ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ və ona sərhəd rayonlarda intensiv olaraq monitorinq aparır. Düzdür, əsas münaqişə bölgəsi də məhz bu regiondur və Azərbaycanla Ermənistanın cəbhə xəttindəki atəşkəs rejimin pozulması daha çox bu bölgədə müşahidə edilir. Amma nəzərə alaq ki, atəşkəs rejimi ilə bağlı imzalanan “Bişkek protokolu”na görə münaqişə tərəfi Azərbaycan və Ermənistandır, onda Minsk qrupunun monitorinqləri ilə bağlı bəzi suallar ortaya çıxır. Münaqişə tərəfi Azərbaycan və Ermənistandırsa, Azərbaycanın düşmən dövlətlə yerləşən digər sərhəd bölgələrində niyə monitorinq aparılmır? Xüsusilə son zamanlar ermənilərin Naxçıvan istiqamətində atəşkəsi pozması ilə bağlı hallar mövcuddur. O da bəllidir ki, bəzi kütləvi informasiya vasitələri Naxçıvan istiqamətində erməni silahlı birləşmələrinin kəşfiyyat-diversiya hərəkətləri haqda həyəcanlandırıcı məlumatlar yayır. Hər halda, fakt budur ki, Naxçıvan da Ermənistanla sərhəddə yerləşir və bu regionda da atəş səsləri eşidilir. Bəs Minsk qrupu niyə Naxçıvandakı atəşkəs rejiminin pozulması hallarını araşdırmır?
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az saytına açıqlamasında bildirib ki, Azərbaycan Naxçıvanda insidentlərin araşdırılması üçün ATƏT qarşısında məsələ qaldırmalıdır.
“Bu zaman güman etmək olar ki, ATƏT bu işə cəlb oluna bilər. Ancaq məsələ burdadır ki, Naxçıvanın xüsusi statusu var. Bu status 1921-ci ildə Türkiyə ilə Rusiya arasında imzalanmış “Qars müqaviləsi” ilə tənzimlənir. Bu müqaviləyə görə Türkiyə Naxçıvanın təhlükəsizliyi üzərində qarant rolunu oynayır. Bəzi qüvvələr hesab edir ki, Türkiyə Naxçıvana qarşı təxribatlara reaksiya verməyəcək. Türkiyə Naxçıvana qarşı istənilən silahlı müdaxiləni öz ərazisinə verdiyi reaksiya kimi qarşılayacaq. Azərbaycan tərəfi Türkiyə ilə bu məsələləri nizama salmağa çalışır”,-deyə Q. Hüseynli şərh edib.
Ekspert onu da bildirib ki, Türkiyə də Minsk Qrupunun üzvü kimi Naxçıvanda monitorinqlər aparılması üçün təşkilat daxilində məsələ qaldıra bilər.
“Türkiyə Minsk Qrupunda təmsil olunan qüdrətli türk-müsəlman dövlətidir. Mən bu bölgünü ona görə aparıram ki, bu təşkilatda xristian təəssübkeşliyi beynəlxalq hüquq normalarını üstələyir. Bu baxımdan Türkiyənin Minsk Qrupunda daha aktiv olmasına, ehtiyac var”.
Hərbi sahə üzrə ekspert Üzeyir Cəfərov isə Modern.az saytına həmsədrlərin Naxçıvanda monitorinq aparmasının birbaşa borclu olduğunu bildirib.
“Azərbaycanla Ermənistan arasındakı konflikt vəziyyətinin nizama salınması Minsk Qrupu həmsədlərinin borcudur. Söhbət ümumilikdə, Azərbaycanla Ermənistan sərhədində baş verən insidentlərdən gedir. Biz bu məsələdə Naxçıvanı ayırmamışıq, ayıra da bilmərik. Onların Naxçıvandakı vəziyyətlə maraqlanmaları vəzifə borclarıdır. Amma bəzi mətbuat orqanlarının yazdığı qədər Naxçıvanda gərginlik yoxdur”.
Ü. Cəfərov düşünür ki, onsuz da Minsk Qrupunun keçirdiyi monitorinqlər formal xarakter daşıyır və Azərbaycan bu qurumdan imtina etməlidir. Ekspert onu da qeyd edib ki, həmsədrlər Naxçıvanda reydlər keçirsə belə, bu ümumi vəziyyəti düzəltməyəcək.
Aqşin Kərimov