Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev növbəti səyyar qəbul-görüşü rayonun Aşağı Yağlıvənd kəndində keçirib. Səyyar qəbul-görüşdə Milli Məclis sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova, rayonun idarə, müəssisə və hüquq mühafizə orqanları rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində Prezident İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlar barədə danışan Alı Alıyev qeyd edib ki, müraciətlərə diqqətlə yanaşılması, şikayətlərin yaranmasına səbəb olan nöqsanların təhlili, narahatlıq doğuran amillərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması qarşıda duran əsas vəzifələrdən biridir.
Alı Alıyev bildirib ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.
Rayon İcra Hakimiyyətinin başçısı son vaxtlar gənclərin və yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinə rayonda ciddi diqqət yetirilməsinin ölkədə aparılan siyasi işlərlə ahəngdarlıq təşkil etdiyini vurğulayıb. Qeyd edib ki, son aylar ərzində rayondan 1000-ə yaxın gənc sərhəd qoşunlarında, daxili qoşunlarda, milli ordu sıralarında xidmətə yollanmış, həqiqi hərbi xidmətə getmiş, polis orqanlarında işə qəbul olunub. 30 nəfərə yaxın gənc isə ali hərbi məktəblərə və hərbi liseyə göndərilib.
Milli Məclis Sədrinin müavini Bahar Muradova səyyar qəbulda çıxış edib.
Görüşdə kənd sakinlərinin müraciətləri, arzu və təklifləri dinlənilib. Kənd sakinləri tərəfindən uşaq bağçasının inşası, işıq, su təchizatı, daxili yolların təmiri ilə bağlı qaldırılan təkliflər icra başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin isə həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Görüş zamanı çıxış edənlər ərazidə aparılan abadlıq quruculuq işlərindən, məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən danışmış, öz razılıqlarını bildiriblər.
Modern.az