Fəxrəddin Orxan
Mən nə qədər güclü politik olsam da Azərbaycandakı televiziya kanallarında yayımlanan bir para reklamları görəndə dalağım sancır. Düzdür, bu reklamlarda iştah açan və adamı şirin xəyallara sürükləyən xoş məqamlar çoxdur. Amma yenə də dalağım sancır və məni çox incidir.
Açıram televiziyanın ən populyar kanallarından birini, baxıram ki, aparıcı böyük şövqlə “Russkiy vkus” kolbasasını reklam edir.
Söz yox ki, rusun kolbasası bizim “Halal” kolbasadan xeyli bahalı və dadlıdır.
O biri kanalın düyməsini basıram, görürəm ki, rus arağı reklam olunur.
Söz yox ki, rusun arağı da bizim araqlardan xeyli bahalı və keyfiyyətlidir.
Daha bir kanalın tamaşasına dalıram. Pah, nə görsəm yaxşıdır? Gözəl-göyçək bir rus qızı. Zalım balası heç keçməli şey deyil.
Söz yox ki, bu Nataşa xanım da çox dadlı, çox keyfiyyətli, çox səxavətli, çox işvəli, çox sevimli bir ünas tayfasıdır.
Və xəyal məni politikadan uzaqlaşdırıb o xəlvət yerlərə aparır ki, orda “Russkaya vodka”dan vura-vura, “Russkiy vkus” kolbasasından dada-dada, rus qızı Nataşa ilə çox mehriban ixtilafda oluruq. Elə ixtilafın şirin yerində politik damarım tutur və barmağımı dişləyib özümü şirin xəyaldan ayıldıram. Çünki, russkiy mujik gəlib durur gözlərimin qabağında və mənə sırtıq-sırtıq göz vurub deyir:
- Yox, aşna, iştahın pis deyil. Amma arağımdan içib, kobasamdan yeyib, Nataşamdan dadmaq istəyirsənsə mütləq bayrağımın altından keçməlisən. Ən azından məni bir daha böyük qardaşlığıa qəbul eləməlisən. Yoxsa, ay musurman, gördüyün də, daddığın da bu olacaq.
Volodya bu kimi sözləri deyəndən sonra geri qatladığı dörd barmağının arasından çıxartdığı baş barmağını az qala gözlərimizə soxub yenə də sırtıq-sırtıq deyir:
- Dumay, bratuşka, xoroşo dumay...
Vallah, hamı bilir ki, mən çox tamahkar bir millətəm. Rus arağından içib, rus kolbasasından yeyib rus gözəli Nataşa ilə şirin ixtilafda olmaq üçün uf demədən hər şeydən vaz keçərəm.
Fəqət, Volodyanın kiçik qardaşı olmaq fikri ağlıma gələn kimi dalağım sancır. Çünki, mən bizim televiziya kanallarında şan-şöhrətə çatan politikəm və azdan-çoxdan nəsə qanıram. Qanıram ki, rus Volodyanın məndən xeyli böyük olan xoxol qardaşına atdığı kəllənin özü yox, elə bircə qulağı mənə dəysə içdiyim araq da gözümdən gələcək, yediyim kolbasa da burnumdan töküləcək, ixtilafında olduğum Nataşa da əlimdən çıxacaq. Çünki tökülən dişlərimi qanlı-qanlı çölə tüpürəndə Nataşa xanım məndən iyrənəcək.
Yox, qardaş, mən russkiy mujik Volodya sarıdan çox bədgümanam.
Mənim üçün tut arağı, təndir çörəyi, motal pendiri daha sərfəlidir. Şirin ixtilaflardan ötrü isə Dubaydakı Şeyx Kayfulla ibn Haramzadaya zəng eləyərəm, o da bir təyyarə ünas tayfasını geri göndərər.
Amma bu və ya digər rus mallarının günü-gündən artan reklamlarını gördükcə dalağım sancır.
Bəlkə sən bilirsən? De görüm, dalağa rus dilində nə deyirlər? De görüm, rusun da dalağı sancır, ya yox?!