Modern.az

Ukraynada vəzifə almış azərbaycanlılar haqda bilmədiklərimiz - MARAQLI

Ukraynada vəzifə almış azərbaycanlılar haqda bilmədiklərimiz - MARAQLI

10 İyun 2014, 14:20

Ukraynadakı prezident seçkilərindən sonra 3 nəfər azərbaycanlı dövlət vəzifələrinə təyin olunub. Onlardan biri – Kiyev Şəhər Dumasının üzvü seçilən jurnalist Rəna Nəzərova haqqında mətbuatda kifayət qədər məlumat verilsə də, digər iki soydaşımız – Ukraynanın Qafqaz Xalqları Konqresinin rəhbəri Paşa İlisuyski (Məmmədov) və hüquqşünas Aqiyə Axundova barəsində informasiya çox deyildi.

Qeyd edək ki, Paşa İlisuyskiy (Məmmədov) Ukrayna Xarici İşlər Nazirliyi Radasında yer alıb. Hüquqşünas, “Maydan” hərəkatı iştirakçılarının hüquqlarını fəal müdafiə edən Aqiyə Axundova Ukrayna Nazirlər Kabinetinin qərarı ilə Dövlət İcraçıları Xidmətinin rəisinin birinci müavini təyin edilib.
Rəna Nəzərova “Udar” Partiyasından  25 may seçkilərində Kiyev şəhər Radasına üzv seçilib. 

Modern.az saytı onlar barəsində məlumatı təqdim edir.


Paşa İlisuyski (Məmmədov)
Ukrayna Xarici İşlər Nazirliyi Şurasına üzv seçilən yeganə azərbaycanlıdır. Onun üzvü olduğu məsləhətçi şura xarici siyasətdə əsas istiqamətləri müəyyənləşdirir və səfirlərin təyin olunmasında başlıca funksiyaları həyata keçirir. Ukraynada P.İlisuyski həm də biznes fəaliyyəti ilə məşğul idi. Bundan öncə isə Azərbaycanın diplomatik xidmətində olub. 2009-2010-cu illər ərzində Azərbaycanın Dubaydakı vitse-konsulu vəzifəsini icra edib.
O, 1977-ci il fevralın 9-da Moskva şəhərində anadan olub. Təhsilini Azərbaycanda, daha sonra isə ABŞ-da davam etdirib. Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasında magistr pilləsinə qədər yüksəlib.
Onun atası Xəyyam Məmmədov hazırda Azərbaycan Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimidir. X.Məmmədov 1993-2002-ci illərdə Qax rayon İcra Hakimiyyətinin başçısı funksiyalarını yerinə yetirib.


Digər soydaşımız Aqiyə Abbas qızı Axundova iyunun 2-də Ukrayna İcra Xidmətinin 1-ci müavini vəzifəsinə təyin olunub. O 1982-ci ildə Donetsk vilayətinin Selodovo şəhərində anadan olub. 2007-ci ilə qədər şəhər məhkəməsində çalışıb. Həmin il isə “Hüquqi Ənənələr” vəkil bürosunda fəaliyyətə başlayıb. 2009-cu il noyabrın 30-da Kiyev şəhər nəzarət-təftiş komissiyası ona vəkilliklə məşğul olmaq üçün müvafiq icazə verir. A.Axundova “Hüquqi Ənənələr” bürosunda sıravi işçidən direktor müavini və direktor vəzifələrində qədər yüksəlib.
Soydaşımız vəkil kimi cinayət hüququ üzrə ixtisaslaşıb. O daha çox iqtisadi və vəzifə səlahiyyətlərini aşma sahəsində yol verilən cinayət proseslərində iştirak edib. Dövlət vəzifəsinə təyin olunması ilə əlaqədar Aqiyə Axundova “Hüquqi Ənənələr” hüquqi bürosunu tərk edib. Ukraynada Yanukoviç hakimiyyətinə qarşı xalq etirazları baş qaldıran zaman Aqiyə Axundova “Maydan” hərəkatı üzvlərinin hüquqlarını qorumaqla məşğul olurdu. Şəxsi həyatına gəlincə, Aqiyə Axundova evlidir və 1 oğul övladı var.   


Rəna Nəzərova
“Kiyevski forum” televiziya layihəsinin müəllifi və aparıcısıdır. O 2006-cı ildə T.Şevçenko adına Kiyev Milli Universitetinin Jurnalistika İnstitutunu bitirib. 2002-ci ildən televiziyadadır. Səkkiz il ərzində Kiyev dövlət televiziyasında bir neçə proqramın müəllifi və aparıcısı olub. Rəna Ukrayna Milli Jurnalistlər İttifaqının üzvüdür. Ukrayna paytaxtının ictimai həyatında mühüm rol oynayır.
R.Nəzərovanın əri Yuri Zbitnev keçmiş tanınmış siyasətçi və biznesmendir. O indi Vətəndaş Konstitusiya Konqresinin icraiyyə komitəsinin və “Yeni güc” Partiyasının rəhbəridir. 

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi