Modern.az

Gəncəlilər icra başçısı Elmar Vəliyevdən kömək istədilər - FOTOLAR

Gəncəlilər icra başçısı Elmar Vəliyevdən kömək istədilər - FOTOLAR

Təhsil

13 İyun 2014, 13:34



İyunun 10-da baş vermiş təbii fəlakət nəticəsində evlərinə ziyan dəymiş sakinlərlə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev növbəti dəfə görüş keçirib.

Modern.az xəbər verir ki, görüşdə çıxış edən Elmar Vəliyev güclü qasırğa ilə müşayiət olunan leysan yağışlarının şəhərə böyük ziyan vurduğunu söyləyərək deyib ki, yüzlərlə evin dam örtüyü sıradan çıxıb, evləri, zirzəmiləri su basmış, yüzlərlə nəhəng ağac aşıb, çox sayda işıq dirəkləri, dayanacaqlar, zibil qabları, oturacaqlar, reklam lövhələri yararsız hala düşüb, onlarla avtomaşına, eləcə də bir neçə insana xəsarət dəyib.
Təbii fəlakətdən sonra dərhal şəhər İcra Hakimiyyətində qərargah yaradılıb, çıxılmaz vəziyyətdə qalmış vətəndaşlara təcili olaraq yardımlar edilib. Baş vermiş fəlakətlə bağlı fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin rəhbərliyi ilə bir qrup mütəxəssis Gəncəyə ezam olunub ki, onlar da hazırda vətəndaşlara dəymiş ziyanın müəyyənləşdirilərək sənədləşdirilməsi ilə məşğuldurlar. Bütövlükdə şəhər sakinlərindən 1000-dən artıq müraciət daxil olub. 

İcra başçısı dəymiş zərərin aradan qaldırılması üçün «Qaynar xətt»in fəaliyyət göstərdiyini bildirib. Təcili təmirə ehtiyacı olan 20-dək çoxmərtəbəli binanın, 30-dək fərdi evin dam örtüyünün dəyişdirilməsinə başlanılıbr. Respublika prezidenti İlham Əliyevin tam nəzarətində olan təbii fəlakətin törətdiyi fəsadların təcili olaraq aradan qaldırılması və sakinlərə hər cür köməkliklər göstərilməsi üçün artıq bərpa işlərinə start verilib. 

E.Vəliyev deyib ki, ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq vətəndaşa dəyən ziyan dövlət tərəfindən qarşılanacaq və problemlər aradan qaldırılacaq. Hazırda şəhərin, eləcə də respublikanın müvafiq təşkilatları səfərbərliyə alınaraq bütün qüvvələr təbii fəlakətin törətdiyi dağıntıların tezliklə aradan qaldırılmasına yönəldilib. 

“Ziyan çəkmiş hər bir şəhər sakini əmin ola bilər ki, o, dövlətin qayğısından kənarda qalmayacaq”.

Sonra söz təbii fəlakətdən ziyan çəkmiş sakinlərə verilib. Nərimanov prospektinin sakini Zahid Qurbanov, Puşkin küçəsinin sakini Mürsəl Orucov, Əziz Əliyev küçəsinin sakini Arifə Qasımova və başqaları çıxış edərək təbii fəlakət nəticəsində yaşadıqları evlərin qəzalı vəziyyətə düşməsindən danışıb və  dövlətdən kömək istəyiblər. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev həmin vətəndaşlara bildirib  ki, narahatlığa heç bir əsas yoxdur. Ziyan dəymiş bütün evlər bərpa ediləcək.

Görüşdə çıxış edən Samir Pişnamazzadə qısa vaxt ərzində evinin dam örtüyünün dəyişdirilməsinə görə ölkə başçısına minnətdarlığını bildirib.  Samirə Səfərəliyeva isə təbii fəlakət zamanı yıxılan ağacın altında qalan körpəsinin müalicəsi üçün yardıma ehtiyacı olduğunu bildirib və onun xahişi yerindəcə həll olunub.

Görüş zamanı salonda qoyulmuş böyük monitorda təbii fəlakət zamanı ziyan dəymiş bütün evlərin fotoşəkilləri də nümayiş etdirilib.

Qəbuldan sonra şəhər rəhbərliyi fəlakətdən ziyan çəkmiş və evləri qəzalı vəziyyətdə olan sakinlərin evlərinə baxış keçirib.







Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu