Azərbaycan Yazıçılar Birliyinin qurultayının başlanma tarixinə sayılı günlər qalıb. Paytaxtda Birliyinin aparatında təşkilatı işlərin görüldüyü hamıya məlumdur. Görəsən, AYB-nin tərkibində olan bölmələr qurultaya necə hazırlaşır?
Modern. az ardıcıl olaraq onların hazırlıqları və qurultaydan gözləntiləri barədə sizləri məlumatlandıracaq. İlk olaraq Qazax və Qarabağ bölmələrinin rəhbərlərini dinləyək. onlar nümayəndə heyəti və qurultayla bağlı ehtimallarından söhbət açıblar:
Qazax filialının rəhbəri Barat Vüsal: “Biz nizamnaməyə uyğun olaraq 4 nəfər nümayəndə ilə gedəcəyik . Bir yer filial rəhbərliyinə verilən yerdir. Mənimlə birgə 4 nəfər qurultaya qatılacaq. ədəbiyyat qurultaydan qurultaya yaranmır. ədəbiyyat zaman kimi həyat kimi bir şeydir. Onun inkişafını qurultaydan gözləmək o qədər də düzgün deyil. əsas odur ki, ədəbiyyatımız bu gün də var, bu gün də yaşayır“.
Qarabağ filialının rəhbəri Ənvər Əhməd: “Qarabağ filialı Yazıçılar Birliyinin başqa bölmələrindən öz qədimliyi ilə seçilir. Qarabağ və Qarabağ ətrafı əraziləri götürsək görərik ki, bizim yazarlar heç də Bakıda olan yazarlardan az deyil. Qurultay öncəsi AYB sədri Anar, birinci katib Fikrət Qoca, gənclər üzrə katib Rəşad Məcid, Aqil Abbas, mətbuat katibi Xəyal Rza bura gəlmişdilər. Üzvlərlə möhtəşəm bir görüş oldu və orada da nümayəndələr seçildi. Bizim nümayəndələr başqa bölmələrin nümayəndələrindən daha çoxdur. Özüm də daxil olmaqla 8 nəfərlik heyətlə Bakıya gedəcəyik. Ən çox bizim bölmədən şairlər yollanır. O birilərində say heç üçə də çatmır. Çünki şairin, yazıçının üzdə olması əsas məsələdir. Özüm iyunun 13-ü Bakıda olacağam. Çoxlarını qurultayda görəcəyim üçün çox sevinirəm”.
Elmin Nuri