“Ötən gün axşam saatlarında Gəncədə baş verən təbii fəlakət nəticəsində şəhərin infrastrukturuna ciddi ziyan dəyib. Səhərdən başlayaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəxsən vətəndaşları qəbul edir və xüsusi komissiya təbii fəlakətin aradan qaldırılması, eləcədə dəymiş ziyanın hesablanması üçün işləyir. Hər bir müracit diqqətlə araşdırılır və aktlaşdırılır”.
Bunu Modern.az-a açıqlamasında Gəncə şəhəri İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev bildirib.
“Hazırda Gəncədə hava qeyri-sabitdir. Yağış yağması ehtimalı var. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması və dəymiş ziyanın hesablanması üçün xüsusi komissiya ciddi iş rejimində işləyir. Dəqiq rəqəmlər komissiyanın qərarından sonra açıqlanacaq. Demək olar ki, fəsadların qarşısı alınıb. Əsas ziyan şəhərin mərkəzi hissəsinə dəyib. Hər hansı insan tələfatı yoxdur. Şəhərin 80%-nə elektrik enerjisi verilməsi dayandırılmışdı. Artıq enerji verilişi tam bərpa edilib. Vətəndaşların hər hansı ərzaq problemi də yoxdur”, – deyə N.Həmzəyev əlavə edib.
Qeyd edək ki, Gəncədə baş verən təbii fəlakət nəticəsində 1000-dən artıq fərdi yaşayış evini su basıb, 800-ə yaxın fərdi və ümumi yaşayış evinin dam örtükləri dağılıb, çox sayda işiq dirəkləri, dayanacaqlar, zibil qutuları, oturacaqlar yararsız hala düşüb. Şəhər təsərrüfatına çox ciddi ziyan dəyib. 100 illik çinar ağacları aşıb.
Gülşən RAUFQIZI