Modern.az

Azərbaycanda şirin su problemi - “Azərsu”yun MÖVQEYİ: “Sistem yenidən qurulur”

Azərbaycanda şirin su problemi - “Azərsu”yun MÖVQEYİ: “Sistem yenidən qurulur”

Təhsil

10 İyun 2014, 10:44


“Azərbaycanın şirin su ehtiyatları istənilən bölgə üzrə kifayət qədərdir və  tələbatın ödənilməsinə imkan verir”. Bunu Modern.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

“Ölkədaxili çaylar, Kür, Araz, Samur çayları bu tələbatın ödənilməsinə xidmət edir. Samur çayı Samur-Abşeron kanalı vasitəsilə bu gün Abşeronun böyük bir hissəsini su ilə təmin edilməsində böyük rol oynayır, Oğuz-Qəbələ, Xaçmazın yeraltı suları Bakıya gətirilir”.

A.Cəbrayılı bildirib ki, içməli su təchizatı yenidən qurulur.

“Həmin layihələrdən Zərdab və Ucar şəhərlərinin adını çəkə bilərik, hansı ki, orada sular duzludur. Həmin ərazilərə Ağsu rayonunda “Girdimançay”ın yatağında “Külüllü” mənbəyi deyilən suqəbuledici qurğu quraşdırdıq. Bu gün həmin mənbədən istifadə edərək Ucar, Zərdab, Ağsu, Kürdəmir şəhərlərini suyla təmin edirik”.

A.Cəbrayıllı bildirib ki, irili-xırdalı 8359 çaydan yalnız 171-nin uzunluğu 25 kilometrdən artıqdır.
“327 çayın uzunluğu 25 kilometrdən, 7861 çayın uzunluğu isə 10 kilometrdən azdır. Hesablamalara görə, Azərbaycanda çay şəbəkəsinin orta sıxlığı 0,39 kubkilometr təşkil edir. Çay şəbəkəsinin ən böyük sıxlığı Lənkəran  (0,84 kilometr/kvadratkilometr), ən az sıxlığı isə Ceyrançöl və Abşeron-Qobustan (0,20 kilometr/kvadratkilometr) bölgələrinin payına düşür. Təbii şəraitdə respublikada çay suları şirin sulu olmaqla ümumi minerallaşma dərəcəsi 0,3-0,5 qram/litr səviyyəsindədir. Çay sularının kimyəvi tərkibində hidrokarbonat və kalsium ionları üstünlük təşkil edir. Ceyrançöl və Abşeron-Qobustan çaylarının suları isə 0,5-1,5 qram/litr və daha çox minerallaşma dərəcəsi ilə sulfatlı natriumlu kimyəvi tərkibə malikdir”.

Azərbaycanda şirin su probleminin olmadığını deyən mətbuat xidmətinin rəhbəri su təchizatının yenidən qurulması layihəsi ilə bağlı Qusardan tutmuş Lənkəran-Astaraya qədər, Tovuzdan tutmuş Xızıya, Şirvana qədər olan geniş ərazilərdə su təchizatının yenidən qurulduğunu vurğulayıb.
“Məqsədimiz əhalini keyfiyyətli və dayanıqlı suyla təmin etməkdən ibarətdir. Bir çox rayonlarda su şəbəkələri 1960-70-ci illərdə qurulub və istismar müddəti başa çatıb. Bu səbəbdən də “Azərsu” ASC 24 şəhər və rayon mərkəzində işlər görür. Ümumi götürsək, 38 şəhər və rayonda işlər başlayıb. Tender elan etmişik, bu ilin sonuna qədər Astara və Gədəbəydə də işlərə başlayacağıq”.

A. Cəbrayıllının sözlərinə görə, hələ o dövrdə də işğal olunmuş ərazilərdəki su ehtiyatlarından istifadə edilməyib. “Ən çox adı çəkilən “Sərsəng“ su anbarıdır ki, Tərtər, Ağdam, Bərdə əhalisi ondan daha çox suvarmada istifadə edib. İşğal olunmuş ərazilərimizdə bizim çox keyfiyyətli su mənbələrimiz qalıb. Füzulu və Cəbrayıl  su kəhrizlərinin olduğu rayonlardan olub”.

““Oğuz-Qəbələ” saniyədə Bakıya 5 kubmetr su verir. Bunun hesabına Bakının əksər hissələri içməli suyla təmin olunur. Bakıda əhalinin 78%-i 24 saat suyla təmin oluna bilir. Növbəti layihəmizə əsasən Ceyranbatan ultrasutəmizləyici  qurğunun bu ilin sonuna qədər istismara verilməsi planlaşdırılır. Bundan sonra Bakı şəhərinin böyük əksəriyyəti 24 saat su alacaq. Hətta Zirə, Qala, Pirşağı da həmin sudan istifadə edə biləcək”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu