Modern.az-da köhnə bir sovet filmini xatırladırıq. Çünki səbəb var.
Bu film 1966-cı ildə çəkilib. Komediya çalarlı nağıldır. “Ələddinin sehrli çırağı” bizimçün ona görə yaddaqalan və baxımlıdır ki, orada mərhum xalqa artisti Hüseynağa Sadıqov çəkilib. Filmdə Sultanın vəziri məhz odur. Bəlkə də buna görə “Ələddinin sehirli çırağı” bizə bir qədər yapışıqlı, şirin gəlir. Axı orda Hüseynağa Sadıqovun öz səsidir. İşə bir bax ki, məkrli Məğrib sehrbazının Bağdada gəlişi ilə başlayan bu sovet filmi hələ 1938-ci ildə çəkilməliymiş. Üstəlik, onun 1951-ci ildə çəkilmiş hind istehsalı olan əkiz qardaşı da var. Ən maraqlı olan budur ki, sonralar dillərdən düşməyən “Bağdadda tam sakitlikdir” aforizmi “AurksIon” qrupunun mahnısıya dönüşən vesiyası da var. Mütəxəssislər “Ələddinin sehrli çırağı”nda bir neçə kobud səhv də aşkarlayıblar. Həm titrlərdə, həm aktyorların replikasında. Amma sonuncu halda bu, Hüseynağa Sadıqova aid deyil. Halbuki aktyorun danışıq tərzini ona qəbahət tutmaq olardı. Çünki o, bir neçə halda filmdəki “Mübarək” (vəzirin oğlu) adını Bakı ləhcəsiylə tələffüz edir – Mübarey. Rejissor Boris Rıtsarev bu filmin çəkilişi üçün Krımı seçib. Bütünlüklə dekorasiyalardan Bağdad şəhərinin “inşası” zamanı əsas məsləhətçi də Hüseynağa Sadıqov olub. Ona etibar və etimad o qədərmiş ki, hətta tanınmış rus aktyorları belə xalq artistimizdən rolları ilə bağlı dəyərli məsləhətlər alırmış.Təəssüf ki, bu günün gerçək Bağdadı haqda “sakitlikdir” ifadəsini işlətmək olmaz. 1991-ci ildən bomba səslərindən ayılan şəhərin bir çox məhəllələri əvvəllər işğalçıların, indi də terrorçuların hədəf nöqtəsidir. “Ələddinin sehrli çırağı”nda personajlardan biri (gecə gözətçisi – ona bəzi Şərq şəhərlərində “mirşəb” də adlandırırdılar) deyir: “Bilirsənmi niyə mən 85 il ömür sürmüşəm? Çünki həmişə eyni şeyi demişəm: “Bağdadda tam sakitlikdir”.