digər sayt və qəzetlərdə fəaliyyətinizi izləyirik. “Ərmən-Şuşanikin sevgisi” hekayəsindən sonra daha 10 hekayə və povestiniz oxucuların ixtiyarına verilib və yazıçı kimi addımınızı da atmısınız. Nəhayət tərcümə. Özü də şeir tərcüməsi və şair olmaya-olmaya. Bu hislər sizdə hardan yarandı?

- Düzü mən yazmağa tərcüməylə başlamışam. Lap jurnalistliyimdən qabaq. İlk tərcüməm 1985-ci ildə Şukşindən olub – “İmtahan” hekayəsi. “Azərbaycan müəllimi” qəzetində çap olundu. 1989-cu ildə isə sərhəd qoşunlarında xidmət eləyib qayıdan mən çox da tanınmayan bir rus yazıçısının “Sərhədçi” hekayəsini tərcümə etdim. O vaxt baş redaktor olan Abbas Abdulla “Ulduz” jurnalında çap etdi. Düzün desəm. şeir duyumum çox da güclü deyil – şair oğlu olmağıma baxmayaraq. Amma Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Gedim bir az ağlayım” şeirini mart ayında oxuyanda məni yaman tutdu. Şeir rusca yazılsa da, ruhuma yaxın gəldi.

- Niyə məhz bu şeiri? Axı Leyla xanımın digər şeirləri də var.

- Düzdür. Amma bu onun yaradıcılığından oxuduğum ilk şeir idi. Və o saat da bir oxucu kimi məni aldı. Şeirdə bilirsinizmi nə qədər məna var? Təkcə ikisi mənə doğma gəldi.

- Hansılar?

- Açmaq istəməzdim. Nədənsə ani olaraq Azərbaycan dilinə çevirmək də fikrimə gəldi. Amma, düzünü desəm, qorxdum. Axı, şair deyiləm. May ayında söhbət əsnasında bu şeiri bəyəndiyimi jurnalist həmkarım Eldəniz Elgünlə də bölüşdüm. O cümlədən tərcümə həvəsimi də. İsrarla dedi ki, “tərcümə elə, ürəkdən gəlirsə, yaxşı alınmalıdır. Bir də ki, yadından çıxarma – şair oğlusan. Pis alınmaz”. Mən də cəhd etdim. İlk olaraq qocaman jurnalist İttifaq Mirzəbəyliyə, şair Əkbər Qoşalıya da göstərdim. Bəyəndilər. Ürəklənib Modern.az saytına təqdim etdim.

- Mən də onu deyim ki, çox gözəl alınıb.

- Dost-tanışla oturanda deyirəm ki, “Gedim bir az ağlayım” şeirini Leyla Əliyeva yazmayıb. O şeir mənim şeirimdir. Yəqin ki, bu şeiri oxuyanlar da duyğulanıb, məhz özləri yazıb deyə düşünürlər. Çünki çox adam “Gedim bir az ağlayım”da özünü görür, sadəcə Leyla xanım Əliyeva özündə güc tapıb bu duyğuları nəzmə çəkib. Mənim fikrimcə şeirin müəllifi üçün bundan böyük qiymət ola bilməz.

- Özünüz necə, şeir yazırsınızmı?

- Fikrim bayaq yarımçıq qaldı. İki rus hekayəsini tərcümədən sonra nəhayətdə özüm də yazmağa başladım. Fikirləşirəm ki, yəqin ki, bu şeir tərcümələrinin də yaradıcılığıma müsbət təsiri olar. Amma şeir yazmaq mənim üçün çox təhlükəli amildir. Yaxşı alınsa deyəcəklər ki, Qabilin sandığında qalıbmış, öz adıyla dərc elətdirir. Pis alınsa isə deyəcəklər ki, Mahir çox hoppanıb-düşmə, sən heç vaxt Qabil ola bilmərsən. Düzün desəm dörd dənəsini yazmışam. Amma üzə çıxarmağa ürək etmirəm.

- Mahir müəllim, artıq Leyla Əliyevadan beş tərcüməniz ictimailəşib.

- Leyla xanım Əliyevadan ikinci – “Səni tərk edəcəyəm” - şeirinin ruhu birincisindən tamamilə fərqlənsə də, birinciyə tən tuturam. Sanki o birinin davamıdır. Birincidə başdan-ayağa hislər dünyasındaydım. Burda isə qətiyyət var. Üçüncü tərcümə “Ana, nə olar, getmə” şeirini isə yalnız yetim evlərini ziyarət edənlər başa düşə bilərlər. Yetim körpənin dilindən belə şeiri isə yalnız onlara arxa duran, tez-tez onları anasıyla, atasıyla, bacısıyla, qardaşıyla ziyarət edən, hamiliyə götürən, qucağına alan, əzizləyən, oxşayan Leyla xanım yaza bilərdi. Necə ki, yazdı da. “Sevgi və nifrət” və “Gecə” şeirləri də mənə çox doğmadır. Bilirsinizmi, Leyla Əliyevanın şeirləri məni həm də niyə cəlb edir? Hamısında böyük məhəbbət var, hamısında nifrət var, hamısında da gecə-gündüz, xeyir-şər var. Bütün bunlar müqayisədə elə gözəl verilir ki, adam bunların hamısını özünə doğma bilir. Nifrəti də, gecəni də, qaranlığı da sevginin diliylə məzəmmətləyir, tərbiyə eləmək istəyir. Sonda isə məntiqi sonluğu gətirir. “Həyat həyatdır. Burda hamısının öz yeri var. İstəsək də, istəməsək də...”. Bir də ki, şeirlər bir-birini təkrarlamır. Hamısında yeni ruh var. Mövzular da yenidir. Özündən əvvəl Azərbaycan şairlərinin yazdığı sevgi şeirlərini təkrarlamır.Əksinə, inkişaf elətdirir desəm yanılmaram.

- Leyla Əliyevanın şeirlərini hansı rus şairlərinin şeirləriylə müqayisə etmək olar?

- Mən ilk tərcüməmi iki filoloq alimimizə də göstərmişdim. Birinci rusca, sonra isə mənim Azərbaycanca variantımı oxuyub, belə bir söz işlətdilər. “Leyla Əliyevanın şeirlərində Yevgeni Yevtuşenkonun ruhu var, sənin tərcümələrin isə Qabilin poeziyasına köklənib”. Hətta bu barədə yazacaqlarını da dedilər. Adlarını çəkmirəm. Yəqin ki, bu yaxında mətbuatda izləyəcəksiniz. Sizin üçün aydın olsun deyə, bir izah verim. Yevgeni Yevtuşenko 20-21-ci əsr böyük rus şairidir. Uşaq yaddaşıma müraciət etsəm – bizim Bəxtiiyar Vahabzadəylə bir üfüqdə dayanan sənətkarlardan olub.

- Leyla Əliyeva ilə bağlı daha hansı xüsusiyyətlər sizi cəlb edir?

- İctimai xadim kimi fəaliyyəti göz qabağındadır. Yaradıcı xüsusiyyətləri yəqin nəzərdə tutursunuz.

- Bəli.

- Bir şeyə diqqətinizi cəlb etmək istəyirəm. Saytlar onun şeirlərini yerləşdirəndə qeyd edirlər ki, şeiri sosial şəbəkələrdən götürüblər. Yaxud, mən özüm də mənbəni Leyla xanımın şəxsi veb-saytından götürmüşəm. Bir yerdə də rast gəlməzsiniz ki, o özünü şair, yaxud da rəssam adlandırsın. Baxmayaraq ki, gözəl şeirlər yazır. Bunu təkcə mən demirəm. Yəqin ki, nəvaxtsa şeir tədqiqatçıları özlərində qüvvə, güc tapıb bunu yazılarıyla da təsdiq edəcəklər. Sualınıza cavab olaraq onu demək istərdim ki, prezident qızı Leyla Əliyevanın yaradıcı təvazösü məni çox cəlb edir. Başqası olsaydı çoxdan Yazıçılar Birliyinin sədri elan etmişdi özünü.

- Daha hansı?

- Sizin yadınıza gəlməz. Mərhum Heydər Əliyev yazıçı və şairlərin yubileyinə gedəndə məhz nəvəsi balaca Leylanı özüylə aparırdı. Yaddaşım məni aldatmırsa Fikrət Qocanın və Məmməd Arazın yubileylərində bunun şahidi olmuşam. Atamın dostu Heydər Əliyev axırda fəxrlə qeyd edirdi ki, “bəs mənim nəvəm də şeir yazır. Öz şeirini sizə də oxumaq istəyir”. Sonra Leyla xanım da ayağa durub, çox ürəklə, intonasiya ilə şeirini oxuyardı. Xalq şairləri və yazıçıları Qabilin, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Anarın, Fikrət Qocanın hüzurunda. Bir sözlə Leyla xanım şairlər məclisindən keçib gəlib. Özü də Heydər Əliyev kimi bir şeir xiridarı - babası olub. Ona görə də Leyla xanımın şeirləri gözəldir, güclüdür.

- Yazıçılıq və publisistik fəaliyyətinizlə yanaşı tərcüməçiliyi də davam etdirəcəksinizmi?

- Tərcümə və tərcüməçi çox böyük, ağır və məsuliyyətli işdir, sənətdir. Gəlin mən də öz təvazömü qoruyub saxlayım. Hətta mənə yazıçı deyə müraciət edəndə də özümü bir təhər hiss edirəm. Fikirləşirəm ki, əgər mən yazıçıyamsa bəs onda İsmayıl Şıxlı, İlyas Əfəndiyev, Bayram Bayramov, Anar, İsa Hüseynov, Elçin kimdir? Qabil sağ olsaydı yəqin ki, qulağımı çəkərdi bu təqdimatıma görə.

Ona görə də şeirlərin altında tərcüməçi, yaxud tərcümə edən yazmıram. Sadəcə ruscadan çevirəni. Nəvaxtsa bu sahənin Asları məni bu ada layiq görsələr, təbii ki, çox şad olaram. Sualınıza gəldikdə isə... Təbii ki. Leyla Əliyevanın ruhuma yatan digər şeirləri də var. Oxuyuram. Tam özümküləşdirəndən sonra yəqin ki, Azərbaycan dilində səsləndirməyə qərar verib sizinlə də bölüşəcəyəm. Beş tərcüməmin belə rezonans doğurması isə mənimçün də xoşdur. Əlbəttə ki, şeir güclüdür, ona görə də tərcümə də ürəklərə yatıb. Ən başlıcası isə Leyla xanım Əliyevanın şeirlərindəki ruh qorunub saxlanıb.

- Sonuncu sual, amma səmimi cavab verin. Sual oluna bilər ki, dünya, rus, elə Azərbaycan ədəbiyyatında bu qədər rusca yazan şair, yazıçı var. Niyə məhz Leyla Əliyevaya müraciət etdiniz?

- Mənəvi bağlar deyilən bir anlam var. Bəzən gözlə görünür, bəzən görünmür də. Heç kimə sirr deyil ki, Böyük Heydər Əliyev atam şair Qabili özünə dost bilirdi, atam da onu. İndi onlar cismən bu dünyada olmasa da nəsilləri davam edir. Gəlin bu tərcümələrin fonunda bir anons-təqdimat verim, olsun sizin sualın cavabı: “Heydər Əliyevin dostu, xalq şairi Qabilin oğlu Mahirin tərcüməsində - Xalq şairi Qabilin dostu Heydər Əliyevin nəvəsi Leyla xanım Əliyevanın “Məktub” şeiri bu yaxında Modern.az saytında oxucuların ixtiyarına veriləcək”.

- Sizə uğurlar.

- Çox sağ olun. Verdiyiniz fürsətdən istifadə edib yaradıcılığımda mənə dəstək verən, ürəkləndirən bütün insanlara, məni çap edən bütün sayt və mətbu orqanlara minnətdarlığımı bildirirəm.

Namidə Bingöl

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi