Modern.az

Əhliman Əmiraslanov: “Azərbaycan məhv olmaq təhlükəsindən qurtuldu”

Əhliman Əmiraslanov: “Azərbaycan məhv olmaq təhlükəsindən qurtuldu”

Təhsil

12 İyun 2014, 15:25


Bu gün Azərbaycan Tibb Universitetində “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə millət vəkilləri, tibb sahəsində tanınmış mütəxəssislər və digər qonaqlar iştirak ediblər.  

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov iştirakçıları bayram münasibəti ilə təbrik edib. Rektor 15 iyunu sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün kimi xarakterizə edib.

“Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması Azərbaycanın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olub”.

ATU-nun  rektoru qeyd edib ki, həmin vaxt baş verən hadisələr hamının gözü qarşısında cərəyan edib: “Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtuldu, Naxçıvan 1 qarış da torpaq itirmədi, Azərbaycanın ərazi bütövlüyü, dövlətçiliyi qorunaraq saxlanıldı”.  

Ə.Əmiraslanov onu da vurğuladı ki, məhz Heydər Əliyevin gərgin zəhməti və siyasi iradəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz bəhrəsini verməkdədir: “Azərbaycanda bütün sahələrdə inkişaf qeydə alınır, iqtisadiyyatımız güclənir. Səhiyyə, təhsil sahəsindəki nailiyyətlərimizdə, ümumiyyətlə dövlət müstəqilliyimizdə məhz ulu öndərə borcluyuq. Ən əsası isə o, Azərbaycan üçün İlham Əliyev kimi möhtərəm bir prezident yetişdirib. Və bu gün Azərbaycan son dərəcə uğurla irəli addımlayır”.    

Millət vəkili  Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının toplantısının keçirildiyini xatırladıb: “Bakıya dörd ölkənin parlamentinin spikeri gəlib. Onlar əvvəllər də Bakıda olublar. Amma təəccüblərini gizlədə bilmirdilər, heç yerdə, dünyanın heç bir ölkəsində bu cür inkişafı, belə sürətli dəyişikliyin şahidi olmadıqlarını bildirirdilər. Bütün bunlar bir daha Azərbaycanın doğru yolda olduğunun, inkişafa doğru addımladığının göstəricisidir”.  

Toplantıda daha sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət Həsənova  çıxış edərək 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, belə bir dövrdə xalqın və ziyalıların təkidi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin xilaskarlıq missiyasından danışıblar. Onlar Heydər Əliyevin yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimizin dönməz xarakter aldığını, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər gördüyünü vurğulayıblar.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu