Bu gün Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) V plenar iclası öz işinə başlayıb.
Modern.az- ın xəbərinə görə, iclasda türkdilli dövlətlərin rəsmi nümayəndələri iştirak edir. İlk olaraq iclasın gündəliyi qəbul olunub. Daha sonra çıxış edən TürkPA-nın fəaliyyətdə olan sədri, Milli Məclisin sədri Oqtay Əsədov qonaqları salamlayaraq deyib: "Bu gün bizlərin bir araya gəlməsinin səbəbi TürkPA-nın V plenar iclasında iştirak etməkdir. Əminəm ki, sessiya işini uğurla başa vuracaq. TürkPA-nın dünyadakı nüfuzu günbəgün artır. Buna birgə səylər nəticəsində nail olmuşuq.
Təşkilat çərçivəsində görülən işlər türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir". Spiker qurumun təsis edilməsində və səmərəli fəaliyyətində dövlət başçılarının iradəsinin mühüm rol oynadığını vurğulayaraq, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının bu yaxınlarda Bodrumda keçirilən iclasının nəticələrini yüksək dəyərləndirib: "Azərbaycan-Türkiyə münasibətləri dünyada analoqu olmayan münasibətlər olmaqla yanaşı, həm də türk dünyasının daha sıx inteqrasiyası üçün bir növ özül rolu oynayır. Bu gün Azərbaycanla Türkiyə həyatın bütün sahələrində əməkdaşlıq edir. İndiyədək dövlətlərimiz arasında 190-a yaxın sənəd imzalanıb, daha 15-i isə baxılmaq üzrədir".
İqtisadi əlaqələrdən söhbət açan sədr ticarət dövriyyəsinin həcmini daha da artırmaq üçün geniş imkanlar olduğunu söyləyib: "Ölkələrimizin iqtisadiyyatına qarşılıqlı investisiyalar qoyulur. Azərbaycanın Türkiyədə investisiya yatırımının həcmi 4,5 milyard ABŞ dolları civarındadır. Gələcəkdə bu göstəricinin 20 milyarda çatdırılması nəzərdə tutulur. Birgə həyata keçirdiyimiz transmilli enerji, nəqliyyat layihələri nəinki bölgənin, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin olmasında mühüm rol oynayır. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın dövlət büdcəsi 20 milyardan çox olub".
Parlamentin sədri çıxışında həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunub. O bildirib ki, Azərbaycan torpaqları 20 ildən çoxdur ki, ermənilərin işğalı altındadır: "İnanıram ki, tezliklə münaqişə beynəlxalq qurumların dəstəyi ilə öz həllini tapacaq".
Qazaxıstan Parlamenti Məclisinin sədri Kabidulla Djakupov da çıxışında vurğulayıb ki, ölkəsi 2015-16-cı illərdə BMT TŞ-nin qeyri-daimi üzvlüyünə Türkiyənin namizədliyini, 2011-18-ci illərdə isə BMT-nin qurumuna iqtisadi və sosial komissiyasında Azərbaycanın namizədliyini dəstəkləyir: "Bizim üçün əsas olan parlamentarası əməkdaşlığın uzunmüddətli inkişaf strategiyasıdır. Odur ki, Assambleya çərçivəsində türkdilli dövlətlərin inkişafını artırmaq üçün yol xəritəsi hazırlanmalıdır. Bu sənəddə parlamentlərarasındakı inkişaf etmə sxemi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın əhəmiyyətlərinin xüsusiyyətləri qeyd olunmalıdır".
Türkiyə Böyük Millət Məclisinin sədri C. Çiçək parlament nümayəndə heyətlərinin mütəmadi görüşlərini təqdirəlayiq hesab edib. O, Türkiyə tərəfinin TürkPA-ya sədrliyi dönəmində görülən işlərdən söz açaraq, qurumun türk dünyası üçün böyük əhəmiyyət daşıdığını ifadə edib. O. Əsədova təşkilata sədrliyi qəbul edən tərəf kimi gələcək fəaliyyətində uğurlar arzulayan C. Çiçək Türkiyə ilə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu xüsusi vurğulayaraq, əməkdaşlığımızın gələcəkdə daha da dərinləşməsi üçün parlamentarilərin üzərinə də böyük vəzifə düşdüyünü söyləyib. Çıxışların ardınca spiker Oqtay Əsədov TürkPA-da müşahidəçi statusunu Macarıstan Milli Məclisinə verib.
Qeyd edək ki, toplantıda TürkPA-nın fəaliyyətinin məzmunu barədə müzakirə aparılacaq, hesabat məruzələri dinləniləcək. İclasın gündəliyinə daimi komissiyalara sədr və sədr müavinlərinin seçilməsi, Azərbaycanda keçirilən prezident seçkilərinə dair qurumun hesabatı və TürkPA-nın 2015-ci il büdcəsinin təsdiqi də daxildir.
Gültəkin ƏLƏSGƏR