Modern.az saytı xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 8 iyun tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini dünən axşam elan edib. İmtahanda iştirak etmiş şagirdlər imtahan nəticələri ilə iş nömrəsini 7727 nömrəsinə göndərə və ya TQDK-nın internet saytında //eservices.tqdk.gov.az/netorta/ keçidinə daxil olmaqla tanış ola bilərlər.
Bu imtahanlar (IX və XI siniflər üçün) Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda keçirilib. Həmin gün eyni zamanda qeyd olunan şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan veriblər.
Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri üçün də buraxılış imtahanı keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, iyunun 8-də Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun orta ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında 4808 şagird Ana dili, 6501 şagird isə "Riyaziyyat" fənnindən "2" qiyməti alıb.
6728 şagird Ana dilindən, 9052 şagird isə Riyaziyyat fənnindən "5" qiyməti alıb. Şagirdlərin 11 057-si Ana dili, 9393-ü Riyaziyyat fənnindən "4", 17 138-i Ana dili, 14785-i Riyaziyyat fənnindən "3" qiyməti alıb.
İmtahanda ümumilikdə 39 731 nəfər IX sinif şagirdi iştirak edib. İmtahan zamanı müxtəlif binalarda 23 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib. Onların nəticələri ləğv olunub.
Modern.az