İyunun 10-da saat 21-30 radələrində Daşkəsən rayonu ərazisində güclü dolu ilə müşayiət olunan leysan yağışlarının nəticəsində sosial obyektlərə, inzibati və yaşayış binalarına, fərdi evlərə, yol, elektrik, rabitə təsərrüfatlarına, əhalinin mal-qarasına, bağ, əkin sahələrinə, avtomaşınlara ziyan dəyib.
Bu barədə Modern.az-a Daşkəsən rayon İcra Hakimiyyətindən məlumat verilib.
İlkin məlumata əsasən daha çox ziyan rayonun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Kəmərqaya, Zəylik, Quşçu, Çovdar, Bayan kəndləri, Daşkəsən, Mədənçilər, Alunitdağ və Daşkəsən şəhər ərazilərinə dəyib. Baş vermiş təbii fəlakətin vurduğu ziyanın miqdarının müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi məqsədilə Rayon Fövqəladə Hallar komissiyası və aidiyyəti üzrə qurumlar tərəfindən işlər aparılır. Dəymiş ziyanın aradan qaldırılması üçün daxili imkanlar hesabına aidiyyəti üzrə müvafiq tədbirlər görülür. Təbii fəlakətlə əlaqədar dəymiş müxtəlif ziyanlar barədə yaşayış məntəqələrindən əlavə məlumatlar daxil olmaqdadır. Yuxarıda göstərilənlər barədə Respublikanın aidiyyəti üzrə qurumlarına məlumat verilib.
Digər məlumata görə, Gəncə şəhərində güclü qasırğa ciddi fəsadlar yaradıb. Qasırğa nəticəsində ağaclar qırılaraq avtomobillərin üstünə düşüb.
Qasırğadan ən çox şəhərin enerji təsərrüfatı ziyan çəkib. Gədəbəydə və ətraf kəndlərdə güclü külək səbəbindən elektrik naqilləri qırılıb, dirəklər aşıb, işıqlar kəsilib. Avtomobillərə, evlərə ciddi ziyan dəyib.






Modern.az