“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının üçüncü iclası 16-19 iyun 2014-cü il tarixində Yunanıstanın Salonik şəhərində keçirləcək. Bununla bağlı BGİ-nin katibliyi bu gün Yunanıstanın Saloniki şəhərinə yola düşüb. Bu barədə Modern.az-a təşkilatın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov və BGİ-nin sədri və Milli Məclisin deputatı Fuad Muradov Üzvlər Şurasının iclasında iştirak edəcək. Üzvlər Şurasının iclasına Salonik şəhər meriyası, Azərbaycan Gənclər və İdman Nazirliyi və Yunanıstan Təhsil Nazirliyi, dəstək verib. “Saloniki- Avropa Gənclər Paytaxtı 2014” çərçivəsində keçirilən tədbirin rəsmi açılış iclasında Yunanıstanın Təhsil Nazirliyi, gənclər üzrə Baş Katibi və “Saloniki-Avropa Gənclər Paytaxtı 2014” qurumunun və UNESKO-nun Yunanıstandakı Milli Komissiyasının nümayəndələri qatılacaq.
30 ölkəni təmsil edəcək gənclər təşkilatının nümayəndələri təşkilatın cari məsələlərini, 2015-ci il üçün fəaliyyət planını və yeni üzvlərin təşkilata qəbul olunması ilə bağlı müraciətləri müzakirə edəcəklər. 4 gün davam edəcək tədbirdə bir sıra yerli təşkilatlarla rəsmi görüşlərin keçirlməsi nəzərdə tutulub.
Modern.az