AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru
Azərbaycan anlayışının tamamilə açılmasında Qafqaz, Xəzər, Kaspi, Qazax və s. istilahlar mühüm yer tutur. Uzun müddət özünün əsil mənasından uzaq salınan Qafqaz anlayışını Azərbaycan anlayışı ilə bağlayan qaz hissəsidir. Yunan tarixçisi Herodot «Tarix» əsərində Qafqaz adını çəkmiş, Eratosfen isə Qafqaz adını Kaspios kimi işlətmişdir. Azərbaycan sözündəki az hissəsi ilə də bağlı olan Qafqaz anlayışına nəzər yetirəndə görürük ki, burada çox yaxınlıq var. Əgər Qafqaz məfhumunda Qaz tayfasının adı sözün ikinci hissəsi kimi verilərək, qazların yurdu, vətəni, dağı (kapı) deməkdirsə, Azərbaycan anlayışınında az sözün əvvəlində gələrək, (q)azların, az ərlərin varlı ölkəsi mənasını verir. Türk soyları arasında isə Az(s) xalqının olması isə artıq heç kəsdə şübhə doğurmur.
«Azərbaycan» sözündəki «az»la bağlı anlayışlarından biri də Kaspidir. Bu toponim özündə Qafqaz Albaniyasında yaşamış ən qədim, bəlkə də birinci olan kaspi tayfasının, daha doğrusu kaz/kasların adını əks etdirir. Bu baxımdan Xəzər, Kaspi və Azərbaycan sözləri birköklü, birmənalıdır və etnonim kimi «türk» anlayışı ilə bağıldır. Belə ki, «Xəzər», «Kaspi» və «Azər» anlayışlarının kökündə «az//qaz» tayfasının adı öz əksini tapmışdır.
Ərəb, fars və başqa Şərq mənbələrində erkən orta əsrlədən başlayaraq qazların, az ərlərin və xəz ərlərin də sahilində yerləşdiyi dəniz Xəzər, ölkə isə Xəzərlər və yaxud Azərbaycan adlandırılmağa başlanmışdır. Deməli, Xəzər adı «Azərbaycan»a aid bir istilah olmuş və onun ilkin, qədim formasıdır. Bu mənada «Azərbaycan» sözünün ilk, ən qədim forması «Atropatena» yox «Xəzər», «Xəzran», indiki anlamda «Xəzəristan» olmuşdur.
Fikrimizcə, «Aran»//«Arran», «Araz//Aras//Əras» sözü də «Xəzər»//«Xəzran», eyni zamanda «Azər», «Azərbaycan»la bağlıdır. Belə ki, birmənalı şəkildə türk sözü olan «Aran» türk tayfalarından birinin adıdır və «ərlər», «ərlər ölkəsi» mənasını verir. Yəni «Xəzran» xəzərlər-xəzərlər ölkəsi, «Aran» isə ərlər-ərlər ölkəsi deməkdir. Şübhəsiz, «Aran»dakı «ar//ər» məhz «azər» və «xəzər»dəki «ər» hissəsi ilə bağlıdır.
Xəzərdən sonra yaranmış ölkənin adı da Albaniya yox, Aran olmuş, ərəb mənbələri də daha dəqiq göstərərək Şimali Azərbaycanı «Arran», «Ərran» kimi yad etmişlər. Maraqlıdır ki, ərəblər Albaniyanın-Aranın varlığına tamamilə son qoyduqdan dərhal sonra (705-ci il) Şimali Azərbaycanı «Arran» adlandırmış, hətta «Arran» əmirliyi də yaratmışdır. Deməli, Şimali Azərbaycanı yalnız yunan-romalılar Albaniya adlandırıblar, ərəb mənbələri isə bu ərazini Ran (ər-Ran) və Arran kimi tanıyıblar.
Deməli, Azərbaycan xalqının qədim dövr tarixi yenidən araşdırılmalı, özəlliklə Atropatena və Albaniya adı ilə öyrəndiyimiz dövlətlərin həm adları, həm əhalisi, dili və s. məsələlər ciddi şəkildə tədqiqat obyektinə çevrilməlidir. Çünki, indiyə qədər bizə Atropatena (Strabon və ondan sonrakı müəlliflərin mülahizələri əsasında) adı ilə öyrədilən dövlət Xəzər//Xəzəristan// Xəzran//Kaspiana olmuş və bu dövlətin əsas, aparıcı əhalisi isə türk soylu etnoslar – azlar//kaslar//xəzərlər olmuşdur. Eləcə də yunan və roma mütəfəkkirləri tərəfindən «Alban//Albaniya» kimi qeyd olunan dövlətin ilk, doğma və yerli adı Aran olmuş və bu günə qədər Şimali Azərbaycan həm «Azərbaycan», həm «Xəzər», həm də «Aran» adı ilə anılmışdır.
Ola bilsin ki, «Aran» sözü hansısa formada – «ərlər», «cəsurlar» və s. «Alban» anlayışına yaxın olmuş və bu mənada avropalılar «Aran»ı «Alban» kimi qeyd ediblər. Bütün hallarda «alban» ölkə və millət adı kimi qəti şəkildə formalaşa bilməmiş, ona görə də yunan-romalılardan fərqli olaraq başqa qaynaqlar (suriya, ərəb, fars və b.) buranı ilk, yerli adı ilə Aran//Arran, Aranda yaşayan əhalinin dilini isə Aran//Arran dili kimi yad etmişlər. Bir sözlə, Aran dövləti və Aran dili birinci Xəzər dövlətinin süqutundan sonra meydana çıxmış, ikinci Xəzər dövlətinin yaranması ilə (VII əsr) yenidən öz yerini və mövqeyini onlara təhvil verməli olmuşdur. Çox güman ki, «Albaniya» və «alban xalqı» adlanan Aran dövlətinin süqutunda hakimiyyətdə olan türk sülalələrinin (aranlar, massagetlər və b.) sonralar qeyri-türk sülalələrlə (mehranilər və b.) əvəz olunması da mühüm rol oynamışdır. Ümumilikdə, Arran və Xəzər dövlətləri arasında soykök, mədəniyyət, dil, din və dövlətçilik bağlarının olmasına inanırıq.
«Azərbaycan» anlayışındakı «bay» hisəssi isə birmənalı şəkildə bu günə qədər də əksər türk tayfalarının işlətdiyi bəy/bay sözü ilə bağlıdır. «Bay» varlılıq, bolluq, eləcə də alilik, yüksəkliyi bildirməklə yanaşı, hətta tanrının adlarından biridir. «Azərbaycan» sözünün sonuncu hissəsi olan «can//qan//an» isə yer, ölkə deməkdir, yaxud da cəm şəkilçini bildirir. Deməli, «Azərbaycan» as ərlərin, ağ türklərin, oğuz bəylərin, xəzər bəylərin yaşadığı bəylər ölkəsi mənasını verir.
«Azərbaycan» anlayışının nə hərfi, nə də etnik mənada Atropatena ilə heç bir bağlılığı yoxdur. «Azərbaycan» sözü «Atropatena»nın nə fonetik, nə semantik, nə də başqa bir dəyişikliyi ola bilməz. Bütün mənalarda «Azərbaycan» anlayışı Atropatena deyil, Qafqaz, Xəzər, Oğuz və b. bütövlükdə «türk» anlayışı, türk etnoslarının adı ilə bağlıdır. Yunan-romalılar Atropatla bağlı, bu ərazini Atropatena adlandırıbsa, farslar da həmin adın farsdilli yozumu baxımından buranı «odun sahibi» mənasında, «odlar yurdu», yaxud da «Atropatın ölkəsi» kimi qələmə veriblərsə, bu heç də indi Azərbaycan adlanan dövlətin türk ölkəsi olmaması demək deyildir.
Sovet dövründə bəzi yerli və əcnəbi tarixçilər tərəfindən «türk» və «Azərbaycan» sözlərilə, bu anlayışlarla az və ya çox dərəcədə əlaqəli olan «az», «qafqaz», «aran-alban», «xəzər», «azəri» və s. kimi məfhumlarla bağlı elə dolaşıqlıqlar, düyünlər salınıb ki, bu məsələlər indiyə qədər də həllini tapmamış kimi görünür. Əslində bu dolaşıqlıqların, ziddiyyətlərin yaranmasında vaxtilə, xüsusilə SSRİ dövründə marağı olan xarici və bəzi daxili qüvvələr mövcud olmuş və indi də mövcuddur. Onlar bu gün də Azərbaycan Respublikasında çoxluq təşkil edən türk millətini danmaq yolu tutublar. Bunun da nəticəsində bu gün yetişməkdə olan türk gəncliyi (fikrimizcə, bu gün azsaylı etnik qruplar etnik mənşələrini dərk etməkdə Azərbaycan türkləri qədər əziyyət çəkmirlər) müəyyən mənada millətinin «türk», «azərbaycanlı», «azəri», «alban», «qafqazlı», hətta «müsəlman» olub-olmaması ilə bağlı dəqiq bir fikrə gələ bilmirlər. Daha doğrusu, böyüdüyü ailədən, yetişdiyi və düşdüyü mühitdən, təhsil aldığı müəllimlərindən və başqa təsirlərdən asılı olaraq, bu məsələni sanki həll edirlər: bəziləri özünü türk, yaxud «müsəlman», digərləri «azərbaycanlı» və yaxud «azəri» və s. hesab edirlər. Beləliklə, bu problem həll edilməmiş qalır.
Özəlliklə «türk», «Azərbaycan» anlayışları milli mənəvi dəyər kimi yalnız tarixi baxımdan yeni yetişən nəsilə quru faktlarla çatdırılmamalıdır, həmçinin bu anlayışların elmi, fəlsəfi, siyasi, etnik və ideoloji mənaları izah olunmalıdır. Burada məqsəd hansısa şəxsi, qrup, partiya və hakimiyyət maraqlarına görə, yeri gələndə türk, azərbaycanlı, azəri, alban və yaxud da müsəlman olmaq deyil, Azərbaycan adlı məmləkətdə yaşayan əsas millətin soykökü, dili, mədəniyyəti, tarixi və s. məsələsini birdəfəlik həll edib, onu yalnız öz adı ilə adlandırmaq olmalıdır. Fikrimizcə, bu gün dilimizin – Azərbaycan dili, türkdilli azərbaycan dili, türk dili, Azərbaycan (türk) dili, türk (Azərbaycan) dili, azəri dili, Azərbaycan türkcəsi, eləcə də millətimizin – türk, azərbaycanlı, azəri, müsəlman, qafqazdilli alban, Azərbaycan türkü, Azərbaycan milləti, farsdilli midiyalı (guya indi türk dillərindən birində danışan azərbaycanlı), türkdilli azərbaycanlı (bu zaman məlum olmur ki, ümumiyyətlə etnik baxımdan hansı millət – türkdilli türklərmi?!, qafqazdilli albanlarmı, farsdilli midiyalılar-farslarmı və b. nəzərdə tutulur?) və s. müxtəlif adlarla öz əksini tapması insanların şüurunda qarmaqarşıqlıq, xaos yaradır.
Fikrimizcə, hər bir Azərbaycan vətəndaşı öz milli mənşəyini, danışdığı dilin adını dəqiq bilməli və məxsus olduğu millətin keçmişinə aid olan nə varsa ona sahib çıxmalı, gələcəyə inamla baxmalıdır. Hər bir Azərbaycan vətəndaşı, ailəsi, dəqiq və konkret şəkildə bilməlidir ki, onun ailəsində böyüyən uşaqlara hansı milli ruh, mədəniyyət, tarix, adət-ənənələr və s. öyrədilməlidir.
Bu gün, milli mənsubiyyət məsələsində Konstitusiyaya əsasən əsas vurğu «Azərbaycan» üzərində qoyulur: Azərbaycan milləti, Azərbaycan xalqı, Azərbaycan dili, Dünya Azərbycanlıları və s. Konstitusiya baxımından bu məsələ qəti şəkildə həll edilmiş kimi göstərilir və bu sahədə yeni-yeni kitablar işıq üzü görür, kütləvi elektron və informasiya vasitələrində yüzlərlə fikirlər səslənir, məqalələr yazılır. Ancaq maraqlıdır ki, «Azərbaycan xalqı», «Azərbaycanlı», «Azərbaycan dili» və s. bu kimi anlayışları təbliğ edənlər bir çox məsələlərin həllində çətinlik çəkərkən «türk» amilinə üz tutur və bundan da istifadə edirlər. Əlbəttə, azərbaycanlı olaraq da türk olmaq mümkündür. Lakin ölkə daxilində eyni kökə, dilə, mədəniyyətə malik olan və çoxluq təşkil edən millət iki, üç və daha çox adla adlandırılırsa (azərbaycanlı, azəri, türk və b.), ən azı bunun, yalnız siyasi və tarixi mənada deyil, həm də elmi, fəlsəfi və ideoloji izahları olmalıdır. Azərbaycanın tarixini öyrənən yeni nəsil mövcud akademik nəşrlərdə Azərbaycan milləti, Azərbaycan dili, Azərbaycan dövləti və s. kimi anlayışları görmürsə, yalnız vaxtilə və indi Azərbaycan adlanan ərazilərdə türk tayfalarından, türk dövlətlərindən, eləcə də Mannadan, Albaniyadan, Atropatenadan və digərlərindən söhbət gedirsə, bu qarışıq və dolaşıq tarixin içindən necə baş çıxara bilər? Azərbaycan tarixinə, fəlsəfəsinə, ədəbiyyatına, mədəniyyətinə və s. dair yazılmış kitabların müəllifləri «türk», «Azərbaycan», «Albaniya», «Atropatena» və b. məfhumların izahında vahid konsepsiyadan çıxış edə bilmirsə, yeni nəsil hansı formada öz keçmişinə sahib çıxıb, hansı ideya və ya ideyalar əsasında bu gününü və gələcəyini müəyyənləşdirə bilər?
Milli ideologiya elə milli mənəvi dəyərlərə, ideyalara və obyektiv, dəqiq prinsiplərə əsaslanmalıdır ki, onu heç bir zaman dəyişdirmək mümkün olmasın. Milli ideologiya bütün hakimiyyətlərdən, şəxsiyyətlərdən, partiyalardan və b. maraqlardan üstün tutulmalıdır. Yalnız bu halda milli ideologiya sağlam şəkildə formalaşdırıla bilər. Bir sözlə, SSRİ dövründə «türk», «Azərbaycan» və b. anlayışlara verilən saxta elmi izahlardan biryolluq əl çəkib, XX əsrin əvvəllərində, xüsusilə 1918-1920-ci ildə təməli qoyulub, 1920-ci il aprel işğalından başlamış 1937-ci illərədək bu və ya digər formada yaşadılan milli ideyalara üz tutmalıyıq. Əgər həmin dövrdə yaradılmış, hətta SSRİ işğalının ilk illərində belə öz mənasını qoruyub saxlamış milli ideyaları dərindən mənimsəsək, görərik ki, bu gün yeni hər hansı bir ideologiya yaratmağa ehtiyac yoxdur.