Modern.az

“Qeyri-ixtisaslı jurnalistlər”: “Jurnalistikadan gedəcəm” - RUBRİKA

“Qeyri-ixtisaslı jurnalistlər”: “Jurnalistikadan gedəcəm” - RUBRİKA

11 İyun 2014, 10:10


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

 “APA Holdinq”in əməkdaşı Sevil Zeynalqızı özünü başqa sahələrdə də sınayıb: “Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq və bibilioqrafiya fakultəsini bitirmişəm. İxtisasca metodistəm. Öz xitisasım üzrə 3 ay işləmişəm. Təyinatla Şəkidəki M.F.Axundov adına kitabxanaya göndərilmişdim. Amma 3 ay işləyəndən sonra Bakıya qayıtdım.

Jurnalistikaya 1998-ci ildə "Rezonans" qəzetində başlamışam. O vaxt qəzetin baş redaktoru tanınmış jurnalist Vəli Əkbər idi. Vəli Əkbərin jurnalistikaya gəlişimdə çox böyük rolu olub. Yazı yazmağı ondan öyrənmişəm. Həmişə deyirdi ki, yazılarınız sadə və lokanik olsun. Təzə başlayanda elə bilirdim yazı yazmaq asandır. İlk yazım uşaq ölümləri ilə bağlı olub. Mövzunu götürüb 6 səhifəlik yazı yazmışdım. Vəli müəllim ondan cəmi bir səhifəlik yazı saxladı. Həmin dövrdə jurnalist işləmək çox çətin idi. İnternet yox idi. Demək olar ki, adi bir informasiya əldə etmək üçün də obyektlərə getməli olurduq.

Çətin əldə edilən hər bir şey həmişə qiymətli olur. Mənim üçün jurnalistika da belədir. Ona görə də, bu sahədə olduğum üçün peşman deyiləm və işimi sevirəm.

Mən öz yerimi jurnalistikada görürəm. 17 ildir bu işlə məşğulam. Məncə, bu illərin sayı hələ çox artacaq. Çünki arada özümü başqa sahələrdə də sınamışam. Amma o qədər də uğurlu alınmayıb. Jurnalistikada çox rahatam. Övladlarım azyaşlı olduğuna görə, mənə ikiqat rahatlıq yaradan “APA Holdinq”ə xüsusilə minnətdaram.

Fikimcə, bu sahədə uğur qazanmaq üçün ixtisasca jurnalist olmaq o qədər də vacib deyil. Çünki bu sahədə təhsil alıb işi bacara bilməyənləri də görmüşük. Tanıdığım istedadlı jurnalistlər arasında ixtisasca jurnalist olmayanlar var və çox böyük uğur qazanıblar”.

Müstəqil jurnalist Rey Kərimoğlu əlillər, şəhidlər haqqında yazanda rahatlıq tapır: “Mən uşaq vaxtından hərbçi olmaq istəyirdim. 1983-cü ildə Kiyev Ali radiotexnika məktəbi var idi, ora qəbul olmaq üçün 3 il Ağdamda rus dilində hazırlaşandan sonra Bakıda sağlamlıq və sınaq imtahanlardan da keçdim. Sadəcə, Kiyevə oxumağa getmək məsələsi gələndə böyük qardaşım qoymadı, evdən mane oldular. Mənimlə bərabər 5 nəfər (sinif yoldaşlarım, rayonda tanıdığım adamlar, bəziləri az-çox rus dilini bilirdi, bəziləri isə ümumiyyətlə rusca bilmirdilər) də mənim kimi oxumaq istəyirdilər. Hətta Kiyevə də getdilər, qəbul da oldular. Ancaq sonra geri qaçdılar. Pis çıxmasın, içlərində rus dilini babat bilən mən idim deyə, mənə arxayın olub getmişdilər.
Onu da qeyd edim ki, hələ orta məktəbdə oxuyanda “Şəfəq”, sonra isə “Şimşək” adında divar qəzetinin  dizaynını mən tərtib edirdim, hazırlayırdım.
Sonra əsgərliyə getdim. Rusiyada Kustov vilayətində hərbi xidmətdə olmuşam. Tale elə gətirdi ki, orada Maligin adlı tanınmış bir rəssam var idi. O zabit idi, bizə karikaturalar çəkdirirdi. Kazarmamızda “Samavolşik” adlı tənqidi divar qəzeti var idi, orada satirik şəkilaltı mətn yazırdıq.
Əsgərlikdən gələndən sonra 1988-ci ildə Ağdamda Kənd Təsərrüfatı Texnikumunun İnşaat fakültəsinə daxil oldum. Oranı qırmızı diplomla bitirdim. O vaxt Rusiyada Kostrama şəhərində yerləşən İnşaat Mühəndisləri İnstitutu var idi. Bizim məktəbi qırmızı diplomla bitirənlər imtahansız qiyabi oxumaq üçün o instituta qəbul olunurdular. Üç dost ora getmək istəyirdik. Ora da gedə bilmədim. Çünki texnikumu 1991-ci ildə qurtardım. Təyinatımı İsmayıllı rayonuna verdilər, gedib imtina aldım, yəni yazdılar ki, guya iş yoxdur. Sonra Ağdama qayıtdım, işləməyə başladım. Gündüzlər işləyir, gecələr isə çox vaxt postlarda dururduq. Sonra isə müharibə daha da alovlandı. 1991-ci ilin avqustun axırında Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev Ağdama gəldi və batalyon yaratmağa başladı, mən də onun batalyonuna qoşuldum. 1993-cü ilə qədər bu batolyonda döyüşdüm, sonra yaralandım, Qarabağ əlili kimi ordudan tərxis olundum.
1995-ci ildə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq institutunun hüquq fakültəsinə daxil oldum və oranı 2001-ci ildə bitirdim. İdarə və müəssisələrdə hüquq məsləhətçisi kimi işləyə bilərdim. Amma bir gün də ixtisasım üzrə işləməmişəm. Tale elə gətirdi ki, işləyə bilmədim. Çünki mən o institutda qiyabi oxuya-oxuya paralel olaraq artıq əlillərin problemlərinin ictimailəşməsi ilə məşğul idim. İndinin məşhur jurnalisti Zamin Hacı ilə eyni yataqxanada qalırdıq. Əlillərin problemləri ilə bağlı məsələləri ona və digər jurnalistlərə danışırdım, onlar da yazırdılar. 1994-cü ildə Qarabağ Əlilləri Cəmiyyətinin üzvü oldum. Onların da o qədər problemləri var idi... İnternet də yox idi, içində şikayət məktubları da olan materiallar hazırlayır, aparıb redaksiyalara paylayırdım. Elə məqamlar olurdu ki, çatdıra bilmirdik, özüm əlillərimizin problemləri ilə bağlı məqalələr yazmağa başlayırdım. Belə problemlərdən yaza-yaza qiyabi oxuya-oxuya baxıb gördüm ki, gəlib jurnalistikaya çıxmışam.

İlk dəfə 1995-ci ildə Adil Hüseynlinin baş redaktoru olduğu “Zaman Azərbaycan” qəzetində yazım çıxıb. İlk yazım da Surət Hüseynovla bağlı olub. Surət Hüseynovun fəaliyyətini tənqid etmişəm. O vaxtı hələ Surət Hüseynov məsələləri tam açılmamışdı. Paralel olaraq əlillərin problemi, Qarabağ məsələləri, şəhidlərdən yazılar yazmışam. “Zaman” , “Əlillər”, “Şərq”, “Vətəndaş həmrəyliyi”, “Yeni Müsavat”, “Bizim yol”, “Milli yol” və s. qəzetlərdə çalışmışam. Hazırda Beynəlxalq Avrasiya Mətbuat Fondunda işləyirəm.

Bir neçə il bundan qabaq Moskvadaydım, istədim jurnalistika ilə bağlı da təhsil alım. Öz institutumla əlaqə saxladım, dedilər mümkündür. Sənədlərini hazırla ver. Sonra yaxın dostumuz dedi ki, “bundan sonra neynirsən?”. Orada yalnız nəzəriyyəni öyrədəcəklər, jurnalistika da isə əsas məsələ praktiki işdir. Onu da bacarırsan.

Jurnalistikada olduğuma görə qətiyyən peşman deyiləm. Əksinə, elə bilmişəm ki,  bu mənim üzərimdə bir missiyadır. Ötən ilin bir il müddətində Lent.az saytında Qarabağ müharibəsi ilə bağlı xatirələrimi yazdım. Mənimlə 18-20 yaşlarında döyüşmüş oğlanlar var idi ki, Azərbaycan cəmiyyəti onlar haqqında müfəssəl məlumata malik deyildi. Gənclər idi və bizim gözümüzün qabağında şəhid oldular, bu dünyadan nakam köçdülər... İstədim bu məsələləri yazım, gələcəkdə tarixə çatsın ki, bu dünyadan 18, 19 yaşında vətən uğrunda nakam köçən gənclərimiz var. Vüsalə Mahirqızına, Qabil Abbasoğluna xüsusi olaraq təşəkkür edirəm ki, məni məcbur etdilər, o yazıları yazdım. Yaxın gələcəkdə yəqin ki, onları kitab şəklində nəşr edəcəyik, üstündə işləyirəm.

Əlillərimiz, şəhidlərimiz haqqında yazanda bir rahatlıq tapıram ki, yaxşı ki, sağ qalmışam. Bir missiyam var, mən bunları başa çatdırmalıyam. Bu insanların həyatı maksimum yazılmalı, qalmalıdır.

Yeri gəlmişkən, APA TV-də “Müharibə adamı” adlı 30 verilişdən ibarət bir layihə həyata keçirdik. İmkan daxilində Qarabağ müharibəsinin geniş ictimaiyyətin bilmədiyi ən uğurlu əməliyyatları ilə bağlı çox ciddi bir iş oldu bu.

Bu sahəyə gəldiyim üçün heç vaxt təəssüf hissi keçirtməmişəm. Çünki ürəyimdən gələn bir işlə məşğulam. Özümü jurnalistikada rahat və xoşbəxt sayıram. Ən böyük arzum işğalda olan torpaqlarımızın azad olunması ilə bağlı xəbər yazmaqdır.

İndi Lent.az-la əməkdaşlığım davam edir. Səhhətimlə əlaqədar bir müddətdi yazmıram, amma orada layihəmiz var, ola bilsin onu davam etdirəcəyik”.

ANS TV-nin “Ağıl dəryası” və “Şəbəkə” verilişlərinin aparıcısı Murad Əzimzadə jurnalistikaya gəlişindən razıdır: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin kinorejissor ixtisasını bitirmişəm. 5 ay Kinofondda kino üzrə aparıcı mütəxəssis işləmişəm. Sonra “Regional” TV-yə dəvət aldım. “Lider” TV-də 3 il aparıcı olmuşam. İndi də ANS-dəyəm.

Jurnalistikaya marağım 6-cı sinifdə oxuyanda yaranıb. İlk məqaləm də o zaman “Gəncəbasar” qəzetində çıxıb. 7-10-cu siniflərdə oxuyanda da “İnternews Azerbaijan”ın jurnalistikasını oxumuşam.

O vaxtlar “İdea” beynəlxalq təşkilatının üzvü idim, debatçı olmuşam. Elə o zamandan televiziya sahəsində çalışacağımı qərarlaşdırmışdım. Sadəcə kinorejissorluq maraqlı gəldi. Amma Azərbaycanda kino sektoru inkişaf etmədiyindən o sahədə işimi davam etdirə bilmədim.

Adətən, atdığım addımlara görə peşman olmuram. Jurnalistikaya gəldiyimə görə də razıyam. Amma nə vaxtsa mütləq bir film çəkəcəm”.

“Space” televiziyasının əməkdaşı Aytən Telmanqızı başqa sahəyə getməyi planlaşdırır: “Xarici Dillər Universitetini (indiki Azərbaycan Dillər Universiteti) bitirmişəm. İxtisasca alman dili üzrə tərcüməçiyəm. Öz ixtisasım üzrə heç vaxt işləməmişəm. İnstitu qurtaran kimi birbaşa ANS televiziyasına gəlmişəm. ANS-ə məni dayım Əflatun Amaşov gətirdi. Oradan çıxandan sonra “Space”ə gəldim və artıq 17 ildir burdayam.

Əvvəldən jurnalistikaya marağım var idi. Sadəcə olaraq, Xarici Dillər İnstitutuna qəbul olası oldum, oranı istəmirdim. 1993-cü ildə instituta qəbul indiki kimi deyildi. Birinci jurnalistikanı, ikinci Xarici Dilləri yazmışdım. Balım Xarici Dillərə düşdü.

Hazırda jurnalistikada olduğuma görə razıyam. Maraqlı insanlarla tanış olursan, onlardan müsahibə götürmək imkanın yaranır. Bunların hamısı çox gözəldir. “Space”dən də çox razıyam. Yaxşı kompaniyamız var, kanalımız yaxşıdır. Yaxşı olmasaydı, yəqin mən 17 il burada işləməzdim. 17 il burada oturub işləyən nadir adamlardanam.

Sözün düzü, artıq bir az yorulmuşam. Çünki 1997-ci ildən bu yana işləyirəm. İstəyirəm ki, bir balaca dincəlim. Hardasa bir- iki ilə jurnalistikadan uzaqlaşmağı planlaşdırıram. Artıq jurnalistikaya qayıtmaq yoxdur, başqa sahəyə gedəcəm. Hansı sahəyə gedəcəyimi hələ dəqiqləşdirməmişəm”.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi